Son günlər Gəncə şəhərində törədilən terror aktları bütün ölkədə böyük rezonans yaradıb. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilən sui-qəsddən sonra 150-200 nəfərdən ibarət radikal dini yönümlü dəstənin İcra Hakimiyyətinin binasının qarşısında iğtişaşlar törətməsi xalqımızı hədsiz dərəcədə qəzəbləndirib. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov hücumçu kütləni sakitləşdirmək üçün həmin əraziyə gəlsələr də qarşı tərəfin kəskin hücumu ilə rastlaşıblar. Kəsici-deşici və küt alətlərlə yaraqlanmış asayiş pozanlar tabe olmayaraq polislə əlbəyaxa olublar. Onlar polkovnik İlqar Balakişiyevi və polkovnik-leytenant Səməd Abbasovu həmin alətlərlə amansızcasına, qəddarlıqla qətlə yetiriblər. Lakin həmişə olduğu kimi, yenə də mətinlik göstərən polis qüvvələri onlardan 40 nəfərini həbs edib, qalanları qaçıb hadisə yerindən uzaqlaşıblar.
Bütün bunlar ondan xəbər verir ki, Nardarandakı məğlubiyyətdən sonra bir para düşmən ünsürlər növbəti təxribatı Gəncədə törətməyi planlaşdırıblar. Onlar Yunis Səfərovun Elmar Vəliyevə qarşı terror aktı törətməsindən istifadə edərək orada “fəaliyyətə” başlayıblar. Əslində göründüyü kimi, ilk hədəf polis olmayıb. Plan belə qurulub ki, əvvəl şəhərin idarəedici orqanını sıradan çıxarıb sonra digər sahələrə soxulub iflic etsinlər. Lakin plan baş tutmayıb və polis qüvvələri onların mənfur planlarını pozublar.
Qeyd etmək lazımdır ki, Azərbaycan polisi çətin və şərəfli bir yol keçib. Asayişi pozanları və daxildə baş qaldıran pozucu qüvvələri öz yerində oturdub. O, istər daxili, istərsə də xarici müdaxiləçilər qarşısında həmişə Vətənə, xalqa sipər olub.
Cəlilabad Rayon Polis Şöbəsi TİQ-in baş inspektoru, polis polkovnik-leytenantı Nəbi Məmmədovla söhbətimiz də elə bu barədə oldu. Polkovnik-leytenant bildirdi ki, Azərbaycan polisi yarandığı 100 ildə Vətənə, xalqımıza sədaqətlə xidmət edib: “Bu özünü Ermənistanın ölkəmizə qarşı apardığı ədalətsiz və işğalçı müharibədə daha bariz surətdə göstərib. Münaqişənin ilk mərhələsində, hələ ordu yaradılmazdan əvvəl polis işçiləri torpaqların müdafiəsinə qalxıblar. Bir çox məqamlarda onlar təpədən-dırnağadək silahlanmış düşmənin qarşısına yalnız tabel silahı ilə çıxıblar. Onlar minlərlə insanı nahaq ölümdən və girov götürülməkdən xilas ediblər, işğalın miqyasını kiçiltməyə nail olublar.
Nəbi Məmmədov polis mayoru, Xocalı aeroportunu qoruyan XTPD-nin komandiri Əlif Hacıyevin döyüş xidmətlərindən ətraflı söhbət açdı. Bildirdi ki, Azərbaycanın Milli Qəhrəmanı mayor Əlif Hacıyev Azərbaycan polisinin mərd və mübariz simasının parlaq təcəssümüdür. O, bütün xalqımızın fəxridir.
Polkovnik-leytenant əlavə etdi ki, Qarabağ müharibəsində qəhrəmanlıq nümunəsi göstərən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən bir çox əməkdaşımız bu yüksək fəxri ada şəhidlik zirvəsinə yüksələndən sonra təltif olunublar. Onu da vurğuladı ki, həmin illərdə polis əməkdaşlarımız həm ön cəbhədə döyüşür, həm də arxada ictimai asayişi göz bəbəyi kimi qoruyurdular.
Nəbi Məmmədov 1991-1992-ci illəri xatırlayaraq dedi ki, o zaman ayrı-ayrı qanunsuz silahlı dəstələr özbaşınalıq edir, cinayətkarlıqla məşğul olurdular. İnsanlar gecələr küçəyə çıxmağa, harasa getməyə cəsarət etmirdilər. Onda polisin işi çox ağır idi. Bu özbaşınalıqlar və anarxiya isə ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyi və bacarıqsızlıqları ucbatından yaranırdı. Həmin illərdə nə qədər polis işçiləri vəzifəsini yerinə yetirərkən cinayətkar gülləsinə tuş gəlmişdi. Lakin ulu öndər xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra hər sahədə olduğu kimi, inzibati orqanların da işi qaydasına salındı. Hər zaman olduğu kimi bu gün də biz vətəndaşlarımızın keşiyində gecə-gündüz sayıq dayanmışıq, bizi heç kəs qorxuda bilməz. Azərbaycan xalqının azadlığına, soydaşlarımızın rahat yaşamaq hüquqlarını pozmağa cəhd edənlər öz qarşılarında bizi görəcək və cavab verəcəklər.
Vəli İlyasov,
“İki sahil”