22 yanvar 2019 11:46
485

Cillian Anderson “Tac” serialında Marqaret Tetçeri canlandıracaq

Amerikalı aktrisa Cillian Anderson “Tac” serialında Böyük Britaniyanın 71-ci Baş naziri Marqaret Tetçerin obrazını canlandıracaq.

AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir ki, 50 yaşlı Anderson 1979-cu ildən 1990-cı ilədək – 11 il Baş nazir vəzifəsində fəaliyyət göstərmiş “dəmir ledi”nin rolunu ifa edəcək. Həmçinin bildirilir ki, Anderson “Tac” serialının bu yay çəkilişlərinə başlanılacaq dördüncü mövsümündə iştirak edəcək. Mövsümün ekranlara çıxarılması 2020-ci ilə planlaşdırılıb.

Cillian Anderson “Məxfi materiallar” serialında Federal Kəşfiyyat Bürosunun agenti Dana Skalli rolu ilə daha çox tanınıb. O, “Emmy” və “Qızıl qlobus” mükafatlarının sahibidir.

“Tac” serialında kraliça II Elizabetin 1947-ci ildə keçirilən toy mərasimi anından başlayaraq həyatından danışılır. İlk iki mövsümdə kraliçanın rolunu aktrisa Kler Foy, üçüncü və dördüncü mövsümlərdə isə baş rolu Oliviya Kolman canlandıracaq.