“Vətəndaşlarımızın əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi ilə bağlı imzalanan son sərəncamlar aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir”.
Bu fikirləri Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, pedaqogika elmləri doktoru, professor Həsən Bayramov “İki sahil” qəzetinə açıqlamasında söylədi.
Bildirdi ki, belə sənədlərdən ikisi çoxminli müəllimlər ordusu ilə bağlı olub: “Belə ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlarla müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq. Bu sərəncamlar bütün pedaqoji kollektivlərdə, eləcə də 150-dən çox müəllimin çalışdığı bizim təhsil ocağında böyük rəğbətlə qarşılanıb. Mübaliğəsiz demək olar ki, bu sərəncamlar hər bir müəllimin ruh yüksəkliyini artırır. Şübhəsiz, hər müəllim bu etimadı doğruldacaq və daha səylə çalışacaq. Yeri gəlmişkən, bir müddət bundan əvvəl də bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əmək haqqı artırılmışdı.
Dövlət büdcəsinin vəsaiti hesabına doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin orta hesabla 20 faiz artırılması da çox təqdirəlayiq addım kimi qiymətləndirilməlidir. Əslində belə sərəncamlar ölkə başçısının xalqa nə qədər yaxın olduğunu bir daha göstərir. Bu, sənədlər həm də müəllimlərin gələcək fəaliyyətlərini stimullaşdırmaq üçün geniş imkanlar açır. Bu mənada dövlət başçısının da qeyd etdiyi kimi, şübhəsiz, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən ildir. Buna görə dövlət başçımıza bir daha minnətdarlığımızı bildirir və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda uğurlar arzulayırıq”.
Müsahibimiz, həmçinin vurğuladı ki, “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən, müəllimə hörmət və ehtiramla yanaşan, onların maddi rifahının qayğısına qalan ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndiririb. Bu gün isə bu missiyanı Prezident İlham Əliyev şərəflə davam etdirir.
Daha sonra dövlət peşə təhsili müəssisələrindən ətraflı söz açan müsahibimiz bildirdi ki, peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir: “Qeyd edim ki, ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi təsdiq edilib. Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, beləliklə, mərkəzlərin sayı 24-ə çatıb. Yeri gəlmişkən, bir məsələni də vurğulamaq istərdim. Digər mərkəzlər kimi, Bizim Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul “ASAN xidmət” vasitəsilə həyata keçirilir. Bu peşə təhsilinə qəbulda şəffaflığı təmin etməklə yanaşı, həm də daha hazırlıqlı məzunların bu sahəyə axınına səbəb olub”.
? Qvami Məhəbbətoğlu, “İki sahil”