15 oktyabr 2019 18:57
483

Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb

Oktyabrın 15-də Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Təhsil Nazirliyindən bildiriblər ki, C.Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək, bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu deyib. Təhsil naziri ona gələcəkdə qatılacağı yarışlarda yeni-yeni qələbələr qazanmağı, Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulayıb. C.Bayramov ölkəmizdə şahmatın gələcək inkişafında Aydının da xüsusi rolunun olacağına inamını ifadə edib.

Aydın Süleymanlı Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb.

Görüşdə dünya çempionuna hədiyyələr təqdim edilib.