Sumqayıt şəhərində daha bir tibb müəssisəsi yenidən qurulub. Şəhərdə fəaliyyət göstərən “Sum Modern Dental” stomatoloji klinikası əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Sum Modetn Dental” stomatoloji klinikasında yaradılmış şəraitlə yaxından tanış olub, burada çalışan tibb işçiləri ilə görüşüb söhbət edib.
Z.Fərəcov bildirib ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub. 1 nömrəli doğum evi, 1 və 2 nömrəli qadın məsləhətxanaları, 1 və 4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, vərəm xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq, 2 nömrəli şəhər poliklinikaları, onkoloji xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı çıxışında son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işlərinə nəzər salıb, Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Stomatoloji klinikanın baş həkimi Şahin Baxşəliyev vurğulayıb ki, son illərdə Sumqayıt şəhərində səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü işlər, dövlət və özəl tibb müəssisələrinə göstərilən diqqət və qayğı bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub.
Məlumat verilib ki, “Sum Modern Dental” stomatoloji klinikası 1 nömrəli stomotoloji poliklinikanın bazasında yaradılıb.
Ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı və Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq şəhər 1 nömrəli stomatoloji poliklinika Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməyə çıxarılıb və 2017-ci il 4 aprel tarixində hərrac yolu ilə özəlləşdirilib. Qeyd edək ki, 1969-cu ildə fəaliyyətə başlayan poliklinika Cənubi Qafqazın ən böyük stomatoloji poliklinikası olub.
“Sum Modern Dental” stomatoloji klinikasında anesteziologiya-reanimatologiya, anestezioloji-reanimatoloji, stomatologiya, terapeftik stomatoloji, cərrahi stomatoloji, ortopedik stomatoloji, ortodentik stomatoloji, üz-çənə cərrahiyyəsi, şüa diaqnostikası və rentgenoloji bölmələr fəaliyyət göstərir.
Orxan Vahidoğlu, “İki sahil”