21 fevral 2019 10:29
1014

Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki...

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Real televiziyasına geniş müsahibəsində ölkəmizdə müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlar, bu islahatları zəruri edən hədəflər, növbəti addımlar barədə sualları ətraflı cavablandırıb. Dövlətimizin başçısı, eyni zamanda, Dağlıq Qarabağ problemi, turizmin inkişafı, xarici siyasət və digər məsələlərlə bağlı suallara aydınlıq gətirib. Beləliklə də müsahibədə toxunulan bir çox məsələlərin aktuallığını nəzərə alıb, onların hansı məna kəsb etdiyinə bir daha qayıtmağı zəruri hesab edirik.

Prezident İlham Əliyev 2018-ci ildə keçirilən seçkilərə islahatlar gündəliyi ilə qatıldığını xatırladaraq bu ildən başlayaraq start verilən islahatların yeni mərhələsinin heç də təsadüfi olmadığına, məhz bundan qaynaqlandığına diqqət çəkib: “Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”.

Söhbət ondan gedir ki, dünyada gedən proseslərin əksinə olaraq son illərdə ölkədə dövlət idarəetməsində strukturun böyüməsi idarəetməni çətinləşdirməklə yanaşı, səmərəliliyinin də azalmasına gətirib çıxarıb. Bu mənada aparılan islahatlar dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsinə xidmət etməkdədir.

Prezident İlham Əliyev müsahibədə Azərbaycanda islahatların müntəzəm olaraq keçirildiyini vurğulayaraq, bunun əsasını ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə qoyulduğunu bildirib. Bu isə o deməkdir ki, 26 il bundan əvvəl dərin siyasi-iqtisadi böhran keçirən Azərbaycan çox da uzun olmayan ötən müddət ərzində qazandığı nailiyyətləri məhz həyata keçirilən islahatlar sayəsində əldə edib. Bu islahatlar isə birdən-birə deyil, mərhələli şəkildə həyata keçirilib. Aydın məsələdir ki, müxtəlif sahələri əhatə edən bu islahatları 5-10 il ərzində həyata keçirmək mümkünsüzdür, ancaq 26 il də böyük müddət hesab edilə bilməz. Elə bu baxımdan müsahibədə “Əsrin müqaviləsi”, torpaq islahatı kimi bu gün də geniş fayda verən islahatları xatırladan Prezident İlham Əliyevin “Bilmirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var?” sualı ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatların mahiyyətini dərk etməyə geniş imkan verir.

2003-cü ildən etibarən həyata keçirilən islahatlar isə artıq növbəti mərhələni əhatə etməklə daha çox regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə xarakterizə oluna bilər. Təsadüfi deyil ki, ölkə başçısının da qeyd etdiyi kimi, bu proqram Azərbaycanın müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirilməsinə və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələrin əldə edilməsinə imkan verib. Məsələ burasındadır ki, iqtisadi sahədə aparılmış islahatlar nəticəsində artan gəlirlər digər sahələrdə də islahatların aparılmasına, o cümlədən regionların sosial-iqtisadi inkişafına şərait yaradıb.

Dövlətimizin başçısının islahatların verdiyi nəticənin əyani sübutu üçün gətirdiyi digər arqument isə Dünya Bankının “Doing Business” hesabatı olub: “Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır”. Doğrudur, bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində aparılmış məqsədyönlü islahatların bariz nümunəsi olmaqla Azərbaycanın bu baxımdan bir çox inkişaf etmiş ölkələrdən öndə olmasının göstəricisidir. Ancaq Prezident İlham Əliyev dünyada gedən proseslərdən yaranan narahatlığa işarə edərək hər bir ölkənin maksimum dərəcədə öz daxili resurslarına arxalanmasının vacibliyini də vurğulayıb: “Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq”.

Bütün bunların fonunda Prezident İlham Əliyev cari ildən başlayan islahatların əsas hədəflərini açıqlayıb: Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaq.

Ölkə başçısı, eyni zamanda, xoşagəlməz hallara qarşı siyasətin aparılmasının da hədəflərdən biri olduğunu vurğulayaraq bu istiqamətdə mübarizənin həm inzibati yollarla, həm də institusional formada davam edəcəyini bəyan edib: “Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər”.

Dövlətimizin başçısı bu hədəfləri zəruri edən addımları belə izah edib: “Yəni, bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək”.

Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, bu yaxınlarda minimum əməkhaqqının artırılması və digər sosialyönümlü addımlar bu ilin birinci ayında əldə edilən əlavə gəlirlərin hesabına həyata keçirilib: “Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik”.

Şəffaflıq və düzgün yanaşma dedikdə buraya vergi və gömrük sahələrində aparılan islahatları da əlavə etmək lazımdır. Məsələ burasındadır ki, bu sahələrdə aparılan islahatlar kölgə iqtisadiyyatının səviyyəsini azaltmağa imkan verir ki, bu da özünü dövlət büdcəsinin gəlirlərində göstərməkdədir. Təkcə ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları əvvəlki illə müqayisədə 825 milyon manat artıb. Bu tendensiya bu ilin birinci ayında da davam edib və yanvar ayında bu mənbədən dövlət büdcəsinə daxilolmanın məbləği 330 milyon manata yaxın olub ki, bu da ötənildəki ilə müqayisədə 46 faizə yaxın artım deməkdir.

Müsahibədə toxunulan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Prezident İlham Əliyev ölkəmizin prinsipial mövqeyini davam etdirərək danışıqlar prosesinə sadiq olduğunu bildirsə də, digər tərəfdən bu gün dünyada güc amilinin ön plana çıxdığını da xatırladıb: “Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir”.

Eyni zamanda, Azərbaycanın turizm imkanlarını genişləndirmək istiqamətində müxtəlif addımlar atılmasından bəhs edən dövlətimizin başçısı 2015-ci ildə keçirilmiş Avropa Oyunları və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayının 22 faiz artdığını bildirib: “Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı”. Prezident İlham Əliyev vurğulayıb ki, təkcə Formula 1 yarışı ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaradıb: “Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.

Bunu beynəlxalq tədbirlərin ölkə üçün əhəmiyyəti ilə yanaşı, Formula 1-in Azərbaycanda təşkil edilməsi ilə bağlı müqavilənin 2023-cü ilə qədər uzadılması ilə bağlı antimilli fəaliyyəti özünə “borc bilənlərin” “fikirlərinə” cavab kimi də qiymətləndirmək olar.

Müsahibədə, eyni zamanda, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində Azərbaycanın balanslaşdırılmış siyasət aparması məsələsinə də toxunulub. Ancaq Prezident İlham Əliyev bunun düzgün olmadığını bildirib: “Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.

Dövlətimizin başçısı son illərdə Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə dostluq münasibətlərini daha da gücləndirdiyini, ölkəmizin təşəbbüsü ilə ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatının yaradıldığını bildirib: “Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək”.

Bu isə onu deməyə imkan verir ki, Azərbaycan üçün nəinki qonşu ölkələrlə, eyni zamanda, digər dövlətlərlə münasibətlər də strateji əhəmiyyət daşıyır. Bu mənada hər hansı formada aparılan xarici siyasət milli maraqların qorunması və risklərin azaldılmasına xidmət edir.

Ceyhun Piriyev, “İki sahil”