21 yanvar 2020 20:47
1485

Ləyaqətli, intellektual və mehriban insanlara səs verək!

Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, Vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək müşkül məsələdir. Belələri az zaman kəsiyində elə dəyərli, elə qiymətli işlər görürlər ki, bu, kimdəsə təəccüb, kimdəsə  də qibtə hissi yaradır. Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır.

Belə insanlardan biri də - Elman Nəsirovdur.

Azərbaycanda bu gün onu hamı tanıyır. Hər kəs televiziya, radio dalğalarında, mətbuat səhifələrində onun çıxışlarını dinləmək, oxumaq istəyir. Həm də təkcə ölkəmizdə deyil, Vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da onu tanıyır, sevir və qiymətləndirirlər.

Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu adamı istər peşəkar alim kimi məşğul olduğu sahədə - müəllimlikdə, istərsə də siyasətşünas, beynəlxalq icmalçı kimi fəaliyyət göstərdiyi  ictimai-siyasi prosesdə aparıcı şəxslərdən biri kimi dəyərləndirirlər.

Oxucunu intizarda qoymayaq. Bu şəxs çox gənc yaşlarından (indi də gəncdir) universitet auditoriasında geniş ictimaiyyət qarşısında çıxışlar edən, mühazirələr söyləyən siyasi elmlər doktoru, professor Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Xudam oğlu Nəsirovdur.

Onun həyat yoluna diqqət yetirəndə Elman müəllimin sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə  yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələrin hesabına nail olmuşdur.

Gəlin onun keçib-gəldiyi həyat yoluna nəzər salaq: Elman Nəsirov 1968-ci mayın 23-də Cəlilabad rayonunun Təzəkənd kəndində müəllim ailəsində dünyaya göz açıb. Doğulduğu kənddə orta məktəbi bitirib. Sonra iki il (1986-1988-ci illər) hərbi xidmətdə olub. Ordudan qayıtdıqdan sonra ali təhsil almaq üçün sənədlərini 1989-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinə verir, yüksək qiymətlərlə Universitetə daxil olur, 1994-cü ildə fərqlənmə diplomu ilə oranı bitirir. BDU-nun Tarix fakültəsinin Böyük Elmi Şurası təhsildə qazandığı uğurları yüksək qiymətləndirərək istedadlı gəncin universitetdə saxlanması haqqında qərar qəbul edir.

Artıq gənc Elmanın gələcək həyat yolu müəyyənləşir. Belə ki, o, tezliklə BDK-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarix kafedralarının dissertantı olur. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır.

Burada bir həqiqəti demək lazımdır ki, hər bir alim, hər bir ziyalı, xüsusən beynəlxalq münasibətlər ilə məşğul olan şəxs bir neçə vacib sayılan əcnəbi dil bilməlidir. Elman müəllim bunu çox erkən dərk etmiş, xarici dilləri öyrənməyi bir məqsəd kimi qarşısına qoymuşdu. Bu məqsədlə o, əvvəlcə rus dilini lazımı səviyyədə öyrənir, beynəlxalq  münasibətlərdə açar rolunu oynayan, ingilis dilini mükəmməl öyrənmək məqsədilə 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil alır və oranı da fərqlənmə diplomu ilə bitirir.

Elman müəllim həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə getmək üçün yorulmaq bilmədən çalışan insanlardandır. Elmin yüksək pillələrinə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yollada dözümlük və səbr göstərmək bizim Elman müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirəm: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub. 2011-ci ildə çox çətin, ağır, ancaq lazımlı, müasir dövr üçün çox akutal sayılan “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda uğurla doktorluq dissertasiyası müdafiə edən Elman müəllim bir il sonra, yəni 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru seçilir. Təbii ki, bütün bunlar gənc alimin uğurlarına, təkcə Dövlət İdarçilik Akademiyasına deyil, respublikaya başucalığı gətirməsinə verilən qiymət və diqqətdir.

