Onun adı hər zaman Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə yanaşı çəkilir. Azərbaycanda doğulmasa da taleyi ömrü böyu unutmadığı bu müqəddəs torpaqla bağlı oldu. Cümhuriyyətin qurulmasında iştirak etməsə də, Azərbaycanın ürəyi olan Bakının xilas edilməsi ilə tariximizdə elə Cümhuriyyət qədər qiymətli iz qoymağı bacardı. Xalq yaddaşında hər zaman onu böyük xilaskar əsgər kimi xatırlayır... Bu, əfsanəvi Osmanlı komutanı Nuru paşadır. Əhməd bəy oğlu Nuru Killilgil...
1890-cı ildə Osmanlı İmperiyasının paytaxtı İstanbulda, tüccar Əhməd bəyin ailəsində anadan olub. Ailədə hərb sənətinə maraq böyük olduğunundan Nuru Killigil də hərbçi olmaq arzusu ilə təhsil alır və böyük qardaşı Ənvər paşa və əmisi Xəlil paşa ilə birlikdə Osmanlı ordusunda xidmət edir. Lakin onun hərbi karyerası əsasən Qafqaz İslam Ordusu ilə bağlıdır.
Qafqaz İslam Ordusunun yaradılması
Qafqaz İslam Ordusu Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklərdən biri olub. Osmanlının hərbiyyə naziri Ənvər paşanın əmri ilə yaradılmış bu ordu tamamilə müsəlmanlardan ibarət olub. Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak edib. Qafqaz İslam Ordusunun komandanlığına Ənvər paşanın kiçik qardaşı yarbay (podpolkovnik) Nuru bəy təyin edilmişdir. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. 1918-ci il 31 mart Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədərki zaman kəsiyində fəaliyyət göstərmişdir.
Ordunuya komandir təyin edilən yarbay Nuru bəyə vaxtından əvvəl fəxri general-leytenant hərbi rütbəsi verilir və beləliklə paşa titulunu qazanır. Bu zaman onun cəmi 29 yaşı vardı...
Cümhuriyyətin elanı - Bakının xilas edilməsi
28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi elan ediləndən sonra yaradılan birinci hökumət Gəncə şəhərində yerləşir. Lakin yeni yaradılan müstəqqil dövlətin paytaxtı Bakı şəhəri olmalı idi. Paytaxt isə erməni-rus bolşeviklərinin, daşnakların işğalı alıtnda idi. Yeni yaradılan AXC hökuməti paytaxtı hərbi yolla azad etmək imkanlarından məhrum idi. Bu zaman hərbi dəstək məqsədilə Osmanlı İmperiyası ilə danışçıqlar aparılması qərarlaşdırıldı. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Batumda Azərbaycana hərbi yardımın edilməsi xahişi ilə Osmanlı dövləti ilə aparılan danışıqlar müsbət nəticələndi. Lakin Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu hələ Cümhuriyyətin elanından 3 gün əvvəl - 25 may 1918-ci ildə artıq Gəncə şəhərinə daxil olmuşdu. Ordu şəhər əhalisi tərəfindən böyük sevgi və coşqu ilə qarşılanmışdı. AXC xüsusi xidmət orqanının rəhbəri olmuş Nağı bəy Şeyxzamanlı sonralar xatirələrində bu səhnəni belə təsvir edir: “Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əsgərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər. Müharibədə rusların işğal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşı olanlar da qarşılama mərasiminə aparılmışdı. Azərbaycanın müxtəlif bölgələrindəki uşaq evlərindən gətirilən bu yavrular, meydanda hazır idilər. Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc bütün xalq, əsgərləri coşquyla alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi. Uşaq evlərindən gətirilən bu uşaqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haralı olduqlarını soruşurdular. O əsnada bir bağırış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyıb, ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən gəncəli türklər Anadoluda bir-birini itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü”.
Bakının azad edilməsi
İyunun 18-də hərəkətə keçən Ordu ilk növbədə Azərbaycanın müxtəlif bölgələrini erməni-daşnak silahlı quldurlarından təmizləməyə başladı. Avqustun 5-dək bu əməliyyatlar uğurla davam etdirildi və Bakının azad edilməsi hazırlıqlarına başlandı. Sentyabrın 10-da qəti hücuma keçən Qafqaz İslam Ordusu ayın 15-də Bakını erməni-rus və ingilis hərbi birləşmələrindən tamamilə azad etdi. AXC hökumətinin paytaxt Bakıda fəaliyyəti təmin edildi. Ordunun qəhrəmanlığqları və şücaəti barədə təsəvvürlərə malik olmaq üçün o zaman erməni-rus birlikləri tərəfindən müharibəyə qoşulan ingilis ordusunun komandanı general Denstervilin xatirələrini oxumaq yetərlidir: “İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi”.
