21 iyun 2019 10:11
1967

ODLAR YURDUNUN PARLAQ ZƏKASI

Tarix bir güzgüdür. Bu güzgüyə baxdıqda yalnız hər şeyi görmək mümkün deyil, çünki tarixin güzgüsü bütün şüurlu həyatını xalqına, Vətəninin inkişafına həsr edən şəxsiyyətləri əks etdirir. Belə şəxsiyyətlərdən biri də Bağır Ələkbər oğlu Süleymanovdur. Bağır Süleymanov 1959-cu il iyun ayının 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) qaz-neftmədən fakültəsini bitirmişdir.

B.Süleymanov 1987-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru, 1997-ci ildə texnika elmləri doktoru elmi dərəcəsi, 2011-ci ildə isə ixtisas üzrə professor elmi adını almışdır. O,  2014-cü il tarixindən AMEA-nın Yer Elmləri Bölməsinin “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının sədri  seçilmişdir.

B.Süleymanov əmək fəaliyyətini keçmiş “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində başlayaraq 1981-1985-ci illərdə  neft və qaz hasilatı üzrə operator, mühəndis vəzifəsində işləmişdir. O, 1985-1988-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  Neft yataqlarının işlənməsi və istismarı kafedrasında assistent, 1988-2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Neft və qazın qeyri-xətti mexanikası şöbəsində böyuk mühəndis, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır.  2000-ci ildən başlayaraq SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda neft və qaz hasilatı sahəsində elmi işlər üzrə direktor müavini,  2001-2006-cı illərdə direktor  vəzifəsini icra  etmişdir.  2006-cı ildən isə  neft və qaz hasilatı üzrə direktor müavini vəzifəsini uğurla icra edir.

AMEA-nın müxbir üzvü B.Süleymanov elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin qeyri-bircinsli məsaməli mühitlərdə süzülməsinin fiziki və riyazi modelləşdirilməsi əsasında, layların neftveriminin artırılması, quyudibi zonanın işlənməsi və  su axınlarının təcrid olunmasının yeni texnologiyaların yaradılması və uğurla  tətbiq olunması; Qeyri-bircins laylarda qeyri-Nyuton mayelərinin axını  zamanı  S-vari filtrasiya qanununun mövcudluğunun təyin edilməsi, təcrübi və  nəzəri cəhətdən əsaslandırılması; Qazlı Nyuton və qeyri-Nyuton mayelərin  təzyiqin böhrana qədər sahələrində stasionar və qeyri-stasionar süzülməsi hərtərəfli öyrənilməsi təşkil edir. Apardığı tədqiqatlar göstərmişdir ki, maye sərfi kəskin surətdə (2-3  dəfə) artır; qazlı qeyri-Nyuton mayelər üçün yeni effekt təyin edilmişdir. Belə ki, göstərilən halda reoloji əyrilər müəyyən şəraitdə tam modifikasiyaya  məruz qalır, yəni dilatant xüsusiyyətinə malik olan maye psevdoplastik mayeyə çevrilir və ya əksinə; göstərilən nəticələrin fiziki mahiyyətini, mexanizmini vermiş və sürüşmə effekti əsasında nəzəriyyəsini işləmişdir; neft yataqlarının işlənməsinin statistik modelləşdirilməsi nəticəsində işlənmə prosesinin mərhələlərə bölünməsinin, maksimal hasilatın və çıxarıla bilən ehtiyatların təyini metodikasını işləmişdir; fraktal və multifraktal  ölçülərin istifadəsi əsasında neft yataqlarının işlənməsinin analizinin yeni üsulları işlənmiş və tətbiq etmişdir; riyazi modelləşdirmə əsasında müxtəlif geoloji-texniki tədbirlərin tətbiqi üçün namizəd quyuların seçilməsi üsulları işlənmişdir; neft hasilatı quyularında müxtəlif texnoloji proseslərin modelləşdirilməsi nəticəsində yeni tipli quyu avadanlığı - dalma nasosları, yeraltı təmiri avadanlığı, quma qarşı süzgəclər və s. işlənmiş  və uğurla tətbiq edilmişdir; müxtəlif reagentlər - deemulqatorlar, depresatorlar, səthi aktiv maddələr və s. işlənmiş və uğurla tətbiq olunmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra avadanlıqlar və reagentlər sənayedə tətbiq edilmiş və hazirda tətbiq olunmaqdadır.

