Kosmik fəzanın fəthi necə başlandı?
Bu gün Ümumdünya Kosmonavtika Günüdür. İlk dəfə olaraq Yer üzündən kosmosa 12 aprel 1961-ci ildə SSRİ vətəndaşı, Sovet aviasiya zabiti Yuri Qaqarin qalxıb. Buna görə də SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika Günü kimi elan olunub. Start anında Qaqarin məşhur “Poyexali” (“Getdik”) sözünü işlətdi ki, bu da bütün kosmik dövrün yeni simvoluna çevrildi. Kosmonavt Y.Qaqarinin uçuşu 108 dəqiqə davam edib. Bu tarixi orbital uçuşunu yerinə yetirəndə onun cəmi 27 yaşı vardı. Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri idi. Sonradan bu siyahı daha da qısaldılmış, orada yalnız iki nəfərin - Yuri Qaqarin və German Titovun adları qalmışdı. İki nəfərdən Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idisə, Titovun atası ziyalı idi. Bununla belə, qeyd edirlər ki, hər halda əsas rolu kosmonavtın hazırlığı oynaya bilərdi.
1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard orbitaltı uçuş üçün məşq edirdi. O, “Redstone” adlı raketlə 1961-ci ilin mayında uçmalı idi. Sovet kəşfiyyatı bu barədə məlumatlar əldə etmişdi. Sovet kosmik proqramının rəhbəri Sergey Korolyov amerikalıların birinci olacağından həmişə narahat idi. Buna görə də Yuri Qaqarinin uçuşu bir ay əvvələ, aprelin 12-nə nəzərdə tutulmuşdu. Arxiv materiallarına görə, ilk uçuşun tarixini müəyyənləşdirmək və eləcə də kosmosa ilk olaraq kimin uçması məsələsini həll etmək üçün Dövlət Komissiyası 1961-ci il aprelin 1-dən 10-dək hər gün toplaşıb. Yerli vaxtla saat 09:07-də start verilərkən Qaqarin tarixə düşəcək bir kəlmə dedi: “Poyexali” - “Getdik”. Liftlə gəminin kabinəsinə qalxmazdan əvvəl Qaqarin təbəssümlə bildirirdi: “Hə, qardaşlar, bir nəfər hamı üçün, hamı bir nəfər üçün!”. Sonrakı sözləri isə hər bir kosmonavt əzbərdən bilirdi. “Start qabağı bu dəqiqələrdə nə söyləmək olar? Mənim bütün həyatım indi gözəl an kimi görünür. Əvvəllər yaşanılan hər şey bu dəqiqələr üçün edilib. Bilirəm ki, tapşırığın məsuliyyətini anlayaraq onu daha yaxşı yerinə yetirmək üçün mən bütün iradəmi toplayacağam. Gücüm çatan hər şeyi edəcəyəm. Mən sizə, əziz dostlar, insanlar uzaq yola düşərkən həmişə bir-birinə dediyi kimi, “Hələlik” deyirəm. Mən sizləri, tanışları, tanımadıqlarımı, yaxınları və uzaqları necə də qucaqlamaq istərdim”.
Beləliklə, Y.Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoydu. Kosmik məkanı fəth edən ilk insan Y.Qaqarindən sonra səmaya 32 ölkədən yüzlərlə kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, “Mir” stansiyasında bir ildən çox - 437 sutka 17 saat olub.
Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.
Sevinc Azadi, “İki sahil”