29 avqust 2019 13:41
1021

Demokratik inkişafla bağlı siyasətimiz milli maraqlarımızı təmin edir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, siyasi və iqtisadi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır

Dövlətimizin başçısı İlham Əliyevin ötən il prezident seçkiləri ərəfəsində səsləndirdiyi  “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir” tezisi prioritetləri açıqlamaqla yanaşı, bir daha bu reallığı nümayiş etdirdi ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsasdır.

Demokratiyanın vacib elementləri olan sabitliyin, qanunun aliliyinin təmin edilməsi istiqamətində atılan addımlar və onların uğurlu nəticələri göz önündədir.  “Həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz məhz bu siyasəti aparırıq. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, xalqın Prezidentinə inamının böyük olduğu ölkədə narazılıqlardan bəhs etmək qeyri-mümkündür. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verirlər. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən bəyan etmişdir ki, iqtisadi inkişaf əsasdır: “Çünki hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır. Artıq bu istiqamətdə çox böyük işlər görülübdür... Vəzifəmiz bundan ibarətdir ki, bu ənənələri inkişaf etdirək.” Dövlətimizin başçısı eyni zamanda, bildirmişdir ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Yəni insan amili dövlət siyasətinin əsasıdır. Daim özünə diqqət və qayğının şahidi olan xalqımız həyata keçirilən siyasətə dəstəyini cənab İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında da xalq-iqtidar birliyinin rolu böyükdür.

Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması davamlı uğurlara yol açır. Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsini, ölkənin hərtərəfli inkişafında əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımların nəticələri göz önündədir. Konstitusiyamızın qəbulundan ötən 24 ilə yaxın dövr ərzində sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, əfv fərmanlarının imzalanması, Amnistiya aktlarının qəbulu, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının yüksək səviyyədə qorunması, bu sahədə mövcud qanunvericilik bazasının dövrün tələbinə uyğun olaraq təkmilləşməsi və sair kimi önəmli tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi nümunədir, öyrənilməsi vacibdir. Ən əsası seçkilərdə mütərəqqi təcrübələrin- barmağın şəffaf mürəkkəbə boyanması, “exit-poll”un keçirilməsi və sairin tətbiqi beynəlxalq səviyyədə təqdir olunan addımlar sırasındadır.

Məhz ölkəmizin demokratik dəyərlərə verdiyi önəmi sözdə deyil, əməldə təsdiq etməsinin nəticəsidir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu və ötən dövr ərzində qurum qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə öz əksini tapıb. Ölkə Prezidenti çıxışlarında bu məqamı bəyan edir ki, Azərbaycanın atdığı addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, uğurlu gələcəyimiz üçündür. Bu fikir də qeyd olunur ki, demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqət yönəltsək görərik ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası  bu istəyin reallaşdırılmasının fundamental mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin araşdırılması, bu işə xarici mütəxəssislərin cəlb olunması, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılması bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycan dövləti islahatları dövrün tələbinə uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir.

Azərbaycan beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla, eyni zamanda, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün tribunanı əldə edir. Bilavasitə demokratik dəyərlərin inkişafı ilə məşğul olan AŞPA-nın hər sessiyasında Azərbaycanda həyata keçirilən demokratik islahatların yüksək dəyərləndirilməsi də bu təbliğatın real faktlara əsaslanmasından irəli gəlir. Qurumun Azərbaycan üzrə həmməruzəçiləri mütəmadi olaraq ölkəmizdə olur, aparılan islahatlarla yaxından tanış olaraq, hazırladıqları hesabatlarında reallıqların əksini tapmasına çalışırlar. Amma bir məqamı da etiraf edək ki, qurumun özündə birləşdirdiyi 47 ölkənin hər birinin  Azərbaycana münasibəti eyni ola bilməz. Bu fakt inkaredilməzdir ki, ölkəmizin sürətli demokratik, iqtisadi inkişafını qısqanclıqla qarşılayan xarici qüvvələr var. Onlar hər vəchlə inkişafa kölgə salmaq üçün qeyri-ciddi fikirlər səsləndirir, ətrafında geniş müzakirələr aparırlar.Əsas odur ki, belə əsassız, məqsədli kampaniyaları reallıqlarımızla cavablandırırıq. Azərbaycan demokratiya yolunda inamla irəliləyir, demokratiya strateji kursumuzun əsasını təşkil edir, heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Xatırlasaq, 2013-cü ilin yanvarında Avropa Şurasının qış sessiyasında “siyasi məhbus”larla bağlı hesabatın gündəmə gətirilməsi də antiAzərbaycan qüvvələrin çirkin niyyətlərinə işıq saldı. Amma ölkəmizin xeyrinə atılan addım bir daha yalanın, qərəzin həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Azərbaycana qarşı qərəzli kampaniyanın aparılmasından bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir: “2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiAzərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.” Ölkə Prezidenti bu mühüm hadisəni ədalətin təntənəsi kimi dəyərləndirərək qeyd etmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır: “Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.”

