15 yanvar 2020 10:44
1331

“Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir

“Siz həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı yolunda böyük işlər görmüsünüz, böyük töhfələr vermisiniz. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rolunuz var. Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak etmisiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmisiniz”. 

"İki sahil" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 14-də akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimində yubilyar haqda danışarkən deyib.

Ölkə Prezidenti qeyd edib ki, həmin yataqlar arasında “Azəri”, “Çıraq” və “Günəşli” xüsusi yer tutur: “Bu yatağın sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır. Ancaq “Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını “Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir”. 

Bu yaxınlarda sözügedən yatağın işlənilməsi müddətinin uzadılmasının təmin edildiyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaq: “Siz də yaxşı xatırlayırsınız ki, “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdaşlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Hətta biz təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? Ancaq siz də o vaxt tam əminliklə deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xarici tərəfdaşların hesabatına əsasən bu yataqda ən azı 1 milyard ton neft vardır. Amma şübhəsiz, gələcək illərdə, xüsusilə yeni texnologiyalar tətbiq olunduqda, hesab edirəm ki, bu yataqdan daha çox neft çıxarılacaqdır”.