22 oktyabr 2018 22:13
3511

Ölkə turizmi: potensialı böyükdür, bəs təbliğatı necə?

"Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır.” Bu barədə Prezident İlham Əliyev oktyabrın bu günlərdə Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatındakı nitqində  bildirib. Dövlətimizin başçısı turistlərin sayının 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artdığını, cari ilin ötən dövrü ərzində xaricdən gələn qonaqların Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində xərcləmə həyata keçirdiklərini vurğulayıb.

Ölkəyə gələn xarici ölkə vətəndaşlarının nağd ödənişlər  həyata keçirdiklərini də nəzərə alanda bu sahədən daxilolmaların məbləğinin daha böyük olduğunu demək mümkündür. Məsələ burasındadır ki, təkcə 8 ay ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 976,9 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Prezident İlham Əliyev, həmçinin bildirib ki,  turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur. Ölkədəki ictimai sabitliyin, eyni zamanda, nəqliyyat infrastrukturunun, tarixi abidələrin, milli məxbəxin, xalqımızın qonaqpərvərliyinin turizmin inkişafı üçün vəhdət təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bütün bunların çox ciddi təbliğata ehtiyacı olduğunu qeyd edib.    

Təbliğatdan danışdıqda, ilk növbədə, onu qeyd etmək lazımdır ki, bu günlərdə Bakıda keçirilən Milli Turizm Sammitində  "Take another look" başlıqlı yeni milli turizm brendi təqdim olunub. Bunu Azərbaycanın turizm potensialının təbliğ edilməsində yeni mərhələnin başlanğıcı da hesab etmək olar.

Azərbaycan Turizm Bürosunun brend və marketinq üzrə direktoru Fidan Əliyevanın sözlərinə görə,  turizm sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq üçün güclü brendin olması vacibdir. O, qeyd edib ki,  yeni brend hazırlanarkən Azərbaycanın turizm potensialı nəzərə alınıb və  bu, Azərbaycanın dünyada tanınmasına kömək edəcək. Bu məqsədlə  yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabr ayında Londonda keçiriləcək  Dünya Səyahət Bazarı Sərgisində baş tutacaq.

Ancaq bu, o demək deyil ki, ölkə turizmində müşahidə olunan problemlər arxa planda qalacaq. Elə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də Milli Turizm Sammitindəki çıxışında bu məsələyə toxunaraq problemlərin həlli istiqamətində hərtərəfli işlərin görüldüyünü, onların arasında yeni infrastrukturun yaradılması, yeni turizm məhsullarının formalaşdırılması, turizm təhsilinin inkişafı, müasir texnologiyaların hərtərəfli tətbiqi işlərinin də olduğunu bildirib.

Bir sözlə, ölkəmizin turizm potensialı  ictimai sabitlik, eyni zamanda, təbii sərvətlər, infrastruktur, milli məxbəxlə yanaşı, bu sahədə ixtisaslı kardrların hazırlanması, müasir texnologiyaların tətbiqi kimi amillərin vəhdətindən asılıdır. Bütün bunların təbliği isə mövcud potensialdan daha da geniş istifadəyə imkan verə bilər. Nəticədə bu, turizmin ümumi daxili məhsuldakı payının, dövlət büdcəsinə bu sahədən gələn gəlirlərin artımı deməkdir.

Ceyhun Piriyev, “İki sahil”