15 avqust 2018 16:44
882

Tropik siklon Kyuşu adasında fəsadlar törədib

Yaponiyanın cənub-qərb regionlarının sakinləri şiddətli külək və aramsız yağışlarla bağlı hazırlıq tədbirləri görürlər. Sinoptiklər sakinləri torpaq sürüşmələri, daşqınlar və şiddətli küləklər barədə xəbərdar ediblər.

AZƏRTAC xəbər verir ki, Yaponiyada “15 nömrəli” adlandırılan tropik siklon artıq Kyuşu adasında fəsadlar törədib.

Siklonun keçdiyi ərazilərdə yağıntının miqdarı saatda 50 millimetr təşkil edib, qatarların hərəkətində fasilələr yaranıb, aviareyslər və bərələrin hərəkəti təxirə salınıb. Tropik siklonun hazırda şimal-qərb istiqamətində hərəkət etdiyi bildirilir.

Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Yerli hakimiyyət orqanları sakinləri ehtiyac yaranacağı təqdirdə təxliyəyə hazır olmağa çağırıblar.