30 iyul 2020 19:13
257

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Mənəvi sərvətimiz  olan ana dilimizi qoruyaq! 

Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük  xidmətləri olan   ulu öndər Heydər Əliyev  varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir.  Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini,  mədəni münasibətdə olduğu  xalqlar arasında ünsiyyət vasitəsi  kimi  başqa dillərə də  təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa  millətlərin  nümayəndələrinin verdikləri qiymətdən də aydın olur. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi  qəbul  edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi  olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.

Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli,  müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən, «Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir» söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki,  xalqımızın milliliyini,  mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. Ulu Öndər onu da bildirirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır: «Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki,  xalq qarşısında  böyük qəbahətdir.»  « Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!»  sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan  dilinə məhəbbətini ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki  dövründə  Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. Azərbaycan dilinə qayğını  dövlətimizin   siyasi –ideoloji vəzifəsi  hesab edən Ulu Öndər   «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında»  və « Azərbaycan  Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası   Qanununun tətbiq edilməsi barədə  fərmanları imzalamaqla   ədəbi dilimizin fəaliyyət imkanlarını daha da  genişləndirmiş, müxtəlif  üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyətimizin qarşısında  yeni üfüqlər açılmışdır.

 Qanuna müvafiq olaraq dövlət dilinin  təhsildə, mətbuatda, xüsusi adlarda, xidmət sahələrində, vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə,  reklamlarda  işlənməsi qaydaları, qanun pozulmasına görə  məsuliyyət müəyyənləşdirildi.

 «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın qəbulu əhəmiyyəti ilə diqqəti çəkdi. Fərmanda qeyd olunduğu kimi  latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi  qeyd olunması zəruri hesab olundu.

Milli varlığımızı təsdiqləyən,  dərin köklərə malik xalqımızın tarixi  kimi  qədim olan Azərbaycan dilinin təkmilləşdirilməsini müasir türk xalqları ilə  yaxınlaşmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılıq kimi dəyərləndirən,  «Dil siyasətində  sərhəd məhdudiyyəti yoxdur» söyləyən  ümummilli lider Heydər Əliyev  Azərbaycan xalqının, ana dilinin mənşəyinin öyrənilməsinə, formalaşmasına,  inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. «Xalqları dil qədər, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən  başqa vasitə yoxdur»,
 «Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir» söyləyən ümummilli lider Heydər Əliyev
  bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki,  onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən  asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur.  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi  diqqətlə yanaşan  ümummilli lider Heydər Əliyevin təklifinə və  ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.  Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, inkişafı, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni  özünüifadə ehtiyaclarının ödənilməsi imkanları genişləndi.

   Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə davam etdirən   Prezident İlham Əliyev  «Azərbaycan dilində latın qrafikası ilə  kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib  prioritetləri müəyyənləşdirdi. Sərəncama uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında  çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.  Yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsilə yayılması, latın qrafikasında  «Azərbaycan ədəbiyyatının virtual kitabxanası» yaradılması qarşıya məqsəd kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki,  «Elektron hökumət», «Elektron dərslik», «Elektron kitabxana» terminləri yarandı və bu sahədə önəmli uğurlar əldə olundu. «Azərbaycan Milli Ensklopediyanın nəşri haqqında» Sərəncam imzalandı.

     Prezident İlham Əliyevin 01.11. 2018-ci il tarixli  «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»kı Fərmanında  ana dilimizin qorunması  üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.

       Göründüyü kimi, Azərbaycan xalqı daim  milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, onların təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir. Bu fakt inkaredilməzdir ki, uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq,  milli xüsusiyyətlərimizi, mənliyimizi qorumuşuq. Dövlətimizin başçısı, eyni zamanda, bildirir ki, milli dəyərlərimiz ümumbəşəri  dəyərlər əsasında qurulub: «Hesab edirəm ki, qloballaşan dünyada xüsusilə gənc nəsil üçün milli-mənəvi dəyərlər xüsusi rol oynayır və oynamalıdır. Hər halda biz Azərbaycanda buna böyük əhəmiyyət veririk və onu da qeyd etməliyəm ki, başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz mədəniyyətinə, tarixinə, öz dininə olan hörmətdən başlamalıdır. Eyni zamanda, Vətənə bağlı olmayan, vətənpərvərlik hisslərindən kənar olan insanlar başqa mədəniyyətlərin nümayəndələrini də lazımi səviyyədə qəbul edə bilməzlər. Onlar, eyni zamanda, bəzi hallarda başqa mədəniyyətlərə qarşı olan, hörmətsizliyi də, əslində öz mədəniyyətinə olan hörmətsizlik əsasında qururlar. Ona görə də qloballaşan dünyada bu məsələlərə xüsusi diqqət göstərilməlidir.»

     Azərbaycanın ötən il UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahbiliyi bir daha tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılığına işıq saldı. Bu fikri böyük inamla qeyd edirik ki,  Azərbaycan  ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında  əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir.

Yeganə Əliyeva, «İki sahil»