B.Süleymanov 1998-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə Ekspert Şurasının üzvü, 2003-2006-cı illərdə isə sədri olmuşdur. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin yanacaq və energetika üzrə problem şurasının sədr müavini, 2003-2009-cu illərdə “Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. 2003-2008-ci  illərdə “Şahdəniz” qazkondensat yatağının işlənməsi üzrə rəhbər komitənin üzvü, 2004-cü ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında enerji resurslarının səmərəli istifadə edilməsi üzrə komissiyanın sədr müavini olmuşdur. 2009-cu ildən ABŞ-ın Neftçi Mühəndislər Cəmiyyətinin (SPE), 2019-cu ildən Rusiya Təbiət Elmləri Akademiyasının Neft və qaz seksiyası üzrə xarici üzvüdür.

B.Süleymanov 2009-cu ildən 2016-cı ilədək “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “SOCAR Proceedings” (“Elmi əsərlər”) jurnalının redaksiya heyətinin üzvü, sonradan isə həmin jurnalın baş redaktorunun müavinidir. Həmçinin 2016-cı ildən “Territoriə Nefteqaz” (Rusiya) elmi-praktiki jurnalının, “Vesti qazovoy nauki” (Rusiya) elmi-texniki toplusunun, 2018-ci ildən “AMEA-nın Xəbərləri, Yer elmləri” jurnalının  baş redaktorunun müavinidir. Journal of Petroleum Science & Engineering, International Journal of Oil, Gas and Coal Technology, Physics of Fluids, Industrial & Engineering Chemistry Research journal, Energy & Fuels, Colloids and Surfaces A: Physicochemical and Engineering Aspects journal, Journal of the Chemical Society of Pakistan, RSC Advances jurnallarının rəyçi ekspertidir.

B.Süleymanov 216 elmi əsərin, o cümlədən 72 müəlliflik şəhadətnaməsi, ixtira və patentin, 1 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinin çox hissəsi xaricdə - ABŞ, İngiltərə, Almaniya, Rusiya və digər qabaqcıl ölkələrdə dərc olunmuş, 34 ixtirası Rusiya Federasiyası patenti, 17 ixtirası isə Avrasiya patenti almışdır. Əsərlərinə tanınmış beynəlxalq jurnallarda mütəmadi istinad olunur. Onun dünyanın ən nüfuzlu elm və təhsil ocaqlarının aparıcı alim və mütəxəssisləri ilə daimi ünsiyyəti öz bəhrələrini verməkdədir. Belə ki, elmi rəhbərliyi altında “Neft və qaz yataqlarının işlənməsi və istismarı” və “Dəniz faydalı qazıntı yataqlarının işlənməsi texnologiyası” ixtisasları üzrə 16 fəlsəfə və 1 elmlər doktoru dissertasiyası müvəffəqiyyətlə müdafiə olunmuşdur. Hazırda rəhbərliyi altında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda, AMEA-nın riyaziyyat və mexanika institutunda Qazaxıstan respublikasının vətəndaşları da olmaqla 37 aspirant və dissertant çalışır. Bu əməyinin nəticəsi olaraq 1985-ci ildə “SSRİ ixtiraçısı” döş nişanı, 2004-cü ildə isə Respublikanın Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı, 2014-cü ildə ictimai-siyasi fəaliyyətinə görə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Fəxri Fərmanı, 2013-cü ildə  ixtiraçılıq sahəsində birinci respublika müsabiqəsinin qalibi, 2017-ci ildə Ukraynanın İvano-Frankovsk Dövlət Neft və Qaz Texniki Universiteti qarşısında xidmətlərə görə medalı,  2017-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncamı ilə “Tərəqqi” medalı, 2018-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə təltif olunmuşdur.

Hər şeydən öncə qeyd edim ki, sözün həqiqi mənasında, gözəl insan, görkəmli ziyalı kimi nüfuz qazanmış Bağır müəllimi xalqımızın yetişdirmiş olduğu neftçi nəslinin görkəmli nümayəndəsi kimi hələ gənclik illərdən tanıyıram.  O zamanlar adını tez-tez eşitdiyim Bağır müəllim həmişə yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, əqidəliliyi, prinsipiallığı, əməksevərliyi və əzmkarlığı ilə sayılıb-seçilən bir insan kimi təsəvvür etmişəm. Sonralar tale elə gətirib ki, neftçi fəaliyyətimlə əlaqədar onu daha yaxından tanımış və ondakı yüksək insani dəyərlərin canlı şahidi olmuşam.

