Arzuman Canəli oğlu Səfərov Vətən, torpaq uğrunda canından keçəndə 20 yaşının tamamına lap az qalırdı. Bu oddan-alovdan keçən qısa həyat yolu yurda bir sədaqət nümunəsinə döndü. Çünki Tanrının verdiyi ömür payını ləyaqətlə yaşamağı bacardı.
1973-cü ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olan Arzuman torpağını canından artıq sevən, nəcib, xeyirxah insanların istək və arzulardan yükünü tuta-tuta yetkinlik yaşına çatır. Orta məktəbi bitirib bir müddət kənddə qalır. Bütün eşqini, məhəbbətini el-obanın xoşbəxtliyinə bağlayır. Hər ötən gün ona insanların sevgisini, sevincini gətirir. ..
Erməni quldurlarının Azərbaycanın müqəddəs torpağı olan Qarabağda başladığı müharibə xalqın digər qeyrətli övladları kimi Arzumana da pis təsir edir. Düşmənlə mübarizə aparmaqda özündə tükənməz qüvvə görür.1992-ci ildə Milli Ordunun tərkibində Füzuli rayonunda hərbi xidmətə başlayır. Müharibə meydanında düşmənə qarşı yaxşı vuruşmaqla bərabər, döyüşçü yoldaşlarına da mənəvi dayaq olur.
Arzumanın ön cəbhənin ən qaynar nöqtələrinə getməyi Vətənə ilahi sevgisindən irəli gəlir. Əlinə silaha alıb hamıdan qabaq düşmənin üstünə qartal tək şığıyır. Nəticə də ermənilər bu əzəmətin qarşısında tab gətirmir, böyük itkilər verməklə məğlub şəkildə geri çəkilirlər.
Ermənilər 14 avqust 1993-cü ildə böyük qüvvə ilə qəflətən Füzuli rayonunun Qızılqaya kəndinə güclü hücum çəkirlər. Arzuman yenə də düşməni qıra-qıra qabağa gedir. Təəssüf ki, çox ağır keçən döyüşün qızğın çağında özü də gülləyə tuş gəlir.
Bəli, bu mərd insanı bütün Lerik camaatı özünə layiqli oğul sayır. Onun 46 yaşını qeyd etməyə gələnlər Arzuman haqqında qürurla danışıb zaman-zaman gələn nəsillərə örnək olacağını söylədilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü