17 may 2019 10:31
8365

Sağlam olmaq üçün nə etməliyik?

İnsanlar üçün bədənin  sağlam  qidalanması və düzgün  qrafik əsasında  fəaliyyət göstərməsi  çox önəmlidir.  Çünki  bununla  həm  orqanizm  sağlam  və gümrah qalır, həm də  erkən qocalmanın qarşısı alınır, həm gün ərzində işdə aktiv şəkildə fəaliyyət göstərməyə kömək edir. Ona  görə  də bu  mövzuda bir neçə vacib nüanslara  diqqət və əməl etmək lazımdır.

İnsan orqanizmi  saat 06:00-da oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmalısınız.

Ürəyimizin  fəaliyyəti isə  saat 07:00-da  güclənməyə başlayır. Çalışın ki, bu  saatda nə idman  edin, nə də ürəyin yüklənməsinə səbəb olacaq  hər hansı bir hərəkət etməyin. Yaxşısı budur ki, bu vaxt  acqarına bir stəkan su için və  sonra səhər yeməyi yeyin.

Qan analizi vermək  istəyənlər  isə saat 08:00-ı gözləsinlər.  Saat 8 qan analizi üçün ideal zamandır, bir saatdan sonra stresdən dolayı qanın tərkibi artıq dəyişəcək.

Zehni əməklə məşğul olan şəxslər  üçün  ən  mükəmməl zaman 10:00-dır. Çünki beyin artıq daha oyaq olur. Beynin çətin məsələləri həll etmək və vacib qərarlar vermək qabiliyyəti yüksəlir. Bədənin temperaturu isə artır.

Həm  bol-bol qidalanıb, həm də kökəlmək istəmirsinizsə, o  zaman  saatların 11:00 olmasını gözləməlisiniz. Həmin vaxtda  bədən yağ yandırır. Odur ki, ürəyiniz istədiyi hər şeyi yeyə bilərsiniz. Ürək döyüntüsü və qan dövranı optimal səviyyəyə çatır.

Oksigen  çatışmazlığını kompensasiya etmək üçün saat 12:00 əla vaxtdır. Açıq pəncərə qarşısında oturun və otağı havalandırın. Yeganə aktiv orqan  mədədir, o yeməyin həzm olunması üçün mədə şirəsi ifraz edir.

Orqanizmin rahat  həzmi üçün saatların 13:00-ı göstərməsi lazımdır.  Bu  vaxt orqanlarımız həzmə proqramlaşdırılır. Saat 13:00-da nahar edin və özünüzə kiçik istirahət verin. Yaxşı olardı ki, bu saatda əsəbiləşməyəsiniz, naharı  sakit şəraitdə yeyəsiniz. Orqanizmə imkan verin ki, qidalı maddələri həzm etsin.

Saat 14:00-da yaşam  gücünüz  minimuma düşür. Vücudunuzun  dincəlməyə maksimum  şəkildə ehtiyacı var.  Bir saatdan sonra isə beyin yenidən aktivləşir, çalışmağa davam edə bilərsiniz. Bu  vaxt   həm  də ev işləri üçün ideal zaman göstəricisidir. Saat 16:00-da isə  beyindən sonra bədən oyanır. Odur ki, fiziki məşqlər üçün ideal vaxtdır. Ağciyərlər və nəfəs yolları açılır. Təmiz havada gəzin. Bu, həm də mədəyə faydalı olacaq.

Sırf fiziki  əməklə məşğul olanlar üçün  17:00 uyğun  zamandır. Biznesmenlər özünə daha əmin olur, rəssamlar şedevrlər yaradır, idmançılar isə ən yaxşı nəticələrini qazanırlar.

Saat 18:00-dır, deməli,  vaxt mədəni istirahətindir. Dırnaqlar və saçlar daha sürətlə uzanır. Bədən bir az yorğun düşür. Sinirlər ağrı və qəzəbə daha güclü reaksiya verir.

Saat 19:00-da isə bədən müalicəyə, dəri isə kosmetik prosedurlara qarşı çox həssasdır. Dəri məsamələri açılır, diqqət zəifləyir, beyin rahatlaşır.

Görmə qabiliyyətimiz isə saat 20:00-da güclənir. Geyim seçimi üçün ən yaxşı vaxtdır. 20:00-dək şam etmək lazımdır, çünki bundan sonra orqanizm zəifləyir. Qaraciyər fəal işləyir, odur ki, bu saatda spirtli içkilər qəbul etmək daha məntiqlidir.

Bədən temperaturu və maddələr mübadiləsi  saat  21:00-dan sonra aşağı düşür.  Bu saatda  xüsusilə ağır tərkibdə  qidalanmaq olmaz. Çünki yemək tam həzm olunmur. Sadəcə mədə və qaraciyər işləyir.

Saat 22:00-da qaraciyər işini dayandırır. Siqaret çəkməyin, çünki bütün nikotin dərhal orqanizmə daxil olacaq, qaraciyər isə onu təmizləməyəcək.

İstəməsək də,  saat 23:00-da yuxuya getməyə başlayırıq. Maddələr mübadiləsi, temperatur, ürək və sinirlərin aktivliyi minimuma qədər azalır. Stress hormonu olan “kortizol” artıq istehsal olunmur. Cavan qalmaq istəyirsinizsə, yatağa bu saatda girmək lazımdır. Bu  saatda həm də  dəri hüceyrələrinin bərpası başlayır.

Saatlar 24:00-ı göstərdikdə isə bədən növbəti gün üçün bütün resurslara qənaət edir. Bu anda yatmaq lazımdır.

Sağlam  bədən  və aktiv fəaliyyət üçün bütün  bunlara  əməl edin.  Unutmayaq ki,  hər şeyin  öz vaxtı olduğu kimi,  hər bir orqanın da öz  oyanma vaxtı var.

Yaqut Ağaşahqızı, “İki sahil”