Həbsdən qaçırılma - AXC hökumətinin əhdə vəfası
Nuru paşanın Azərbaycandakı fəaliyyəti ilə bağlı maraqlı hadisələrdən biri də onun həbs edilməsi və azərbaycanlıların, xüsuilə AXC hökuməti üzvlərinin dəstəyi ilə həbsdən qaçırılaraq yenidən Bakıya gətirilməsidir. Bu, həm də Bakının, Azərbaycanın öz xilaskarına qardaşlıq və vəfa borcu idi...
1918-ci il oktyabrın 30-da Mondros limanında Osmanlı dövləti ilə İngiltərə arasında müqavilə imzalandı. Beləliklə, Osmanlı İmperiyasının Birinci Dünya müharibəsindəki iştirakı başa çatdı. Anlaşmanın şərtlərinə görə, Osmanlı İmperiyası bir sıra bölgələrdən, o cümlədən Qafqazdan öz ordusunu çıxarmalı idi. Lakin Qafqazdakı Osmanlı ordusunun komandanı Nuru paşa bu əmri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınırdı. Bununla belə, Azərbaycanı çətin vəziyyətdə qoymamaq naminə Nuri paşa Bakını tərk etməyə məcbur oldu. İstanbula gedən Nuru paşa Mondros müqaviləsinin şərtlərini pozduğuna görə 1919-cu ilin fevralında həbs edilərək ingilis hərbçilərinə təhvil verilir. Onu Batumda həbsxanada saxlayırlar.
Nağı bəy Şeyxzamanlı xatirələrində yazır: “Gəncədə olan vaxt eşitdim ki, ingilislər Nuru paşanı tutub Batuma gətirərək hərbi tribunalda mühakimə edəcəklər. Onlar Nuru paşanı guya Bakıda erməni soyqırımı etdiyinə görə günahlandırırlar. Dərhal Bakı ilə telefon əlaqəsi saxlayıb xəbərin doğru olduğunu öyrəndim... Bakıya gələrək Nəsib bəylə (Nəsib bəy Yusifbəyli) görüşdüm və sənəd ala bilmədiyimi ona söylədim. Nəsib bəy mənə: “Mən səni heç vaxt bu qədər pərişan görməmişəm”- dedi. Mən də: “Nəsib bəy, ermənilər çox nankorluq etdilər. Nuru paşanın almağa haqqı olan sənədi almadan gəldim” -dedim. Nəsib bəy gülərək: “Üzülmə, Nuru paşanı qurtarmanın daha asan yolu var. Batumdan mənə xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlamışlar. Nuru paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get”-dedi. Mən sevinc içərisində: “Əmr edin pulu versinlər, axşam yola düşüm”-dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu Dr. Mahmud bəylə görüşdüm... Mən Bakıya qayıtdıqdan sonra Nuru paşanın qurtulmasını xəbər verdilər. Səkkiz gündən sonra Nuru paşa ilə Bakıda görüşdük”.
Faciəli ölüm, məzarı olmayan böyük əfsanə...
1924-cü ildə hərbidən uzaqlaşan Nuru Killigil öz işini qurur və silah İstehsalı ilə məşğul olmaq məqsədilə əvvəlcə kiçik sexlər, sonra isə istanbulun Sütlücə məhəlləsində bir fabrik alır. 1949-cu il martın 2-də fabrikdə baş verən güclü partlayış nəticəsində 16 nəfər fəhləsi ilə birlikdə Nuru paşa da həlak olur. Onun cəzədi tapılmadığından dəfn etmək mümkün olmur.
Burada Nuru paşaya yaraşan bir hərəkət də diqqəti cəlb edir. Fabrikin 150-dək fəhləsini xilas etmək məqsədilə Nuru paşa öz həyatını riskə atır və cəsarətilə, həyatı bahasına fəhlələrin böyük əksəriyyətini ölümdən qurtarır...
Nuru paşa ömrü boyu xatirələrində Azərbaycanla bağlı hər zaman sevgi və hörmətlə bəhs edir. Azərbaycana olan sonsuz məhəbbətini bütün söhbətlərində ifadə edib.
Elə Azərbaycan xalqı da əfsanəvi xilsakrını heç vaxt unutmur, onu qan yaddaşında əbədi məhəbbətlə yaşadır...
Taleh Turqut, “İki sahil”