25 sentyabr 2019 20:20
2225

Sumqayıt Tibb Kollecinin 50 illik yubileyi qeyd olunub

Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə təhsil ocağının yarım əsrlik tarixindən və bu günündən bəhs edən sənədli filmi izləyiblər.

Səhiyyə nazirinin müavini Elsəvər Ağayev kollecin kollektivini yubiley münasibətilə təbrik edib, bu təhsil müəssisəsinin Sumqayıt şəhərində səhiyyənin formalaşması və inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir müavini qeyd edib ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da böyük təkan verir. Ölkə rəhbərliyinin apardığı sosialyönümlü siyasətin nəticəsi olaraq son illər ərzində səhiyyənin inkişafı istiqamətində çoxsaylı məqsədyönlü layihələr həyata keçirilir. Sumqayıt şəhərində də səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Bu il cənab Prezident 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzalayıb.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayaraq Sumqayıt Tibb Kollecinin 50 illik yubiley münasibəti ilə kollektivi təbrik edib, təhsil müəssisəsinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib. Z.Fərəcov qeyd edib ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb.

Kollecin direktoru, tibb elmləri doktoru, Əməkdar həkim Rəfayıl Eyvazov kollecin fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci 1969-cu ildən fəaliyyətə başlayıb. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin respublika üçün gördüyü məqsədyönlü işlərdən biri də Sumqayıt şəhəri və ona yaxın rayonlarda əhalinin orta tibb işçilərinə olan ehtiyacını ödəmək məqsədi ilə yaratdığı Sumqayıt Tibb Məktəbi olub. İlk dövrlər məktəb 2 şöbə, 90 tələbə, 10 müəllimlə fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə kimi 10 minlərlə tələbə orta ixtisas təhsili alaraq respublikanın müxtəlif bölgələrində çalışırlar.

Qeyd olunub ki, 1969-cu ildən fəaliyyət göstərən Sumqayıt Tibb Məktəbi Prezident İlham Əliyevin Sərəncamı ilə təhsildə aparılan islahatlarla əlaqədar olaraq 2010-cu ildən Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci adlandırılıb.

Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və kollecin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılıb, əyani vəsaitlərlə təhciz olunub müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradılıb. Kollec bir neçə dəfə cari və əsaslı təmir olunub. Bildirilib ki, kolleci bitirən məzunların işlə təmin olunmasına daima nəzarət olunur. Demək olar ki, məzunların əksəriyyəti kolleci bitirən kimi işlə təmin olunurlar. Hal-hazırda Sumqayıt şəhərinin tibb müəssisələrində 1671 məzun fəaliyyət göstərir.

Sonda Sumqayıt Tibb Kollecinin bir qrup müəllim və tələbələri Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunublar.

Orxan Vahidoğlu, “İki sahil”