Professor Elman Nəsirov ilk gündən işlədiyi, fəaliyyət göstərdiyi DİA-nın ictimai-siyasi həyatında çox yaxından, olduqca fəal və layiqli iştirak etmişdir. Onun savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona həmişə hörmət və başucalığı gətirmişdir.

DİA-nın rəhbərliyi bu gəncin istedad və bacarığını həmişə yüksək qiymətləndirmiş, ona etimad göstərmişlər. Bu etimadın nəticəsidir ki, o, 2004-cü ildən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir. Elman müəllim, həmçinin 2012-ci ildən Rumıniya Respublikasının nüfuzlu “Geopolitika” elmi-analitik jurnalının da Redaksiya heyətinin üzvüdür.

Elman müəllim uzun illərdir təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda politoloq, siyasətşünas, diplomat kimi tanınır. Yüksək peşəkarlıqla xarici siyasət sahəsini dərindən bilməsi və araşdırması ona ümumxalq məhəbbəti qazandırmışdır.

Onun fəaliyyət dairəsi olduqca  genişdir. Bəzən adama qəribə gəlir ki, bu qədər işlərin öhdəsindən bir adam neçə gələ bilər. Ancaq Elman Nəsirov bunu bacarır və ona tapşırılan işlərin öhdəsindən layiqincə  gəlir. Yenə də bu yorulmaz gəncin göstərdiyi fəaliyyət dairəsindən bəzi məqamları qeyd edək: 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və siyasi elmlər  üzrə Ekspert Şurasının ekspertidir; 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin əvvəlcə direktor müavini, sonra isə direktoru; 2014-cü ildən Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi və eksperti; 2015-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Bizim Planet” proqramının ararıcı və s.

Professor Elman Nəsirov bütün bu çətin və şərəfli işlərlə yanaşı, həm də onlarla dəyərli  elmi və publisistik əsərlərin, müqalələrin müəllifidir. Zəkalı alimin qələminin məhsulu olaraq  müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti, beynəlxalq terrorizm problemi və s.barədə 9 kitabın, 100-dən artıq elmi məqalənin və 6 tədris- metodiki işin müəllifidir. Bir sıra elmi məqalələri xarici ölkələrdə (ABŞ, Rusiya, Çexiya, İran, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rumıniya, Bolqarıstan,  Makedoniya və s.) çap edilmişdir.

Onun müəllifi olduğu kitablar ölkəmizdəki siyasətşünasların, diplomatların, tarixçilərin stolustu kitablarıdır.

Professor Elman Nəsirov Azərbaycan tarixşünaslığını özünün olduqca orijinal, samballı, zamanla, həyatla səslənən, insanları düşündürən məsələlərə, sulalara cavab verən elmi və publisisti əsərləri ilə xeyli zənginləşdirmişdir. Bunlardan “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” Bakı, 1998, “Azərbaycan nefti və beynəlxalq müqavilələr. Bakı, 1999, “ABŞ və dünya 11 sentyabrdan sonra” Bakı, 2003. “Amerika Birləşmiş Ştutlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri” Bakı, 2010,  “ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər)”, Bakı, 2018 “Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: Rəsmi qəbul və səfərlərin icmalı, Bakı, 2007 (4 kitab) və s. qeyd etmək olar.

