21 oktyabr 2019 12:29
846

Fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi sentyabr ayında muxtar respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasını təmin edib.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Mülki Müdafiə Alayı və Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində xidmətin təşkili və aparılması üzrə nümunəvi məşğələ, Mülki Müdafiə Alayının zabit heyəti ilə birgə qərargah məşqi keçirilib. Həmçinin Əlahiddə Ümumqoşun Ordunun Mülki Müdafiə Alayı ilə 2019-cu tədris ilinin planına əsasən qarnizon üzrə keçirilən məşğələlərdə 21 sürücünün və rabitəçilərin iştirakı təmin edilib. Mülki Müdafiə Alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət edən 4 hərbi qulluqçusu, hərbi hissənin tabor komandirləri və müavinləri Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində keçirilən toplantılara və ixtisasartırma kurslarına cəlb olunublar.

Hesabat dövründə 6 müəssisədə texniki təhlükəsizliyə əməl olunması yoxlanılıb, 3 müəssisə dövlət reyestrində təkrar qeydiyyatdan keçirilıb, 3 müəssisədə 18 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı ilə təmin edilib. Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 8 tibb müəssisəsində yoxlama keçirilib, aşkar edilmiş 5 qayda pozuntusunun aradan qaldırılması istiqamətində tövsiyələr verilib, 3 tibb müəssisəsi radioloji-gigiyenik pasportla təmin olunub.

Mülki müdafiə işinin təşkili ilə bağlı 10 mərkəzi icra hakimiyyəti orqanında mülki müdafiə sahəsində yoxlama aparılıb, 188 ümumtəhsil məktəbinin sinif rəhbərləri və dərs hissə müdirləri ilə tədris-metodik toplantı, 32 təşkilatda qrup məşğələsi keçirilib. Naxçıvan şəhərində 143 ictimai yaşayış binasının mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılıb, 2 inzibati binanın zirzəmisinin mülki müdafiənin mühəndis-texniki normalarına uyğun inşa olunmasına nəzarət edilib.

Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 445 obyektdə yanğın-texniki müayinələr aparılıb, kənd yaşayış məntəqələrində reydlər keçirilərək 714 yaşayış evinə baxış keçirilib, 1567 nəfər yanğına qarşı təlimatlandırılıb.