21 fevral 2019 11:51
581

Paşinyan ölkəni sosial-iqtisadi böhrandan çıxara bilmədi

“Ermənistanda böhran və xaos əvvəlki illərdən daha güclü şəkildə tüğyan edir.  Çünki Nikol Paşinyan hakimiyyəti ələ keçirdikdən sonra əsas diqqətini  xalqın rifahına deyil,  hakimiyyətinin gücləndirilməsinə yönəltdi.”

Bu sözləri politoloq Elşad Mirbəşiroğlu İkisahil.TV-yə açıqlamasında bildirdi. O qeyd etdi ki, bunun da bir sıra səbəbləri var. Hər şeydən öncə Paşinyan Sarkisyanın vaxtından qalmış köhnə komanda ilə işləməli olacaqdı. Bu günlərdə elə Paşinyanın özü də etiraf edir ki, Ermənistanda dövlət idarəetmə aparatında çalışanların 90 faizə qədəri S.Sarkisyanın komandasından qalan insanlardır. Təbii ki, belə reallıq çərçivəsində Paşinyanın fəaliyyət göstərməyi kifayət qədər çətindir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə ondan ibarətdir ki, Paşinyan ölkəni sosial-iqtisadi böhrandan çıxara bilmədi. Yəni artıq onun hakimiyyətə gəlməsinin bir ili tamam olmaq üzrədir. O, küçə hərəkatı zamanı kütləyə söz vermişdi ki, qısa zamanda ölkədə sosial-iqtisadi vəziyyətin dəyişdirilməsi istiqamətində addımlar atacaqdır. Amma nəticədə bu günə heç bir müsbət addım atılmayıb. Bunun təbii ki, aydın səbəbi var. Çünki Paşinyanın hər hansı bir fəaliyyət platforması mövcud deyil.  Eyni zamanda, N.Paşinyan dövlət idarəçiliyində heç bir təcrübəyə malik deyil. O, Ermənistanın mövcud  potensialını hesablaya bilməmişdi. Ona görə də populist vədlər vermişdi.

Bu gün də verilən vədlərin həyata keçirilməsində gücsüzlüyünü göstərir. Uğursuzluğunu da onunla əsaslandırır ki, hakimiyyətdə təmsil olunanların böyük əksəriyyəti Sarkisyanın komandasıdır. Bu isə bəhanədən başqa bir şey deyil. Təbii ki, bunun hər şeydən öncə məsuliyyəti Paşinyanın üzərinə düşür. Əgər Sarkisyanın komandası uzun illər ərzində səmərəsiz fəaliyyəti ilə Ermənistanda sosial-iqtisadi vəziyyəti hazırkı duruma gətirib çıxarıbsa, o həmin komandadan dərhal azad olmalı idi. Ancaq Paşinyan yaxşı başa düşdü ki, komandanın heç bir fərqi yoxdur. Elə onu bəhanə kimi əlində saxlasa yaxşıdır.

E.Mirbəşiroğlu bildirdi ki, bu günlərdə nəhayət ki, Paşinyan 5 illik fəaliyyət planını hazırladı və parlamentə təqdim etdi. Parlamentdə proqram müzakirə olunanda diqqəti cəlb edən əsas məqam ondan ibarət oldu ki, Ermənistanın inkişafını təmin edə biləcək hər hansı bir real layihə xarakterli və yaxud da ki, proqram xarakterli fəaliyyət  orada yer almayıb. Bu da ondan xəbər verir ki, sadəcə olaraq Paşinyan hakimiyyətdə qalmasını şərtləndirəcək addımlar atacaq. Ermənistan hakimiyyəti nəhayət dərk etməlidir ki, onların iqtisadi inkişafı ancaq işğalçılıq siyasətinə son qoyduqdan sonra baş verə bilər. Paşinyanın fəaliyyət proqramı Ermənistanda hər hansı bir müsbət sonluğa gətirib çıxarmayacaq. Proqramın müzakirəsi prosesində Paşinyan yenə də düşünülməmiş ritorikaya üstünlük verdi. Ziddiyyətli fikirlər səsləndirdi. Qeyd etdi ki,  Ermənistan qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesində ayrıca bir tərəf kimi iştirakına nail olunması istiqamətində fəaliyyət göstərəcək. Bununla Ermənistan öz proqramında rəsmi şəkildə etiraf edir ki,  Azərbaycanın ərazisində separatizmi dəstəkləyir. Çünki qondarma Dağlıq Qarabağın separatçı rejimi Azərbaycanın tarixi ərazilərində yaradılıb. Ermənistan bu rejimin müstəqil bir tərəf kimi iştirakına nail olmağa çalışırsa, deməli, Ermənistan separatizmi başqa bir ölkənin adına Azərbaycanın ərazisində separatizmi dəstəkləyir. Bu da beynəlxalq hərbi cinayətdir. BMT-nin nizamnaməsində separatizm və ona dəstək halları çox kəskin şəkildə ittiham olunur.

Politoloq xüsusi olaraq qeyd etdi ki, təəssüf ki, burada ikili standartlar da böyük rol oynayır. Fəaliyyət proqramında həm də Ermənistanın hərbi hazırlığı məsələləri də yer alıb. Yəni Ermənistan müharibəyə hazırlaşmağı da fəaliyyətinin bir istiqaməti kimi müəyyənləşdirib. Ermənistan münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil. 

Göründüyü kimi, Paşinyan hələ də iqtisadi yolla xalqın rifahına çalışmaqdansa, küçə ab-havası ilə hakimiyyətini uzatmağa çalışır.

Şəmsiyyə Əliqızı, “İki sahil”