23 may 2019 10:33
787

Beynəlxalq təşkilatlar ölkənin siyasi sabitliyinə xüsusi önəm verirlər

Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, dünyanın güclu dövlətləri və aparıcı beynəlxalq təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi təşkil edir.

Milli Məclisin deputatı Kamran Bayramov İkisahil.TV-yə açıqlamasında bildirdi ki, balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə və mehriban yaşadığı tolerant bir ölkə kimi tanınır, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir.

K.Bayramov qeyd etdi ki, bütün bunlar Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində də önəmli hal sayılır. Bu gün Avropa İttifaqını Azərbaycanla əməkdaşlığa cəlb edən əsas amillərdən biri də xalqımızın ali milli mənəvi dəyərlərin daşıyıcısı olmasıdır. Beləliklə, milli mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması kimi pozitiv göstəricilər qurum tərəfindən olduqca yüksək qiymətləndirilir.

Kamran Bayramov xüsusilə qeyd etdi ki, Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib. İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu gün Avropa İttifaqını Azərbaycanla əməkdaşlığa cəlb edən əsas amillərdən biri də xalqımızın ali milli mənəvi dəyərlərin daşıyıcısı olmasıdır. Nəticə etibarilə ekspertlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Perspektivdə isə yeni əməkdaşlıq platformalarının müəyyənləşdiriləcəyini və münasibətlərin əhatə dairəsinin daha da genişlənəcəyini söyləmək olar.

Kamran Bayramov vurğuladı ki, Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu elə böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda, belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividentlər gətirir.

Kamran Bayramov xüsusi olaraq vurğuladı ki, son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt da təbii ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkədə siyasi sabitliyin önəminə xüsusi fikir verirlər. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Bu tədbirlərin  Azərbaycanda keçirilməsi bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırıb.

Şəmsiyyə Əliqızı, “İki sahil”