Mübaliğəsiz demək olar ki, professor Elman Nəsirov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalıdır. Onun qələmindən çıxın əsərlər həcmindən asılı olmayaraq mütəxəssislər tərəifndən həmişə yüksək qiymətləndirilmişdir. Hələ 1997-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdikləri, “Azərbaycan neftinin dünəni, bu günü və sabahı” mövzusunda gənc alim və tədqiqatçıların ümumrespublika müsabiqəsinin qalibi olmuş, 1-ci dərəcəli diplom və mükafatla təltif edilmişdir, 2009-cü ildə Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə o, “Qızıl qələm” media mükafatı laureatı diplomu ilə təltif olunmuşdur. Yenə həmin il Daxili Qoşunların şəxsi heyəti qarşısında hərbi vətənpərvərlik mövzusunda etdiyi mütəmadi çıxışlarına görə Daxili Qoşunların Komandanı tərəfindən Fəxri Fərmanla, 2013-cü ildə isə ölkəmizin gənc diplomat kadrlarının maarifləndirilməsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Gənc Diplomatlar Birliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Bundan savayı,  milli mətbuatımızın 140-cı ildönümü münasibətilə peşəkar fəaliyyətinə görə TRT AVAZ-ın “7-ci Gün”  Proqramının eksperti olaraq “Qafqaz media” İctimai Birliyinin təsis etdiyi “Peşəkar jurnalist” mükafatı laureatı adını qazanmışdır. Bunlardan savayı, 2016-cı ildə Azərbaycanda siyasi elmlərin və parlamentarizm mədəniyyətinin inkişafında töhfəsinə, “Simurq” AMA-nın yaradıcı fəaliyyətində iştirakına gərə və Assosiasiyanın 25 illik yubileyi ilə əlaqədar “Simurq” beynəlxalq medalı, 2018-ci ildə “EMEDİA GROUP”un “Şəms” Milli Mükafatı, 2019-cu ildə  Sosial Media Mərkəzi tərəfindən  uğurlu ictimai-siyasi fəaliyyətinə görə  “Xəzər” Milli  mükafatı, 2019-cu ildə yenidən “EMEDİA GROUP” tərəfindən  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə  “The Best of Azerbaijan”  milli  mükafatlandırma mərasiminin  Fəxri mükafatı, 2019-cu ildə  “TONİKA QRUP” tərəfindən  İctimai-siyasi fəaliyyət sahəsində fərqləndiyinə görə “Odlar Yurdu-2018” Milli mükafatı, 2019-cu ildə  Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası tərəfindən  “Azərbaycan təltiflərinin brendi”  Milli mükafatı, habelə 2019-cu ildə  “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi tərəfindən Azərbaycanın məşhur milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş “Nurlu əməllərin işığında”  sənədli filminin çəkilişinə ekspert dəstəyinə görə  “Ağamusa zirvəsi”  diplomu ilə təltif olunmuşdur.

Professor Elman Nəsirovun fəal elmi və ictimai-siyasi fəaliyyəti dövlətimiz və xalqımız tərəfindən də yüksək qiymətləndirilmişdir. Ulu öndər Heydər Əliyevin yaratdığı və ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədi olaraq 2015-ci il 1 noyabr tarixində V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilmişdir. Bu yeni statusunda da Elman Nəsirov fəallığı ilə seçilmiş, mühüm ölkədaxili və beynəlxalq məsələlərlə bağlı öz elmi-siyasi mövqeyini ortaya qoymuş, xüsusilə də möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən sistemli islahatlar kursunun hüququ bazasının möhkəmləndirilməsi prosesinə öz töhfəsini vermişdir. Müntəzəm olaraq seçiciləri ilə görüşmüş, onları narahat edən məsələlərin həlli istiqamətində ardıcıl olaraq və nəticəyə köklənmiş  səylər göstərmişdir. Mlli Məclisin Türkiyə, Belarus, Ukrayna, Macarıstan, Çin, İndoneziya, Özbəkistan,  Latviya,  Lüksemburq, Makedoniya ilə parlamentlərarası işçi qruplarının və  Azərbaycan-Avropa İttifaqı  Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü olaraq ölkəmizin ali qanunverici orqanının parlament diplomatiyasının inkişafına layiqli töhfə vermişdir. Bu töhfəsi parlament rəhbərliyinin diqqətindən kənar qalmamışdır. Belə ki, 2018-ci ildə həm Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı, həm də Azərbaycan Respublikası Milli Məclisinin “Parlament” medalı ilə təltif olunmuşdur.

