31 yanvar 2020 15:07
1385

Çindəki virus bahalaşmaya səbəb ola bilərmi?

Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn 2019-nCoV koronavirus xəstəliyi dünyanın bir sıra ölkələrinə yayılmaqdadır.

Koronavirusun ilk yoluxan insanlara birbaşa heyvanlardan keçdiyi müəyyən olunub. Bununla əlaqədar Dünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasını qərara alıb.

Bəs bu məhsulların idxalına məhdudiyyətin qoyulması ölkədə qıtlığa, həmçinin bundan irəli gələrək qiymət artımına səbəb olmayacaq ki?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseynlinin sözlərinə görə,  Azərbaycan koronavirus təhlükəsinin yaşandığı Çindən ərzaq məhsulları baxımından elə də asılı deyil: “Son illər ölkəmizin ərzaq təminatında ciddi irəliləyişlər əldə edilib. Biz özümüzü demək olar ki, bütün ərzaq məhsulları ilə təmin edə bilirik". 

R. Hüseynli bildirib ki, ölkəmizə Çindən  il ərzində 3 minə yaxın adda məhsul idxal olunur. Bunlar əsasən şabalıd, limon şirəsi,  fıstıq və digər məhsullardır.

Göründüyü kimi,  sadalanan məhsullar AQTA-nın idxalına məhdudiyyət qoyduğu mallar sırasında olmasa da, Çin 2019-cu ildə Azərbaycana idxalın ən çox həyata keçirildiyi 3 ölkədən biri olub. Belə ki, ötən il ölkəmizə Çindən 1 milyard 432 milyon 31,37 min ABŞ dolları dəyərində məhsul gətirilib.

Eyni zamanda, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə 2018-ci il üzrə mühüm növ məhsulların idxalında əsas ölkələrdən biri də Çin olub. Belə ki, həmin il Çindən hazırda idxalına məhdudiyyət qoyulan məhsullar arasında 198,7 ton təzə və dondurulmuş balıq da yer alıb. Bu məhsulun idxalının cari ili də əhatə etməsi istosna deyil. Bununla belə, 2018-ci ildə Çindən sözügedən məhsul üzrə idxalın həcmi balıq və balıq məhsulları üzrə ümumi idxalın 1,5 faizini təşkil edib. Bu isə onu deməyə imkan verir ki, Çindən  balıq idxalına müvəqqəti məhdudiyyətin qoyulması ölkədə qıtlığa səbəb olmamaqla, bahalaşma da yarada bilməz.   

Bununla belə, Çindən idxal edilən məhsullar arasında virusun sirayət edə biləcəyi, lakin AQTA-nın siyahısında yer almayan məhsullar da var.

2018-ci il üzrə rəsmi göstəricilərlə tanış olanda məlum olur ki, Çindən Azərbaycana təzə tərəvəz və meyvə, çay, şəkərli qənnadı məmulatları, tütün və dərman vasitələri də idxal edilib. Lakin bu məhsullar üzrə də idxalın kiçik həcmlərdə olması, hətta onlara müvəqqəti məhdudlaşdırıcı tədbirlərin görüləcəyi təqdirdə belə,  ölkədə onlara olan tələbata ciddi təsir etməyəcəyini deməyə imkan verir.    

Mütəxəssislərin  sözlərinə görə, koronavirus  xarici mühitin təsirlərinə davamsızdır, ona görə də bu xəstəliyə əşyalar vasitəsilə yoluxmaq mümkün deyil. Bu mənada  Çindən idxala nəzər salanda məlum olur ki,  əsas yeri elə qeyri-ərzaq məhsulları təşkil edir.

2018-ci ildə mühüm növ məhsulların idxalına nəzər yetirdikdə aydın olur ki, Çindən ölkəyə əsasən, sintetik yuyucu vasitələr, ilkin formalı etilen polimerləri, plastik kütlədən hazırlanan borular, şlanqlar, onların fitinqləri, rezin şinlər, yapışdırılmış faner, qəzet kağızı, ayaqqabı, qara metallardan boru fitinqləri, metal konstruksiyalar, qara metallardan mətbəx sobaları və cihazlar, eyni zamanda, mətbəx və yeməkxana ləvazimatları, məişət kondisionerləri və soyuducuları, buldozerlər, ekskavatorlar və digər yol-tikinti maşınları, paltaryuyan maşınlar, hesablama maşınları, blok və qurğuları, elektrik mühərrikləri, transformatorlar, akkumlyatorlar, bütün növ telefon aparatları, traktorlar, avtobuslar, sayğaclar, müxtəlif növ mebellər və digər mallar idxal edilib.

Aydın məsələdir ki, bu malların idxalına məhdudiyyət qoyulmayıb. Nəticədə qeyri-ərzaq məhsullarının idxalı ilə bağlı yarana biləcək çətinlikləri (Çində istehsalın dayanması, ölkəyə giriş-çıxışın bağlı olması, həmçinin sərhəd ölkələrinin öz sərhədlərini bağlamaları), həmçinin vəziyyətdən sui-istifadələri nəzərə almasaq, ölkədə Çindən idxalın əsas hissəsini təşkil edən bu məhsullar üzrə ciddi qıtlığın yarana biləcəyi və bunun qiymət artımına səbəb olacağı inandırıcı görünmür.

Ceyhun Piriyev, “İki sahil”