10 sentyabr 2019 10:54
87

10 sentyabr - Ümumdünya İntiharın Qarşısının Alınması Günüdür!

Məlum olduğu kimi, 10 sentyabr - Ümumdünya İntiharın Qarşısının Alınması Günü (World Suicide Prevention Day) kimi qeyd olunur. İntiharın qarşısının alınması üçün yaradılmış Beynəlxalq Assosiasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsi üçün tədbirlər keçirməyə çağırır.

Psixoloq Zeynəb Eyyubova mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, intiharın təməli düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyən zaman qoyulur: “Onun mərkəzində, əsasən, fərdi psixoloji problemlər durur. İstənilən çətin anda belə düşünmək lazımdır ki, intihar çıxış yolu deyil. Və intihar etmək istəyən insan bir anlığa gözünün önünə öz intiharından sonra doğmalarının, əzizlərinin əzabını, əziyyətini, sonsuz kədərini, bir daha bərpa oluna bilməyəcək həyatlarını gətirməlidir. Onu da nəzərə almaq lazımdır ki, Allahın verdiyi canı almağa yalnız Allah qadir ola bilər. Adətən özünəqəsd üzün zaman davam edən xroniki depressiya halının son nöqtəsi olaraq qiymətləndirilir. İntihara meyilli olanlar əsasən özlərinə müəyyən xəsarətlər yetirir, özlərinə qapanır, cəmiyyətlə ünsiyyəti olduqca azaldırlar. Ümumi intihar hallarının 15 faizini psixi pozuntular təşkil edir. İntiharlar bir neçə qrupa ayrılır. Bunlar əsasən real və ya cinayəti gizlətmə xarakteri daşıyır. Bəzən göstəriş xarakterli intihar halları da olur ki, son illər bu növ intihar hallarının artması səbəbindən kütləvi informasiya vasitələrinin diqqəti bu istiqamətə yönəlib. Bu da əsasən ölmək deyil, kiminsə diqqətini özünə cəlb etmək məqsədi daşıyır. Lakin bu növ, göstəriş xatirinə olunan intihar halları da ölümlə nəticələnir.”

Ekspert intiharın psixoloji səbəblərindən bəhs etdi: “İntihar - insanın özü-özünə etdiyi qəsd, öz həyatına son qoyması, bunun planlaşdırılması və həyata keçirməsidir. İntihar insanların özlərini cəzalandırmaq mexanizmi deyil, sadəcə problemlərdən çıxış yolu tapa bilməməyin bir ifadə formasıdır. İntihar-psixoloji durumla bağlı bir  hadisədir. Bu halda  insan bilərəkdən özünü həyatdan məhrum etmək istəyir. İntiharın psixologiyası, hər şeydən əvvəl ümidsizlik psixologiyasıdır. Ümid olduqda, insan ən təhlükəli sınaq və əziyyətlərə qatlaşır. Ümidin itirilməsi isə  insanı  intihara meyilləndirir. İntihar edən şəxslərin 90% depressiyaya meyilli  insanlardır. Onların 15% intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intiharı nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Müasir dövrün insanı bütün həll yollarının tükəndiyini hiss etdikdə intiharı yeganə çıxış yolu kimi görür.  İntihar cəhdləri  ölümlə nəticələnməsə də, onların buraxdığı bir sıra izlər həyatın qalan hissəsində ciddi problemlərə gətirib çıxarır. İntiharın səbəblərini aşağı sosial-iqtisadi vəziyyətdə, ailə münaqişələrində, psixi pozuntularda, şiddətə meyillilikdə, düşünmə pozuntularında, spirtli içkilərdən istifadədə, narkotik maddələrdən asılılıqda və s. bu kimi problemlərdə axtarmaq lazımdır. İntiharın səbəblərini tək bir faktorla bağlamaq düzgün olmaz. Günümüzdə intihar artıq insanın şəxsi problemi deyildir. İstisna halları nəzərə almasaq, əminliklə demək olar ki, intihar cəmiyyətin, cəmiyyətdə yaşanan mənəvi boşluğun, insanların kütləvi özgələşməsinin, biri-birlərinə diqqətsizliyinin, dayaq durmamasının  problemidir.

Həmsöhbətimizin sözlərinə görə, valideynləri, xüsusilə də övladı yeniyetməlik dövrünü keçirənləri təlimatlandırmaq zəruridir. Təklifim odur ki, təkcə bu gün yox, hər gün bu psixoloji bəlaya qarşı lazımi səviyyədə mübarizə aparmağı bacarmalıyıq. Bir dəfə intihara cəhd etmiş insana dəstək olunmalıdır ki, o, yenidən bu addıma əl atmasın. İntihar riskini artıran faktorlarla bağlı insanlarımız bilgili olmalıdırlar. Özünü ümidsiz və köməksiz hiss edən birini gördükdə, mütləq ona kömək əlinizi uzadın. İntihar qarşısı alına biləcək ölüm səbəbidir. Vaxtında göstərilən diqqət və qayğı bir insanın həyatına bərabər  böyük və əhəmiyyətli işdir.”

Yaqut Ağaşahqızı,

“İki sahil”