26 sentyabr 2018 22:04
3093

ABŞ nə üçün neft ixrac edir?

Neft bumunun başlamasından əvvəlki illərdə ABŞ demək olar ki, neft ixrac etmirdi. Bunun iki səbəbi var idi: Robert Rapierin “Forbes”də dərc olunan “Niyə ABŞ neft ixrac edir?” məqaləsində qeyd edildiyi kimi, 1973-cü ildə OPEK-in embarqo tətbiq etməsindən sonra gələcək neft böhranlarının azaldılmasına yönəlmiş enerji qanun layihələrindən birinin tərkib hissəsi kimi ABŞ-ın neft ixracına qadağa qoyuldu. Həmin vaxt ABŞ-dan Kanada istisna olmaqla bütün ölkələrə neft ixracı məhdudlaşdırılmışdı.

Lakin bu qadağa olmasa belə, ABŞ-da neft hasilatı 1970-ci ildən sonrakı üç onillik ərzində istehlakın gündən-günə artmasına baxmayaraq, ciddi şəkildə azalırdı, ölkədə demək olar ki, ixrac üçün neft yox idi. (Qeyd edək ki, ABŞ 1949-cu ildən neft və neft məhsulları idxalçısıdır) ABŞ-da hasilatın yüksəlməsi ilə dinamika dəyişməyə başladı. Neft ixracına qoyulan qadağa səbəbindən dünya bazarında “WTI” markalı neft ilə “Brent” markalı neftin qiyməti arasındakı fərq yox oldu və tədricən “WTI” daha aşağı qiymətə satılmağa başladı.

Amerikalı neft hasilatçıları hasil etdikləri nefti endirimlə alınan neftlə xoşbəxt bir şəkildə işləyən ABŞ neft emalı zavodlarına satmağa məcbur idilər. Zavodlar isə sonda hazır yanacaq məhsullarını baha qiymətə ixrac edirdilər (hazır məhsulların ixracına qadağa qoyulmamışdı) 

Ölkədə neft hasilatı şirkətləri ixraca qoyulan qadağanın aradan qaldırılmasına çalışırdılar, 2015-ci ilin sonlarında onların arzusu yerinə yetdi. Prezident Obama 2016-cı il üçün ümumi maliyyə ayırmaları haqqında qanun imzaladı. Bu 1,15 trilyon dollarlıq maliyyə layihəsi enerji resurslarının effektiv kəşfiyyatının, hasilatının, saxlanmasının, təchizatı, marketinqi, qiymətləndirilməsi və tənzimlənməsinin təşviq edilməsinin vacibliyini” ifadə edən bir qanun idi. Heç bir federal hökumət nümayəndəsi neft ixracına məhdudiyyət qoymamalı, qadağa tətbiq etməməli idi.

 2016-cı ildə artıq ABŞ 30 ölkəyə neft ixracına başladı. 2017-ci ildə gündəlik ixrac həcmi dəfələrlə bir milyon barreli ötmüşdü. Lakin ABŞ hələ də təxminən 8 milyon barel həcmində neft idxal edir. Nəticədə ABŞ-ın ümumiyyətlə, nə üçün neft ixrac etdiyi sual doğurur. Bunu isə ölkə rəsmiləri hasil edilən neftlə Amerikanın yerli emal müəssisələrinin emal etdiyi neft arasında fərqlə əlaqələndirirlər.

Son illər ABŞ nefti daha ağır və qatı olmağa başlayıb(onun tərkibində karbohidrogen molekulları və kükürd normadan artıqdır) Qlobal səviyyədə ağır neftin hasilatı Kanada, Venesuela və Nigeriya kimi ölkələrdə yüksəlib. Bazarda isə ağır və yüngül neft növləri arasında (“WTI” və “Brent”) böyük qiymət diferensialı mövcuddur.

Ağır neftdən alınan hazır məhsulların keyfiyyəti demək olar ki, yüngül neftdən hazırlanan məhsullarla eynidir. Bu baxımdan neft emalı şirkətləri rasional davranaraq, qiyməti daha ucuz olan ağır neftə üz tuturlar.

Bir tərəfdən də ABŞ-ın emal müəssisəsləri durmadan ağır neftin işlənməsi üçün katalitik krekinq və hidro texnikaya milyard dollarlarla sərmayə ayırırlar. Emal müəssisələri onların tələbinə daha çox uyğun gələn nefti idxal etməyə can atırlar. Lojistik baxımdan qonşu Kanada üçün belə ABŞ neftini ölkənin şərq sahillərindəki emal müəssisələrinə daşımaq daha əlverişlidir. Bundan başqa, Kanadanın Alberta vilayətindən ABŞ-ın xüsusi emal avadanlıqları ilə təchiz olunmuş zavodlarında işlənmək üçün ağır neft gətirilir.

Nubar Süleymanova, “İki sahil”