10 dekabr 2019 11:49
989

Balakəndə mükafatların təqdim olunması mərasimi keçirilib

Gənc nəslin vətəndaş tərbiyəsi müəllimlərin  qarşısında duran ən mühüm vəzifədir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son illər bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı, müəllim əməyinin qiymətləndirilməsi və stimullaşdırılması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi sahələrində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Bu günlərdə Balakən Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə carı ildə təltif edilmiş bir qrup pedaqoji kadralara mükafatlar təqdim edilmişdir.

Onlardan biri “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan R.Hədisov adına Yeni Şərif kənd tam orta məktəbinin riyaziyyat müəllimi Sabir Bazarovdur.

S.Bazarov 1956-cı ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmiş və həmin ildən Balakən rayonu Şərif kənd 2 saylı kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1983-cü ildə Azərbaycan Maarif Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 1987-1993-cü illərdə Meşəşambul kənd orta, 1994-1996-ci illərdə Yeni Şərif kənd orta, 1997-2002-ci illərdə Qaysa kənd orta məktəbində, 2002-2015-ci illərdə Yeni Şərif kənd tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 1979-1993-cü illər ərzində onun şagirdləri mütəmadi olaraq  riyaziyyat olimpiadalarının Respublika turunda iştirak ediblər və onlardan 3-ü həvəsləndirici mükafata layiq görülmüşdür. Hazırda onun yetirmələrindən 10-dan çoxu riyaziyyat fakültəsini bitirərək, riyaziyyat müəllimi kimi fəaliyyət göstərirlər.

S.Bazarovun son illərdə Yeni Şərif kənd tam orta məktəbində dərs dediyi şagirdlərdən ali məktəblərin I və II qrupları üzrə imtahan göstəriciləri yüksək olmuşdur. S.Bazarov 2015 və 2018-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülmüşdür. Hal-hazırda onun yetirmələrindən 3 nəfəri ali məktəblərdə riyaziyyat ixtisası üzrə təhsil alır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunanlardan biri də Katex 1 saylı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lalə Qardaşovadır.

100 ilədək tarixi olan bu təhsil ocağı son illərdə böyük uğurlar qazanmışdır. Belə ki, diaqnostik qiymətləndirmədə 42 nəfərlik kollektivin 13 nəfəri 50 baldan çox, 16 nəfəri isə 40-50 bal arası nəticə göstərmişdir. Məktəbin müəllimlərindən biri Əməkdar müəllim, 1 nəfər “Tərəqqi” medalı ilə, bir neçə müəllim isə Təhsil Nazirliyinin mükafatı ilə təltif olunmuşdur.

Məktəbin məzunlarından Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, olimpiada qalibləri, “Xəmsə” yarışmasının qalibi, müxtəlif müsabiqə və yarışlarda fərqlənənlər vardır. Son 10 ildə məktəb məzunlarından 137 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Onlardan 6-sı 600 baldan çox, 17-si 500-600 bal, 37 nəfər isə 400-500 bal toplamışdır.

Məktəbin məzunları arasında elmlər doktoru adına layiq görülən elm adamları, müxtəlif dövlət müəssələrində yüksək vəzifədə çalışanlar, iş adamları, həmçinin universiteti bitirəndən sonra öz doğma məktəbinə qayıdıb burada işləyənlər vardır.  Həmin  məktəbin yetirmələrində biri olan Lalə Qardaşova artıq 25 ildir ki, dilimizin gözəlliyini və saflığını şagirdlərə sevdirir. Onun müxtəlif illərdə dərs dediyi şagirdlərdən müəllim kimi fəaliyyət  göstərərək birgə addımladığı yetirmələri də vardır.

Azərbaycan Respublikası Təhsil Naziriliyinin Fəxri Fərmanı ilə təltif olunmuş Balakən rayonunun Təhsil şöbəsinin məktəbəqədər metodisti Qumru Daanova 1980-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məktəbəqədər təhsilin pedaqogika və psixologiyası fakültəsinə daxil olmuş və 1984-cü ildə həmin fakültəni bitirmişdir.

1986-cı ilin oktyabr ayından Balakən Rayon Təhsil Şöbəsində məktəbəqədər müəssisələr üzrə metodist işləyir. O, qabaqcıl təcrübələrin öyrənilib yayılması, yeni təlim metodlarının tərbiyəçilərə öyrədilməsi, bağça uşaqları arasında sərgilərin, müsabiqələrin, yarışların keçirilməsi üzrə işlərə uğurla rəhbərlik edir.

Q.Daanova 2011-ci ildən Yeni Azərbaycan Partiyası 2 saylı ərazi təşkilatının sədridir. YAP rayon təşkilatı tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur. 2015-ci ildən Balakən Rayon Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən təhsilyanı şuranın katibi, 2017-ci ildən isə Rayon təhsil şöbəsi nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyanın sədridir. 2013-cü ildə keçirilən qadınların qurultayına nümayəndə seçilmişdir.

Mükafatların təqdimat tədbirində çıxış edən Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev, Balakən  rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, təhsil Naziriliyinin 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Şahruddin Qallacov və digərləri təltif olunmuş şəxsləri təbrik edərək, onlara yeni uğurlar arzulamış və qeyd etmişlər ki, gənc nəslin müstəqil həyata hazırlanması və vətəndaş tərbiyəsi müəllimlərin  qarşısında duran ən mühüm vəzifələrdir.

Tədbirdə çıxış edən Qumru Daanova, Lalə Qardaşova və Sabir Bazarov Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirmiş və vurğulamışlar ki, şagirdlərin  bilikli, vətənpərvər vətəndaşlar kimi yetişməsi üçün bütün qüvvələrini sərf edəcək, təhsildə yüksək keyfiyyətə nail olmaq üçün çalışacaqlar.

Tədbirin sonunda təltif olunmuş şəxslərə müxtəlif mövzularda, o cümlədən ümummilli lider Heydər Əliyevin, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar, həmçinin tanınmış ziyalıların ədəbi-publisistik əsərləri hədiyyə edilmişdir.

R.Ağayev