04 oktyabr 2019 10:29
1598

Qızıl Aypara Cəmiyyətinin əsas hədəfləri

Dövlət qurumları və hökumət strukturları ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) əsas hədəflərindəndir. Bu məqsədlə Təhsil Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumunun icrasını daha da intesivləşdirmək, ikitərəfli münasibətlərin təkmilləşdirilməsi və qarşılıqlı münasibətləri təsbit edən memorandumun imzalanması istiqamətində təhsil müəssisələrinin və hərəkatın yerli bölmələrinin birgə fəaliyyətinin daha sürətli aparılması nəzərdə tutulmuşdur. Qanunvericiliyə, o cümlədən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanuna müvafiq olaraq, tərəfdaşlığın səmərəliliyi artırılaraq ehtiyaclara cavabvermə, zərərçəkmiş insanlara daha çevik yardımların edilməsində əsas məqsəddir.

Son illərdə Şirvan şəhərinin təhsil müəssisələrində Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsi bir sıra tədbirlər həyata keçirmisdir. Belə ki, 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar Şirvan şəhər 16 saylı tam orta məktəbində maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur. Məktəblilər onları maraqlandıran məsələlər barədə çoxsaylı suallar verərək, həmin suallara cavablar almışlar. Belə tədbirlər şəhərin digər məktəblərində də hər il  təşkil olunur.

Şirvan şəhər ümumtəhsil məktəblərində “İnsan alverinə yox deyək”, “Siqaretlə mübarizə”, “Narkotikə yox deyək”, “Miqrasiya”, “İlk yardım”, “Qripə qarşı mübarizə” təlimləri bütün 7-11-ci siniflər arasında keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin keçirdiyi 12 günlük fəlakətlərə qarşı hazırlıq təlimində QAC Şirvan şəhər bölməsi məktəblilərdən ibarət könüllü dəstəylə iştirak etmiş və onlara yanğın zamanı xilasetmə, təxliyə, yaralıların istehkam yerindən çıxarılması təlimi verilmişdir. Məktəblilərin fövqəladə hallara hazır olmaları baxımından bu cür təlimlərin keçirilməsi şəhər təhsil işçiləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Ötən dövrdə Şirvan şəhərində 347 ailədən olan imkansız ailələrin uşaqlarına sünnət aksiyasi təşkil olunmuşdur. Burada valideynlərini itirmiş 110 məktəbli uşaq dəftərxana ləvazimatları ilə təmin edilmişdir.

QAC-ın Şirvan bölməsinin sədri Ülviyyə Balayeva şəhər 21 nömrəli tam orta məktəbin şagird və müəllimlərindən bir qrupu ilə şəhərin yataq xəstələrindən olan iki ailəyə baş çəkmiş və onlara ərzaqla yanaşı, başqa tibbi ləvazimatlarla da yardım etmişlər. Bununla bərabər, iki serebral iflicdən əziyyət çəkən uşağa məktəblilər üçün rahat istifadə olunan çoxfunksiyalı 2 əlil arabası verilmişdir.

“SAB” şirkətinin 20 illik yubileyi münasibətilə Qızıl Aypara Cəmiyyətinin Şirvan şəhər bölməsinin qeydiyyatında olan 60 fiziki qüsurlu, az təminatlı, valideynlərini itirmiş uşaqlar dəvət olunmuş və onlara şirkət tərəfindən bayram süfrəsi açılmış, populyar müğənnilər və QAC-in könüllülərinin iştirakı ilə konsert təşkil olunmuşdur

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş milli ordunun paradı münasibətilə “Bir gün də olsa sevinclə yaşadaq” devizi altında QAC şəhər bölməsinin təşkilatçılığı ilə 44 uşaq Bakı şəhərinə gəzintiyə aparılmışdır. Burada uşaqlar Heydər Əliyev Mərkəzində, Park Bulvarda, İçərişəhərdə, Şirvanşahlar sarayında olmuşlar.

Bu il isə Şirvan şəhər bölməsinin təşkilatçılığı ilə 42 aztəminatlı, fiziki qüsurlu, valideynlərini itirmiş uşaqlar şəhərin “Fədək” ailəvi istirahət mərkəzinə getmişdilər. Burada onlar müxtəlif attraksionlarda əylənmiş və heyvanlar aləmi ilə tanış olmuşlar.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə yaradılmışdır. Hal-hazırda cəmiyyətinin şəhər bölməsi tərəfindən şəhər təhsil şöbəsi ilə birlikdə təhsil müəssisələrində QAC-ın yaranmasının 100 illik yubileyi münasibətilə  əlaqədar müvafiq tədbirlərin, o cümlədən maarifləndirmə xarakterli işlərin planlı şəkildə  həyata keçirilməsi nəzərdə tutulur.

Həmin plana uyğun olaraq məktəblərdə bu hərəkatın  tarixi, missiyası, fəaliyyəti, Azərbaycan dövlətinin QAC-a gündəlik qayğı göstərməsi barədə ətraflı məlumat vermək və müvafiq söhbətlər aparmaq, foto-stendlər quraşdırmaq, guşələr yaratmaq, həmçinin bütün insanlara təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlər göstərən bu təşkilatın veteranları ilə görüşlərin və digər zəruri tədbirlərin təşkil olunması planlaşdırılır.

Rövşən Ağayev