Bu faktı xüsusi olaraq qeyd edirəm ki, Elman Nəsirovun olduqca fəal elmi və ictimai-siyasi fəaliyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. 2019-cu il 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elman Nəsirov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)”  yubiley medalı ilə təltif olunmuşdur.

Professor Elman Nəsirov respublikamızın ən qabaqcıl siyasi analitiklərindən biri olaraq xarici ölkələrin nüfuzlu telekanallarında  dəfələrlə çıxış etmiş, müsahibələr vermişdir. O, həmçinin dünyanın müxtəlif ölkələrində  siyasi-akademik dairələr qarşısında çıxış edərək Azərbaycan həqiqətlərini, xüsusən Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələri ilə bağlı danılmaz gerçəklikləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Belə ki, 2003, 2007-ci illərdə Brüssel, Mons (Belçika),  2001, 2004-cü  illərdə Tehran (İran), 2007-ci ildə Simferopol (Krım,Ukrayna), 2008-ci ilin iyun və sentyabr aylarında Kiyev (Ukrayna), 2009-cu ilin iyun, sentyabr və noyabr aylarında  müvafiq olaraq Sevastopolda (Krım, Ukrayna), Kiyevdə (Ukrayna), Frankfurtda (Almaniya), 2010-cu ilin may ayında Təl-Əvivdə (İsrail) və Bursada (Türkiyə), həmin ilin oktyabr ayında İstanbulda (Türkiyə) və Buxarestdə (Rumıniya), 2011-ci ilin may ayında Bursada (Türkiyə) və Skopyedə (Makedoniya), iyun ayında Pekin, Şanxay və Usidə (Çin), avqust ayında Batumda (Gürcüstan), 2012-ci ilin may ayında Qarabükdə (Türkiyə), 2013-cü ilin fevral ayında  Kölndə (Almaniya), iyun ayında İstanbulda (Türkiyə), iyul ayında Kiyevdə (Ukrayna), 2014-cü ilin aprel ayında Giresunda (Türkiyə), sentyabr ayında Kişinyovda (Moldova), 2015-ci ilin mart ayında İjevskdə (Udmurtiya), iyun ayında isə Brüssel (Belçika) və Amsterdamda (Niderland), 2016-cı ilin may ayında Ankarada (Türkiyə), oktyabr ayında isə Girnədə (Şimali Kipr Türk Cümhuriyyəti), 2017-ci ilin mart və may  aylarında Ankarada (Türkiyə), 2017-ci ilin noyabr ayında Astanada (Qazaxıstan), 2018-ci ilin fevral ayında Strasburqda (Fransa), aprel ayında Antalyada (Türkiyə), 2019-cui ilin may ayında Daşkənddə (Özbəkistan) və 2019-cu ilin iyun ayında Almatı və Nur-Sultanda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.

Professor Elman Nəsirovun ilk gənclik illərindən bu günə kimi yalnız bir yolu olmuşdur - bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. YAP-ın fəal üzvü kimi o çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə bu yolda fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcək.

2013-cü il 9 oktyabrda keçirilən Prezident seçkilərində Elman Nəsirov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Cəlilabad seçki dairəsi üzrə səlahiyyətli nümayəndəsi və respublika üzrə müşahidəçi statusunda fəaliyyət göstərmişdir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirlərində fəal iştirakına görə YAP Cəlilabad rayon təşkilatının  Fəxri Fərmanı ilə təltif edilmişdir.

2018-ci il 11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində də Elman Nəsirov Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qrupunun üzvü olmuşdur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, onun bu istiqamətdə fəaliyyəti dost ölkələrin də diqqətini cəlb edibdir.  Belə ki, Elman müəllim Özbəkistan Respublikasında 29 mart 2015-ci il və 04 dekabr 2016-cı il tarixlərində keçirilən prezident seçkilərində MDB beynəlxalq müşahidəçi qrupunun tərkibində Daşkənddə və Səmərqənddə  müşahidəçi kimi iştirak etmişdir.

