21 noyabr 2019 16:41
1170

Nə qədər ki, gec deyil, siqaretdən imtina etmək lazımdır

Siqaret çəkərkən udulan hər nəfəsdə tütün tüstüsü 50 min beyin hüceyrəsini məhv edir. Alimlərin apardıqları tədqiqatın nəticələrinə görə, siqaret tüstüsü hətta ürəyin formasını da dəyişir. Səhiyyənin aktual problemlərindən olan tütünçəkmə qeyri-infeksion xəstəliklərin risk faktorlarından biridir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən XX əsrdə tütünçəkmə 100 milyon insanın həyatını itirməsinə səbəb olub və əgər onun qarşısı alınmazsa, yaşadığımız əsrdə 1 milyard insanın həyatına son qoya bilər.

Tütünçəkmədən İmtina Günü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə AZƏRTAC-ın müxbirinə deyib: "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" və "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn əsas vəzifələrə uyğun olaraq mərkəzimiz ilkin olaraq Mərkəzi Gömrük Hospitalının işçi heyəti arasında maariflənmə işləri həyata keçirir. Bunun üçün xəstəxana daxilində personalın iştirakı ilə maarifləndirici görüşlər təşkil edilir və tütündən imtina təşviq olunur. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il dünyada 8 milyon insan tütünçəkmə və onun yaratdığı xəstəliklər nəticəsində həyatını itirir. Onun 1 milyonu passiv tütünçəkənlərdir, yəni tütün məmulatlarından istifadə etməyib, onun zərərli təsirinə məruz qalanlardır. Passiv tütünçəkmə nəticəsində də bir çox xəstəliklər yarana və yaxud mövcud xəstəliklərin ağırlaşmaları müşahidə oluna bilər. Eyni zamanda müxtəlif ürək-damar xəstəlikləri və tənəffüs yolu xəstəlikləri də tütünçəkmənin yaratdığı problemlərdən hesab olunur. Xüsusilə tütünçəkmə 90 faiz hallarda ağciyər xərçənginin yaranmasına gətirib çıxarır. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada yaşayan uşaqların yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu isə onlarda xüsusilə tənəffüs yolu xəstəliklərinin yaranmasına və ağırlaşmalarına gətirib çıxara bilər. Beləliklə siqaret çəkənlər özləri ilə yanaşı ətrafdakıların da sağlamlığı üçün təhlükə yaratmış olur”.

Müsahibimiz söhbətə davam edərək deyib: “Siqaretdən istifadə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur. Araşdırmalar göstərir ki, ondan birbaşa imtina edənlərdə uğur göstəricisi 80 faiz olduğu halda azaldaraq imtina edənlərdə həmin rəqəm daha aşağı olmuşdur. Tütünçəkmədən imtina edənlərdə bir müddət absistensiya halı - başağrı, əsəbilik, yorğunluq, halsızlıq və s. müşahidə oluna bilər. Lakin tütündən imtina etdikdən sonra orqanizmdə ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, Bu, uzun müddət siqaret tüstüsünə məruz qalan orqanizmdə gedən proseslərin sadəcə olaraq başlanğıcıdır. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır və beləliklə də infarkt riski azalır. Artıq 24 saat ərzində orqanizm özünü tənzimləmə prosesini gücləndirir. İki gün sonra isə qanda nikotinin səviyyəsi azalır, dad və qoxu duyğusu bərpa olunmağa başlayır. Əgər siqaretə 3 gün ara verilərsə, tənəffüs yolu və qida borusunun funksiyası yaxşılaşır. Nikotinin bütünlüklə orqanizmdən sorulması isə 12 həftəyə yaxın vaxt tələb edir. Həmin müddət ərzində xroniki yorğunluq hissi aradan qalxır, əl və ayaqlarda keyimə azalır, ağciyərlər normal funksiyasını nisbətən bərpa edir, beş il sonra isə infarkt təhlükəsi, qırtlaq, qida borusu, ağız boşluğu və ağciyər xərçənginə tutulma riski 50 faizə qədər azalır”.

Qəlyan və elektron siqaretlər barədə bəhs edən mütəxəssis qeyd edib ki, hər bir tütün məhsulu insan orqanizmində ölümcül xəstəliklərin yaranmasına gətirib çıxaran risk faktorudur: “Elektron siqaretlər və qəlyan yuxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Gigiyenik tələblərə riayət edilmədikdə hətta tənəffüs yollarının infeksion xəstəliklərin yayılmasına gətirib çıxarır. Xüsusilə qapalı məkanlarda qəlyandan istifadə edilməsi nəticəsində insanlar həm də passiv tütünçəkməyə məruz qalırlar. Bu isə xəstəliklərin yaranma ehtimalını daha da artırmış olur. Nəticə etibarı ilə qəlyan və elektron siqaretlər də digər tütün məhsulları kimi orqanizmi üçün zərərlidir”.

Dünya əhalisinin 30 faizinin siqaret çəkdiyini deyən Şəhla Mirzəzadə Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 15 yaşından yuxarı kişilər arasında tütünçəkmə 33 faiz təşkil etdiyini diqqətə çatdırıb: “Ölkəmizdə tütün çəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ölkəmizdə böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur. Lakin bununla yanaşı, eyni dərəcədə və bəzi hallarda daha təhlükəli hesab edilən passiv tütünçəkmə göstəriciləri dünyanın əsasən inkişaf edən ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir. Buna görə də tütünçəkmədən imtinanın təbliği daim prioritet istiqamətlərdən biri olaraq qalır. Ona görə də həkimlər bu barədə həmişə xəbərdarlıq edirlər: nə qədər ki, gec deyil, nə qədər ki, iş işdən keçməyib, tütünçəkmədən imtina etmək lazımdır”.