Göründüyü kimi, reallığı inkar etmək qeyri-mümkündür. Ölkəmizdəki  sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institut yaranıb. Seçki sistemi təkmilləşdirilir. Məlumdur ki, 2003-cü ilin mayında Seçki Məcəlləsi Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub. Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib. Eyni zamanda, Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilib, “Siyasi partiyalar haqqında” yeni qanun bu birlik, əməkdaşlıq sayəsində qəbul olunub. 2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər bir daha Azərbaycan dövlətinin təkmilləşmədə, yeniləşmədə nə qədər maraqlı olduğunu, ən əsası demokratik prinsipləri inkişafın əsası kimi dəyərləndirdiyini nümayiş etdirdi. Ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir. Bu da onu təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir.

Dövlətimizin hərtərəfli inkişafa xidmət edən islahatları zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirməsi, hər bir yeniliyin ayrı-ayrı sahələrin inkişafına yönələn qanunlarda öz əksini tapması Azərbaycanın ən islahatçı ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında yer almasını şərtləndirir. Bu uğurumuza bir əlavə də var ki, Azərbaycan dünyanın 10 xoşbəxt ölkəsi sırasındadır. Təbii ki, bu xoşbəxtliyi ölkəmizə, xalqımıza qazandıran ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Göründüyü kimi, 15 ildən artıq zaman Azərbaycanın inkişaf tarixinə hər sahədə önəmli səhifələr yazıb. Bu səhifələrin şərtləndirən əsas amillər təbii ki, xalqın iradəsi, dövlətin qətiyyəti, zamanın tələblərinə uyğun olaraq təkmilləşən islahatlar, ən əsası insan amilinə verilən dəyərdir. “Hakimiyyətin əsas mənbəyi xalqdır” söyləyən cənab İlham Əliyev bildirir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi atılan addımların davamlılığı üçün stimuldur. Dövlətimizin başçısı bu məqamı da vurğulayır ki, nə zaman xalq görülən işlərdən razı qalarsa, onda mən də razı olaram.

Xalq 2003-cü ildən ötən 15 ildən artıq dövr ərzində bu razılığını ölkədə keçirilən seçki proseslərində ifadə edib. 2008, 2013 və 2018-ci il prezident, 2005, 2010 və 2015-ci il parlament, 2004, 2009 və 2014-cü il bələdiyyə seçkiləri bu dəstəyin bariz nümunəsidir.

Ötən ilin 11 aprel prezident seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir uğur səhifəsini yazdı. Dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

Ölkədə keçirilən hər bir seçki prosesi, eyni zamanda, nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının da cəmiyyətdəki nüfuzuna və siyasi çəkisinə işıq salır. Partiyanın hər seçkidən uğurla çıxması onun qələbələr partiyası kimi qazandığı imici daha da möhkəmləndirib. Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.

2019-cu il ölkəmizdə bələdiyyə seçkiləri, 2020-ci il isə parlament seçkiləri ilidir. Hər bir seçkiyə yeni təcrübə, çağırışla qatılan Yeni Azərbaycan Partiyası bu kampaniyalardan da uğurla çıxacaq. Təbii ki, buna əsas yaradan Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlər və əldə olunan uğurlardır. Daim özünə diqqət və qayğının şahidi olan xalq irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir, yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərir. Baxmayaraq ki, ənənələrinə sadiqlik nümayiş etdirən daxili bədxahlarımız ictimaiyyəti çaşdırmaq üçün əsassız fikirlər səsləndirməkdə, münnəcimlik etməkdədirlər. Seçkilərə xeyli müddət qalmasına baxmayaraq yenə də kampaniyanın qeyri-demokratik keçiriləcəyi ilə bağlı fikirlər səsləndirməkdədirlər. Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədovun müsahibəsində qeyd etdiyi kimi, müxalifətin nə qədər bu inkişafın üzərinə qara yaxmağa çalışmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşı dərk edir ki, 90-cı illərin əvvəlində o necə yaşayırdı, indi necə yaşayır. 90-cı illərin əvvəllərinin Azərbaycanı necə idi, indi Azərbaycan necədir. İnsanlarımız çox aydın şəkildə dərk edirlər ki, bu gün Azərbaycana qarşı təbliğat aparan şəxslər, seçkilərin guya qeyri-demokratik olduğunu bəyan edənlər 90-cı illərdə hakimiyyətdə olaraq iflasa uğramış insanlardır. Əgər müxalifət səs qazana bilmirsə, onun səbəbini çox yaxşı olardı ki, özlərinin hərəkətlərində axtarsınlar.

Yeganə Əliyeva,

“İki sahil”