05 dekabr 2018 23:13
3213

Paşinyan Azərbaycan torpaqlarını öz sahibinə qaytaracaq

“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla razılaşıb”. Bu barədə Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti antiqarabağ  siyasəti yürüdür. Onlardan bir neçəsini xatırladan Şahnazaryan deyib:  “Bunlardan biri Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılmasıdır. Bu siyasətin nəticəsində Ermənistan bütün gücünü itirdi və bunu anlayan Azərbaycan ərazilərin qaytarılması ilə bağlı ciddi addımlara hazırlaşır. Faktiki olaraq  Vyana, Sankt-Peterburq və Cenevrə çağırışları aradan qalxdı. İndi  Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması və status məsələsi müzakirə olunur. Əvvəllər “ərazilər əvəzinə status” əsas prinsip idi, indi “ərazilər əvəzinə təhlükəsizlikdir”.

David Şahnazayanın etiraf etdiyi kimi, əvvəllər qeyd olunanların heç birini qəbul etməyən Ermənistanın ipə-sapa yatmayan təcavüzkar rəhbərləri indi “təhlükəsiz həyat” axtarırlar.  Əslində onlar elə bu təhlükədən mümkün qədər uzaq olmaq üçün hər dəfə sülh danışıqlarını bir bəhanə ilə pozurdular.  Ancaq Azərbaycan tərəfi  bütün danışıqlarda , prezidentlərin, xarici işlər nazirlərinin görüşlərində  münaqişənin  sülh yolu ilə həll ediləcəyi təqdirdə Dağlıq Qarabağda təhlükəsizliyə qarant verəcəiyini bildirmişdi.  Bunun əksinə olaraq status-kvonun  dəyişdirilməsinə razılıq verməyən Ermənistan münaqişənin dinc yolla həllindən qaçırdı. Son vaxtlar vəziyyət dəyişib, Ermənistan siyasi və hakimiyyət böhranları içərisində boğulur və   Azərbaycan qarşısında özünü məğlub durumda hiss etməyə başlayır. Azərbaycan Ordusunun hücum xofu Ermənistanın başı üzərində “Damokl qılıncı” kimi asılıb və davakar hakimiyyət  bu vəziyyətdən can qurtarmağa çalışır. İndi “iti bıçağı” boğazlarında hiss edən ərköyün ermənilər başqa çarə tapa bilmirlər.

David Şahnazaryan hesab edir ki, Paşinyan hakimiyyətinin apardığı siyasət Azərbaycan  ərazilərinin öz sahibinə  qaytarılması ilə nəticələnəcək, çünki o, beynəlxalq ictimaiyyətin, xüsusilə Vaşinqtonun vaxtaşırı səsləndirdiyi variantlarla razılaşıb. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda  da Dağlıq Qarabağın taleyi barədə erməniləri narahat edən mövqe bildirib. ABŞ-ın rəsmi nümayəndəsi Con Bolton Cənubi Qafqaz ölkələrinə  səfəri çərçivəsində İrəvandakı çıxışında  Azərbaycan torpaqlarının azad edilməsini, qonşu dövlətlərlə münasibətləri normallaşdırmağı vacib hesab etdiyini bildirmişdi.

Qərbyönümlü siyasət yeridən Nikol Paşinyan bir müddət əvvəl nəşr etdirdiyi  kitabında  Azərbaycanın işğal edilən və  “boş qalan torpaqlar”ının ermənilərə lazım olmadığını, qaytarmağın vacibliyini yazıb. Əlbəttə, bu, Ermənistana da sərf edir. Bir tərəfdən Azərbaycanın, digər tərəfdən beynəlxalq ictimaiyyətin təzyiqləri, Ermənistanın dünyada  və regionda həyata keçirilən iri layihələrdən təcrid vəziyyətində qalması, qonşu dövlətlərlə düşmən münasibət  ölkəni labüd uçuruma yuvarladıb. Bütün bunlar erməni xalqına müsibətlər,  məhrumiyyətlər və əzab-əziyyətdən başqa yaxşı heç nə  verməyib. Görünür, sağlam düşüncəli ermənilər artıq bunun fərqindədirlər və haqq yoluna qayıtmağın vacibliyini dərk ediblər.

Artıq haqq-ədalətin zəfər çalacağına lap az qalıb. İşğal altında qalan torpaqlarımızın  sülh yolu ilə azad olunmasına əlverişli şans yaranıb.

Vəli İlyasov, “İki sahil”