Elman Nəsirovun səmərəli ictimai-siyasi fəaliyyəti, xüsusilə Azərbaycan-Qazaxıstan münasibətlərinin imkişafına verdiyi elmi-siyasi töhfə dost dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 2017-ci ilin 27 noyabr tarixində Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə Elman Nəsirov “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Bundan savayı, eyni etimadın nəticəsi olaraq Elman Nəsirov 2019-cu il iyunun 21-də Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevin siyasi liderliyinin 30-cu ildönümü ilə bağlı Almatıda keçirilən beynəlxalq konfransa (Elbası Nursultan Nazarbayev və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə) dəvət edilmiş və bu mühüm tədbirdə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı sahəsində ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin misilsiz xidmətləri ilə bağlı çıxış etmişdir.

Professor Elman Xudam oğlu Nəsirov haqqında çox danışmaq olar.

Elman müəllim təkcə alim, ictimai xadim, diplomat deyil, həm də yaxşı ailə başçısıdır, ləyaqətli övladdır. Onun ata-anasına, bacı-qardaşına, necə canıyananlıq göstərdiyinə bu sətirlərin müəllifi canlı şahiddir. Onun yaxşı, səmimi, deyərdim əvəzsiz dost olduğunu da bura əlavə etmək olar. O, həm də yaxşı müəllimdir, tələbələrinin, doktorant və dissertantlarının sevimlisidir.

Əlbəttə, bütün bunların hər kəsə müəyyəssər olmur. Görünür burda da ilahi bir seçim vardır: bu günlər xoş bir xəbər eşitdim ki, 9 fevral 2020-ci il tarixində keçiriləcək VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə  Yeni Azərbaycan Partiyası  Elman Xudam oğlu Nəsirovun namizədliyini 68 saylı Cəlilabad kənd seçki dairəsindən irəli sürmüşdür. Açığını deyim, buna çox sevindim. Doğulduğu, boya-başa çatdığı rayondan-Cəlilabaddan seçicilər ona səs verib, özlərinə deputat seçsələr çox şey qazanacaqlar.

Heç zaman unutmaram, Elman müəllim televiziya kanallarından birində çıxışı zamanı vurğulamışdı ki, ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva insanlarda  ləyaqət, intellekt və mehribanlıq kimi 3 vacib  keyfiyyəti xüsusi olaraq  dəyərləndirir və özü  həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkə və beynəlxalq ictimai fikirdə olduqca yüksək reytinqə malikdir.  Mən bu gün çox böyük urək açıqlığı, qətiyyət və səmimiyyətlə deyə bilərəm ki, sadə, təmiz müəllim ailəsində dunyaya göz açan Elman Nəsirov hörmətli Mehriban xanım Əliyevanın dəyərləndirdiyi həmin keyfiyyətlərə malikdir: ləyaqətli, intellektli və mehriban insandır.  Belə bir kamil insan və mütəxəsis yenidən millət vəkili seçilsə, öz seçicilərinin ilk gündən hüsn-rəğbətini qazanacağına heç bir şübhə yoxdur.  Elman müəllimin keçdiyi yol bu qənaətə gəlməyə əsas verir.

Bir həqiqətdir ki, hər bir millət vəkildi həm qanunvericilk sahəsində, həm də seçicilərinin problemlərinin aradan qaldırılmasında, xalqla hakimiyyət arasında birbaşa əlaqə və qarşılıqlı ünsiyyət yaradılmasında ölkə Prezidentinin yaxın köməkçisi olmalıdır. Heç şübhəsiz, Elman müəllim seçicilərinin etimadinı qazanıb, növbəti dəfə məhz belə deputat olacaqdır.

İnanırıq ki, professor  Elman Nəsirovun  qədirbilən seçiciləri fevralın 9-da yekdilliklə məhz ona səs verəcəklər.

Musa Quluzadə,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,
tarix elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü