Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
28 sentyabr 2020 10:52
486

Yardımlıda son tunc - erkən dəmir dövrü kurqanlarında arxeoloji qazıntılar aparılır

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası rayonun Alar və Arvana kəndlərində son tunc - ilk dəmir dövrünə aid kurqanlarda arxeoloji qazıntılar aparır. Ekspedisiya Alar kəndindəki Sarıbulaq yaylaqlarında 2014-cü ildə aşkar etdiyi kurqanlarda qazıntı işlərini davam etdirir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, bu ilki tədqiqatlar zamanı kamerası daş qutu tipli olan kurqanın örtüyündən dən daşı alətinin fraqmentləri və dəfn kamerasındakı insan qalıqlarının yanından isə saxsı qablar, tuncdan müxtəlif bəzək əşyaları, toxuculuqda istifadə olunan iy başlığı (əyircək) tapılmışdır.

Digər kurqanda aparılmış arxeoloji qazıntılar nəticəsində isə qurbangah aşkar edilmişdir. Qurbangahda 1.6 metr dərinlikdən müxtəlif saxsı fraqmentləri, ocaq izləri və kömür qalıqlarının tapılması burada konkret olaraq insan dəfninin deyil, ritual dini ayinlərin icra edildiyi faktını ortaya çıxarır. Məhz əvvəlki illərdə də qazılmış bir neçə kurqanlarda insan dəfninə rast gəlinməməsi bilavasitə Sarıbulaq kurqan çölündə bəhs olunan dövrdə məskunlaşmış əhalinin yarımköçəri yaylaq maldarlığı ilə məşğul olduğunu və bu baxımdan mövsümi dəfnlərin icra edildiyini göstərir.

Müqayisəli təhlillərə əsasən bu abidələr dəmir dövrünə - e.ə. VIII-VII əsrlərə aid edilir.

Ekspedisiya eyni zamanda Dərəkeçməz, Savaş və Şahnişin yaylaqlarında tunc-ilk dəmir dövrünə aid yeni abidələr qeydə almışdır.