ABŞ-ın neft və qaz hasilatı 2018-ci ildə rekord həddə çatıb. Məlumatı ölkənin Enerji İnformasiyası Administrasiyası yayıb.
Məlumatda bildirilir ki, ötən il ABŞ-ın neft hasilatı 16 %, qaz hasilatı isə 12 % yüksəlib. Gündəlik neft hasilatı 11 milyon barrel, qaz hasilatı 28,5 milyard kubfut təşkil edib.
Enerji İnformasiya Agentliyi Rusiyanın xam neft və təbii qaz hasilatının da 2018-ci ildə rekord həddə çatdığını açıqlayıb.
Səudiyyə Ərəbistanının illik orta xam neft hasilatı göstəriciləri 2018-ci ildə nisbətən yüksəlsə də, rekord hasilat qeydə alınmış 2016-cı illə müqayisədə aşağı olub.
ABŞ 2011-ci ildə ən böyük təbii qaz hasilatçısı Rusiyanı bu sahədə ötərək dünya üzrə birinci olmuşdu. 2018-ci ildə isə Səudiyyə Ərəbistanını neft hasilatında geridə qoyaraq dünya liderinə çevrilmişdi.
Enerji ekspertləri hesab edirlər ki, ABŞ-ın neft və qaz hasilatında ötən ilki artım indiyədək heç bir ölkə tarixində görünməmiş bir artım idi.
Nübar,
“İki sahil”