Neft-qaz sənayesində müasir texnologiyalarla bağlı beynəlxalq sammitin Bakıda keçirilməsinin əsas səbəbi kimi Azərbaycanın neft istehsalının Vətəni olması xüsusi qeyd edildi
Oktyabrın 10-da “SOCAR Tower”də SOCAR və SAP şirkətlərinin birgə təşkilatçılığı, MDB ölkələrinin neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı ilə “SAP Energy” Forumu öz işinə başladı. Tədbirdə “Rosneft”, “LUKoil”, “Qazprom”, “Qazpromneft”, “Transneft”, “Zarubejneft”, “SİBUR”, “TAİF”, “Salim Petroleum”, “KazMunayQaz”, “Belorusneft”, MOL, OMV və digər şirkətlərin nümayəndələri iştirak edirdilər.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Forumun işinə uğurlar arzulayaraq, Azərbaycanın tarixən neft ölkəsi kimi tanınmasından, “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizini dünyaya açmasından, biri-birindən əhəmiyyyətli enerji layihələrinin uğurlu icrasından, bu uğurlarda payı olan SOCAR-ın keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, zamanın tələb və çağırışlarına uyğun səmərəli fəaliyyət göstərmək üçün SOCAR-da bütün istiqamətlər üzrə yeniliklər tətbiq olunur. Hədəflərinə çatmaq məqsədilə fəaliyyətinin əsas qüvvəsi olan insan resurslarının səmərəli şəkildə istiqamətləndirilməsini başlıca vəzifə olaraq qəbul edən SOCAR ERP sistem həlləri bazarında dünyanın qabaqcıl şirkətlərindən biri hesab edilən SAP şirkəti ilə mühüm layihələr həyata keçirir.
X.Məmmədov Forumda müzakirəyə çıxarılan mövzular ətrafında aparılan müzakirələrin uğurlu nəticələrə yol açacağına əminliyini ifadə etdi.
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İlham Aslanov qeyd etdi ki, ölkəmizdə İKT sektoru hazırda iqtisadiyyat sahəsi kimi dinamik inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında, ümumilikdə cəmiyyətin həyatında fəal rol oynayır.
O da bildirildi ki, SOCAR-da mühasibat uçotu, iqtisadi təhlil, insan resurslarının idarə edilməsi, istehsalatın planlaşdrılması, layihələrin idarəolunması, keyfiyyətə nəzarət, hasilat sahələri üzrə müasir informasiya iexnologiyalarının tətbiqi işlərinin davam etdirilməsi ilə yanaşı, istehsalatın digər sahələrində də SAP ERP sisteminin müxtəlif modullarının tətbiqinə başlanılıb.
Qeyd edək ki, 2008-ci ildən SOCAR-ın müəssisə və təşkilatlarında SAP-ın BRP sisteminin Fİ, MM, SD, HR, FSCM (TRM komponenti), GRC ( AC komponenti) modullarının, SAP sisteminin CO (kontrollinq), BPC (büdcələşmə), BPC ( konsolidasiya), GRC (RM komponenti), Opentext CS (elektron sənəd dövriyyəsi), BW (biznesin məlumatlar bazası) modulları, həmçinin sistemin istehsalat sahəsinə aid olan PP, PM, PS və QM modulları tətbiq edilir.
Hal-hazırda 3500-ə yaxın elektron sənəd dövriyyəsi (ESD Opentext) və 3800-ə yaxın SAP moddullarının istifadəçiləri olmaqla SAP BRP sisteminin və Opentext Proqram Kompleksinin tətbiqi SOCAR və onun bütün müəssisə və təşkilatlarını əhatə etmişdir və İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən dəstəklənməsi yerinə yetirilir.
“Neft-qaz sənayesində müasir texnologiyalarla bağlı beynəlxalq Sammiti harada keçirəcəyimiz barədə çox düşünmədik. Bakını seçməkdə birinci səbəb Azərbaycanı neft istehsalının vətəni kimi tanımağımızdır. Rusiya və MDB dövlətləri arasında məhz Azərbaycanda XIX əsrin ortalarında dünyada sənaye üsulu ilə ilk neft quyusu qazılıb. Müasir texnologiyaların tətbiqi baxımından innovativ lider kimi SOCAR öz təcrübəsini bölüşmək və fikir mübadiləsi aparmaq üçün MDB ölkələrindən olan biznes tərəfdaşlarını buraya cəlb edir. Həmçinin SOCAR Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılmasına dair dövlət kursunu dəstəkləyir” söyləyən “SAP CIS” şirkətinin baş direktorunun müavini Dmitri Pilipenko bildirdi ki, artıq 10 ildən çoxdur SOCAR və SAP birgə əməkdaşlıq qurub. SAP Avropanın ən böyük proqramlaşdırma şirkətlərindən biridir. Bizim şirkət daim yeni texnologiyalar irəli sürür, bunları da biz SOCAR-a təklif edirik. Bu Forumun Bakıda keçirilməsində əsas iki məqsədimiz var. İlk öncə SAP şirkəti bu sahənin rəqəmsallaşdırılması ilə bağlı fikirlərini bölüşməkdə, həmçinin müxtəlif şirkətlərin öz aralarında intensiv əlaqələrin qurulmasında maraqlıdır. SOCAR-ın dəstəyi ilə Forumda “Qazprom”, “Qazprom neft”, “LUKoil”, “KazMynayGaz”, “Belorusneft” kimi şirkətlərin nümayəndələri iştirak edir. Düşünürəm ki, həmkarların arasında müzakirə etmək və ümumi fikrə gəlmək üçün bir çox məsələlər var”.
«Qazpromneft»in rəsmisi Denis Dobroxotov, «Surqutneftqaz»ın rəsmisi Rinat Qimpanov yeni texnologiyaların tətbiqi şəraitində əldə olunan nailiyyətlərdən, birgə səylərin yol açdığı uğurlardan geniş bəhs etdilər.
Diskussiya şəklində davam edən Forumda sahə ekspertlərinin və SAP-ın neft-qazın rəqəmsallaşdırılması haqqında hesabatları, rəqəmsal yatağın yaradılması təcrübəsi, “Star” neft emalı zavodu, SARS-4HANA bazasında intellektual müəssisə, nəqliyyatın və xüsusi texnikanın idarə olunmasının avtomatlaşdırılması, ERP daxil edilməsinin akseleratoru qismində şirkət modeli, “Surqutneftqaz: daxili servis üçün Process mining”-ə dair məruzələr dinlənildi, müzakirələr aparıldı, mütəxəssislər rəqəmsal transformasiya sahəsində əldə etdikləri təcrübəni bölüşdülər, yanacaq-energetika kompleksinə daxil olan müəssisələrin innovativ layihələri müzakirə olundu.
Yeganə Əliyeva,
Vüsal Cahanov (foto), “İki sahil”