22 noyabr 2018 14:37
3332

Yeni salınan körpülərdə işlər başa çatıb

Regionların sosial-iqtisadi inkişafı dövlətimizin diqqət mərkəzindədir. Qəbul edilən Dövlət Proqramlarının icrası nəticəsində indi regionlarımızın sosial siması tamamilə dəyişməkdədir. Bərdə şəhərinin mərkəzində Tərtər çayının üzərində uzun illər əvvəl inşa edilmiş körpü son illər yararsız hala düşmüşdü. Bu vəziyyət həm rayon rəhbərliyini, həm də şəhər sakinlərini çox narahat edirdi. Bu körpünün üstündən hər gün minlərlə insan və avtomobil keçir. Son illər yaz aylarında  Tərtər çayının daşması nəticəsində körpünün istinad divarları və yatağı uçub dağılmaqda idi.

Prezident İlham Əliyevin Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi ilə bağlı imzaladğı Sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri bitmək üzrədir.

Aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni  körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Hazırda körpüdə son tamamlanma işləri aparılır. Körpünün layihəsi 8 ballıq  seysmiklik dərəcəsi  nəzərə alınmaqla yerinə yetirilir.

Dörd aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11,5 metrdir.  Şəhər sakinlərinin  körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi artıq başa çatdırılıb.

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq aparılır.  Kənar dayaqlar davamlı dəmir-beton konstruksiyalarla layihələndirilib. Onlar 1200  qazma dəmir-beton svaylar üzərində quraşdırılıb. Körpü artıq hazır vəziyyətə gətirilib və şəhər sakinlərinə ən yaxşı töhfə olacaq.

1950-ci illərdə Tərtər çayı üzərində tikilib istifadəyə verilmiş piyada və avtomobil körpüsü təhlükəli vəziyyətə düşmüşdü. Körpü o zamanın tələbinə cavab versə də,  son illər ölkəmizin iqtisadi yüksəlişi nəticəsində daşınan yüklərin həcmi xeyli artıb və ağır tonnajlı texnikanın hərəkəti üçün tam yararlı deyil.  Qeyd etməliyik ki, Ermənistan silahlı birləşmələrinin açdıqları artilleriya atəşləri körpüyə ciddi ziyan vuraraq təhlükəsizliyini azaldıb. Rayon rəhbərliyi yeni və etibarlı körpünün tikilməsini vacib məsələlərdən biri kimi diqqətdə saxlayırdı.  Həyata keçirilən layihə çərçivəsində Tərtər çayının yatağında da istinad divarları və sutənzimləyici qurğular inşa edilir. Bundan başqa körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidən qurulması nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və texnoloji ardıcıllığa uyğun olaraq aparılan tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi  və texnika cəlb olunub.

Qeyd edək ki, 2018-ci ilin iyul ayında layihə-smeta sənədlərinin qaydaya salınmasından sonra torpaq işlərinin görülməsinə  başlanılan körpüdə inşaat işlərinin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır. Strateji əhəmiyyət daşıyan bu körpü bölgədə Tərtər çayı üzərində üçüncü olsa da, böyük yükaşırma qabiliyyəti ilə digərlərindən fərqlənəcək.

Vəli İlyasov, “İki sahil”