Bağır müəllim xalqımızın zəngin milli mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və 60 illik ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, görkəmli ictimai xadim kimi də Azərbaycan cəmiyyətinin böyük etimadını qazanıb. Yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutub.   Belə mənalı, maraqlı ömür yaşamaq hər insanın taleyinə, qismətinə yazılmır. Onun mənalı ömür yolu indiki və gələcək nəsillər üçün əsl örnəkdir. O, hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm də görkəmli bir ziyalı kimi tanınmasına imkan verib. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb və bu dəyərləri qorumaq istəyi həmişə ədalətli cəmiyyət arasında olmağından irəli gəlib. Bağır müəllimin vətəndaşlıq mövqeyindən danışarkən, xatırlatmaq yerinə düşər ki, o, dövlətçilik ənənələrinin qorunmasında fəallıq göstərən müasirlərimizdəndir.

Hər zaman obyektivlik prinsipinə əsaslanan Bağır müəllim yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə SOCAR rəhbərliyinin və kollektivin diqqət mərkəzində dayanaraq hörmət və rəğbətini qazanıb. Əməksevərlik, insanpərvərlik və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlərə malik olan Bağır müəllim rəhbərlik etdiyi əməkdaşlarına hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır.

İyun ayının  22-də Bağır müəllimin 60 yaşı tamam olur. 60 müdriklik yaşıdır. Ancaq mən deyərdim ki, müdriklik Bağır müəllimin yaşında deyil, xarakterindədir, mənəviyyatındadır. Xaraktercə, mənəviyyatca müdrik olan insanların haqqında ömrünün istənilən yaş mərhələsində qürurla, alnıaçıq, üzüağ danışmaq olar. Ömrünün 60-cı baharını yaşayan Bağır müəllim düz 19 ildir ki,  institumuzda direktor müavinidir. Təkcə bu müddətdə deyil, bütün ömrü boyu şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla və bacarıqla çıxıb. Mən kiminsə ondan narazı qaldığını heç ağlıma belə gətirə bilmirəm. İstər kollektivinin, istərsə də cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmişə yüksək fikirdə olduğunun dəfələrlə şahidi olmuşam. Bağır müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnasız keyfiyyətləri dayanır. O, harada olur-olsun, Vətənimizi təmsil və təbliğ edir. Belə olmasaydı, uzun müddət çalışdığı sahədə bu qədər hörmət və nüfuz sahibi olmazdı. Təsadüfi demirlər ki, vətənpərvərlik ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərlik özünə hörmətdən, özünü sevməkdən başlayır, daha sonra milləti sevirsən, xalqı sevirsən və nəhayət dünyanı sevə biləcək vətəndaşlıq haqqı qazanırsan. 

Əziz Bağır müəllim! Siz elmi fəaliyyətiniz və insani  keyfiyyətləriniz ilə böyük hörmət və nüfuz qazanmış şəxsiyyət bu gündə əzmkarlıqla respublikamızın neft-qaz sənayesinin inkişafında müstəsna rol oynayan neftçi alimlərimizdənsiniz. Siz olduqca şərəfli, nəsillərə örnək olan bir ömür yolu keçmisiniz. Biz Sizinlə həm fəxr edir, həm də tükənməz qürur hissi keçiririk ki, uzun illərdir eyni sahədə çalışırıq. Bizim düşüncəmizdə Siz hər zaman çətinliklərin üzərinə mərdliklə yeriyən, əqidəsinə, prinsiplərinə, vətəninə, dövlətçiliyə sədaqətlə xidmət etmək iqtidarında olan işıqlı bir şəxsiyyət, qayğıkeş rəhbər, əsl ziyalısınız.

Hörmətli Bağır müəllim! Sizi, həyatınızın bütün mənalı və gənc  dövrünü neft sənayesinin ən çətin və məsuliyyətli sahəsi olan “Neft və qaz yataqlarının işlənməsi və istismarı” elminə və praktikasına  həsr etmiş şəxsiyyəti 60 illik  yubileyiniz  münasibətilə səmimi qəlbdən təbrik edir, respublikamızın çiçəklənməsi və neft elminin inkişafı naminə xidmətlərinizdə uğurlar diləyir,  Sizə  möhkəm cansağlığı, uzun ömür, əmək fəaliyyətinizdə yeni-yeni uğurlar, şəxsi həyatınızda xöşbəxtlik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin daha da möhkəmlənməsi və inkişafı naminə həyata keçirdiyiniz şərəfli və məsul işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Arzu edirik ki, həmişə olduğu kimi, başladığınız işləri böyük enerji ilə davam edəsiniz.

Qolunuzdan qüvvət, gözünüzdən nur, iradənizdən möhkəmlik və biliyinizdən zənginlik əskik olmasın!

Dərin hörmətlə,

“Neftqazelmitədqiqatlayihə” İnstitutunun kollektivi adından

Direktor

F.İsmayılov