16 noyabr 2020 14:01
858

Yüz iki yaşlı Azərbaycan Ədliyyəsi

Ədliyyə işçiləri növbəti peşə bayramlarını qələbə ayında qeyd edirlər

Bu yazını qələmə alanda istər-istəməz sentyabrın 27-dən, yəni xalqımızın haqq savaşına qalxdığı vaxtdan noyabrın 10-da Qələbəni qeyd etdiyimiz günə qədər baş verənləri,  oxuduqlarımı, eşitdiklərimi bir daha xəyalımda canlandırdım. Bizi böyük Qələbəyə yaxınlaşdıran hər günün həyəcanını yenidən yaşadım. Böyük intizarla gözlədiyim Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Twit”lərinin qələbə müjdəli xəbərlərinə yanaqlarımdan süzülən sevinc göz yaşlarını, qəlbimi fərəhlə dolduran o unudulmaz anları həyatımın ən gözəl anı kimi bir daha xatırladım. Noyabrın 10-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin  xalqa müraciətini dinlədikcə keçirdiyim kövrək hissləri isə hələ də unuda bilmirəm. Özümü xoşbəxt hesab edirəm ki, müstəqil Azərbaycanın ədliyyə orqanlarında çalışan insanlardan biri kimi peşə bayramımızı ölkəmiz üçün olduqca əlamətdar, tarixə qızıl hərflərlə yazılan Qələbə dolu bir ayda qeyd edirik. Bu günlər hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı üçün olduqca yaddaqalan, sevincli, fərəhli günlərdir.

Azərbaycan tarixi Qələbəsi ilə sevincli günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim zərurətə çevirir. 30 illik nisgilə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi Qələbənin sevinci fonunda 28 ildə Azərbaycanın hansı mərhələlərdən keçdiyinə qısa da olsa nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkəmiz həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan dövlətimizin müstəqil siyasəti, hər addımda xalqın maraqlarının öndə saxlanılması, Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyinin ən yüksək tribunalardan bəyan edilməsi, ən əsası işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının  yekunda qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tarixi Qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: “Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi… Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”.

Keçilən yola tarixi baxış

1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu olaraq yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilib. Cümhuriyyətin yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib.1918-ci ilin noyabrın 22-də nazirliyin funksiya və səlahiyyətlərini müəyyən edən ilk Əsasnaməsi təsdiq edilərək onun sonrakı fəaliyyətində əsas tutulub.      

1920-ci ilin aprelin 28-də Azərbaycanda milli hakimiyyəti devirdikdən sonra Hərbi İnqilab Komitəsinin qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Onun yerində yaradılmış Xalq Ədliyyə Komissarlığının aparatı dəyişdirilib və  milli düşüncəli istiqlalçı kadrlar bu sistemdən uzaqlaşdırılıblar.  Bundan sonra yerli ədliyyə sistemi kommunist hakimiyyətinin möhkəmləndirilməsinə, milli maraqların aradan qaldırılmasına,  repressiya maşınının qanlı əməllərinə hüquqi don geyindirilməsinə xidmət edib.

1930-cu ildə Ədliyyə Komissarlığı da ləğv edilərək onun funksiyaları Prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlar arasında bölüşdürülüb.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də  Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin  təsis edilməsi ilə  ölkəmizin ədliyyə tarixində yeni mərhələ başladı.  Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirməyə, əhaliyə göstərilən hüquqi yardımı yaxşılaşdırmağa, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etməyə başladı,  ədliyyə işi təkmilləşdirilərək bu sahənin gələcək inkişafına zəmin yarandı.

Ölkəmiz müstəqillik yoluna qədəm qoyandan sonra xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün bir sıra mühüm  tədbirlər görüldü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi 22 noyabrın ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və ümummilli lider Heydər Əliyevin  2000-ci il noyabrın 11-də imzaladığı  Sərəncamı ilə 22 noyabr- Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olundu. 

Müstəqillik illəri və Azərbaycan Ədliyyəsi

         Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına da xüsusi diqqət yetirib. Onun 1998-ci il dekabrın 1-də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” imzaladığı Fərman  qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin  təşkili, peşəkar hakim korpusunun formalaşmalaşdırılması və digər konseptual məsələlərin həllinə yönəlmişdi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də hüquqi islahatlar kursunu davam etdirib. Prezidentin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə 2006-cı il yanvarın 19-da  imzaladığı tarixi Fərmanı vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş və bu sahədə bir sıra mütərəqqi yeniliklərə meydan açmışdır. Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm hüquqi sənədlərdən olan Azərbaycan Ədliyyəsinin inkişafına dair Dövlət proqramlarının qəbul edilməsi ədliyyə orqanlarının, məhkəmələrin dinamik inkişafının təmin edilib, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə səbəb olub. Ölkə başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il  fevralın 10-da imzaladığı Sərəncam ölkəmizin hüquq sistemində yeni bir yanaşmanın əsasını qoyub.

Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasıdır. Müasir texnologiyalar, hüquqi və innovativ islahatlar bu sahəyə də  tətbiq edilib. Belə ki, “Vətəndaşlıq Vəziyyəti Aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin formalaşdırılması hüquq və informasiya sahələrində daxili və beynəlxalq təcrübəni nəzərə almaqla müasir proqramlaşdırma mühiti və yeni informasiya mühafizəsi metodları əsasında sistemin fəaliyyətini təmin edən tətbiqi proqram təminatı 2008-ci il iyulun 1-dən etibarən tam gücü ilə istifadəyə verilib.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial-müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin olunması, əhalinin mənəvi sağlamlığının müdafiə edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.

        Dövlət başçısının 2012-ci il 13 iyul tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri yaradılıb. Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri də fəaliyyət göstərir. Dünya miqyasında Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində insanlara yüksək keyfiyyətli xidmətlər göstərilməsində qeydiyyat şöbələrinin xüsusi yeri var. 9 milyona yaxın insanın faydalandığı "ASAN xidmət" mərkəzlərində çoxsaylı əməliyyatlar məhz ədliyyə işçiləri tərəfindən həyata keçirilib və ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayı 20-ni ötüb.

Ədliyyə işçilərinin xeyir-duası ilə doğma Qarabağımızda yeni ailələr qurulacaq

        Artıq iki onillikdir ədliyyə işçiləri Ümummilli Liderin imzası ilə təqvimə daxil edilən peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

İndi xalqımız Azərbaycan tarixinin yeni bir mərhələsini yaşayır. Əhalisinə görə dünyada 90-cı və ərazisinə görə 114-cü ölkə olan Azərbaycan nüfuzlu “US News”un hesabatına əsasən, dünyada 45-ci gücə çevrilməyi bacarıb. Azərbaycan bunu 44 günlük hərb meydanında qazandığı zəfərlərlə sübut edərək öz tarixi torpaqlarının böyük bir qismini düşmən tapdağından azad etdi. Bizi qarşıda daha böyük işlər gözləyir. Belə ki, işğaldan azad edilən ərazilərimizdə yenidən həyat canlanacaq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Qarabağ torpaqlarına, işğaldan azad olunmuş bütün torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir. Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır”.

Yeri gəlmişkən deməliyəm ki, işğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Hətta ölkəmizdə məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılması məqsədilə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi - “Böyük Qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqları qayıtdıqca həyat da canlanır. Torpaqlar işğaldan azad edildikcə “Böyük Qayıdış” da davam edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq artıq polis şöbələrinin işğaldan azad edilən ərazilərə köçürülməsinə başlanılıb.

Əlbəttə ki, Qarabağın işğaldan azad olunan bütün ərazilərində Azərbaycan ədliyyə sistemi fəaliyyətini bərpa edəcək və ədliyyə orqanlarının yerli şöbələri yeni bina və müasir avadanlıqlarla təmin ediləcək.

Lap yaxın vaxtlarda yurddaşlarımızın həsrətində olduğu ərazilərdə yeni həyat başlanacaq, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda....  ilk nikahlar kəsiləcək, yeni qurulan ailələrə şəhadətnamələr  təqdim edəcək. Yeni ailə izdivaclarına ilk xeyir-dua verənlərdən biri də ədliyyə işçiləri olacaq.

Hərdən düşünürəm ki, görəsən milli qürur yerimiz, başımızın tacı Şuşamızda ilk nikaha kim şahidlik edəcək, bəylə-gəlinə ilk nikah şəhadətnaməsini kim təqdim edəcək. Bütün bunları fikirləşdikcə insan qürurlanmaya bilmir.

İllərdən bəri arzusunda olduğumuz, böyük intizarla gözlədiyimiz həmin günləri yaşamağa dəyər...

Qarabağ Azərbaycandır!  

Rəşidə Mənəfova,

1 sayli Baki “ASAN xidmət” mərkəzində

Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi