Xəbər verildiyi kimi, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi artıq Milli Məclisdə müzakirə olunaraq təsdiqlənib.
Vergi qanunvericiliyinə edilmiş dəyişiklikdən biri qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin edilməsidir. Dəyişikliyə əsasən aylıq əmək haqqı 8 000 manata qədər olan, özəl sektorda çalışan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8 000 manatdan çox olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz müəyyənləşdirilib. Bununla da nazirlik belə hesab edir ki, qeyri-neft sektoru üzrə əmək haqqından gəlir vergisində 7 il müddətində güzəştin tətbiqinin əsas hədəfi “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasıdır.
“Kölgə iqtisadiyyatı”nın aradan qaldırılması məqsədi ilə edilən dəyişikliklərdən biri də pərakəndə ticarət və ictimai iaşə sektorunun dövriyyəsinin rəsmiləşdirilməsinə ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə onların belə obyektlərdə xərclədikləri vəsaitlərin bir hissəsinin (ƏDV-sinin müəyyən hissəsinin) geri qaytarılmasının nəzərdə tutulmasıdır. Bununla da istehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15 faizi, nağd ödənişlərdə isə 10 faizi nəzarət-kassa aparatının çeki əsasında istehlakçılara geri qaytarılacaq (bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq). Nəticədə istehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm vergi ödəyicilərinin dövriyyənin gizlədilməsi imkanlarını məhdudlaşdırmaqla şəffaflığın təmin edilməsinə, həm də onların ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərmələrinə səbəb olacaq.
Digər dəyişikliyə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və sair sadələşdirilmiş vergi ödəyicisi olmayacaq. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Sadələşdirilmiş vergi dərəcəsi isə bütün ölkə ərazisində 2 faizə endiriləcək. Hazırda bu vergi Bakı şəhəri üzrə 4 faiz, digər rayonlar və Naxçıvan MR-da 2 faizdir.
Dəyişiklik layihəsinə əsasən ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6 faizlik sadələşdirilmiş vergi ləğv olunur. İctimai iaşə fəaliyyəti üzrə 8 faizlik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır. Qeyd edək ki, hazırda vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi müvafiq olaraq 6 və 8 faiz dərəcə ilə hesablanır.
Bu, onunla əsaslandırılır ki, sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (iaşə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqlarından adətən gəlirlərinin və xərclərinin uçotunu aparmamağa və əməliyyatları lazımı qaydada sənədləşdirməməyə meyilli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşmır. Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalara əsasən sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi ilə məhdudlaşdırılıb.
Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye) və aksiz dərəcələrinin artırılması və s. da var.
Bundan başqa, Vergi Məcəlləsində vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədi daşıyan dəyişikliklər də edilib. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır.
Eyni zamanda, mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin də nəzərdə tutulub. Belə ki, Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.
Mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə isə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Sənədə əsasən, bundan başqa, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad ediləcəyi nəzərdə tutulub.
Beləliklə də dəyişikliklər sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir ki, bu da iqtisadiyyatın şəffaflaşdırılması məqsədi daşıyır. Nəticə etibarilə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir.
Ceyhun Piriyev, “İki sahil”