24 yanvar 2020 16:23
1237

Pirallahı seçiciləri: YAP-ın namizədlərinin alternativi yoxdur - FOTO

Milli Məclisə növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində  13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində  gənclərlə görüşü keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, rayon təşkilatının İdarə Heyətinin üzvləri Əli Kərimov və Elxan Məmmədov, partiya fəalı İsgəndər Vəliyev ölkəmizin və regionun ən güclü siyasi partiyası olan YAP - ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin - amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini vurğulayıblar.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxış edərək, respublikamızda dövlət gənclər siyasətinin və  ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

13 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputatlığa namizədliyini geri götürmüş Pirallahı rayon rus icmasının sədri Yelena Aşurova çıxış edərək seçiciləri Rauf Əliyevə səs verməyə dəvət edib.

Həmçinin, tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahı sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin ictimai - siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə III, IV, V çağırış Milli Məclisin iclaslarında Pirallahı sakinlərinin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Rauf Əliyevə səs verəcəklərini bəyan ediblər.

Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Pirallahı rayonunda aparılan abadlıq - quruculuq işlərində gənclərin xüsusi rolu olduğunu vurğulayıb.

Tədbir iştirakçılarından Tahirə Babayeva və Zöhrab Hüseynov mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş ediblər.

Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.

Orxan Vahidoğlu, “İki sahil”