20 noyabr 2019 12:17
658

Azərbaycanlı məcburi köçkünlərin Los-Ancelesə səfəri barədə məqalə

“Jewish Journal” azərbaycanlı məcburi köçkünlərin Los-Ancelesə səfəri barədə məqalə dərc edib

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qalmış sakini Dürdanə Ağayevanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən məcburi köçkünlərdən ibarət nümayəndə heyətinin Los-Anceles şəhərinə səfərinin təfərrüatlarından bəhs edən məqaləsini dərc edib. Müəllif yazır ki, nümayəndə heyətinin tərkibinə Şuşa sakini Tural Gəncəliyev, Laçın rayonundan olan Gülməmməd Məmmədov və Dürdanə Ağayevanın özü kimi Xocalıda soyqırımı yaşamış Ceyhun Ələkbərov daxil olublar.

Los-Ancelesə səfər etmiş məcburi köçkünlərin taleyindən bəhs edən D.Ağaeva qeyd edir ki, Ermənistan qoşunları Xocalını işğal edəndə və dinc əhaliyə qarşı qırğın törədəndə onun cəmi 20 yaşı olub. Gülməmməd isə 1992-ci il mayın 18-də Laçın rayonu işğal olunduğu vaxtdan sonra 10 il ərzində qaçqınlar üçün çadır düşərgəsində yaşayıb. Bu düşərgədə məktəbin olmamasına baxmayaraq, o, UNICEF-in təqdim etdiyi dərsliklər əsasında təhsil alıb və sonradan ABŞ-ın Sirakuz Universitetinə daxil olaraq bu ali məktəbi biofizika üzrə elmlər doktoru dərəcəsi ilə bitirib. Tural Şuşa şəhərindən qovulan 40 min azərbaycanlı sakin ilə birlikdə 12 yaşında məcburi köçkün olub. O, ötən il Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri seçilib və Dağlıq Qarabağdan didərgin düşmüş 80 min azərbaycanlı məcburi köçkün icmasını təmsil edir.

Səfər zamanı nümayəndə heyəti Amerika Yəhudi Komitəsinin, Los-Anceles Konfessiyalararası Şurasının rəhbər şəxsləri, İsa Məsih Kilsəsinin nümayəndələri, Pakistan və Türkiyə icmalarının və Orinc dairəsi İslam Cəmiyyətinin təmsilçiləri, həmçinin Azərbaycanın yaxın dostu olan ravvin Devid Vulpe və Los-Anceles Sinay Məbədinin digər liderləri ilə görüşlər keçirib.

Ağayeva qeyd edir ki, nümayəndə heyətinin səfərinin böyük bir hissəsi ABŞ yəhudilərinin ən böyük və gözəl məbədlərindən biri olan Nessa sinaqoqunda təşkil edilmiş xüsusi proqram olub. Proqram çərçivəsində Qarabağda davam edən işğal və dağıntılar bərəsində videoçarxlar nümayiş etdirilib, məcburi köçkünlərin hər biri çıxış edərək özünün həyatda qalması tarixçəsini danışıb. Məqalənin sonunda müəllif ümidvar olduğunu bildirir ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq və Azərbaycan torpaqları işğaldan azad ediləcək.