31 yanvar 2020 13:42
1176

Çindən gələn 4 azərbaycanlı tələbə 14 gün karantində saxlanılacaq

Çində təhsil alan 4 azərbaycanlı tələbə ölkəyə gətirilib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirib.

Məlumata görə, tələbələr digər insanlarla ünsiyyətdə olmamaları üçün Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər. “Tələbələrdə hər hansı bir xəstəlik əlamətləri aşkar edilməyib. Dünya Səhiyyə Təşkilatı koronavirusun inkubasiya müddətini 14 gün təyin edib. Yəni, bu müddətdə koronavirus özünü büruzə verə bilər. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, onlar evlərinə yola salınacaqlar. Bu barədə onların yaxınlarına da məlumat verilib”, - nazirlikdən bildirilib.