Bu gün Azərbaycan və Türkiyə regionda və dünya miqyasında əsl dostluq, qardaşlıq nümunəsi nümayiş etdirərək uğurla əməkdaşlıq edirlər. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və s. sahələri əhatə edir. Ümummilli Liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr dünyaya sülh və təhlükəsizlik vəd edir. Təəssüf ki, bu dostluq və qardaşlığı qəbul etməyən, gözü götürməyən erməni və ermənipərəst qüvvələr var. Onlar hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə çalışır, regionda sülh və sabitliyə ciddi təhlükə yaradırlar. 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Türkiyəyə qarşı qondarma soyqırımı iddiaları bunun bariz nümunəsidir. Bəzən dünyanın ayrı-ayrı ölkələrində erməni lobbosinin təsiri altında olan dairələrin işğalçı qüvvələrə dəstəyi daha çox təəssüf doğurur və beynəlxalq hüququn təməl prinsiplərini ayaqlar altına atır.
Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsi təsdiq edib. 405 konqresmen qətnamənin lehinə, cəmi 11 nəfər əleyhinə səs verib. Sənəd Nümayəndələr Palatasına demokrat Adam Şiff tərəfindən təqdim edilib. Layihə Senatda müzakirəyə çıxarılacaq.
Bu cür ədalətsiz addımdan sonra qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter mikrobloqunda qətnamənin qəbul edilməsini tənqid edib. O, konqresmenlərin qərarını utancverici hesab edib və bunu tarixdən siyasi məqsədlərə çatmaq üçün istifadə etmək cəhdi hesab edib.
Prezident Rəcəb Tayyib Ərdoğan isə Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən bildirib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamənin Türkiyə üçün heç bir anlamı yoxdur. Bu sənədə səs verələr bilməlidirlər ki, ermənilər keçmişdə xalqımıza qarşı ağır terror aktları törədiblər.
Türkiyə Prezidenti qeyd edib ki, saxta “erməni soyqırımı” mövzusu Türkiyəyə qarşı məqsədli və uydurma bir təzyiq vasitəsidir. Rəsmi Ankara dəfələrlə arxivləri açmağa hazır olduğunu bəyan edib. Bu məsələ ilə bağlı Türkiyə arxivlərində bir milyondan çox tarixi sənəd var. Ermənilər isə indiyədək ortaya heç bir sənəd qoya bilməyiblər. Çünki gerçəkdə belə bir fakt yoxdur. Erməni terror təşkilatları 1970-ci ildən başlayaraq dünyanın 21 ölkəsində Türkiyənin diplomatik nümayəndəliklərinə və təmsilçiliklərinə qarşı yüzdən çox terror aktı həyata keçiriblər. Bu terror aktlarında 40 nəfərdən çox türkiyəli diplomat və dövlət adamı həlak olub.
Türk qardaşlarımızın dəstək məqsədilə Azərbaycan və Türkiyə vəkilləri ABŞ Prezidentinə müraciət ünvanlayıblar. Belə ki, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyədə fəaliyyət göstərən vəkil-hüquqşünaslara müraciət edib. Müraciətdə A.Bağırov onları qondarma “erməni soyqırımı” ilə bağlı yaradılan petisiyaya qoşulmağa çağırıb.
Bir hüquqşunas olaraq hesab edirəm ki, bu cür məsələləri tarixçilər araşdırmalıdırlar. Təbii ki, tarix isə işğalçı ermənilərin əleyhinədir. Ona görə də onlar hər vasitə ilə öz çirkin niyyətlərini həyata keçirir, işğalçılıq siyasətlərini davam etdirməyə cəhd edirlər. Azərbaycan və Türkiyə ictimaiyyəti, dövlət rəsmiləri bu cəhdlərin qarşısı qətiyyətlə alır. Sübhəsiz ki, bu mübarizədə hər kəs bir olmalı, birgə mübarizə aparmalıdır. Dünyanın hər tərəfində işğalçı erməni yalanları ifşa edilməli, həqiqətlər təbliğ edilməlidir.
Sümbülə Əliyeva,
Azərbaycan Vəkillər Kollogiyasının üzvü