19 fevral 2020 20:35
2308

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir

“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi-şovinistləri təxminən 200 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti aparıblar. Məhz bu antibəşəri siyasətin nəticəsində azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından qovulub, qaçqına, didərginə, məcburi köçkünə çevrilib, kütləvi qırğınlara məruz qalıb.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

Xalqımıza qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, tarixdə analoquna çox az rast gəlinən, antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən Xocalı soyqırımı tarixin utanc səhifələrindən birini təşkil edir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. O dövrdə Xocalıda Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı, eləcə də 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşırdı. 1991-ci ilin oktyabrından etibarən Xocalı  rayonu tam olaraq erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 30 oktyabr tarixində  rayonla yerüstü əlaqə kəsildi. 1992-ci ilin yanvarından etibarən şəhərin elektrik təchizatı dayandı. Xocalını işğal etməklə Ermənistan Dağlıq Qarabağın digər məntəqələrini ələ keçirərək strateji üstünlük və əlverişli imkanlar əldə etmək üçün ən çirkin vasitələrə əl atırdı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərindəki keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Həmin gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Erməni cəlladları tərəfindən bir gecədə yerlə-yeksan edilən, xəritədən silinən Xocalının sağ qalan sakinləri zorakılıqdan qaçıb canlarını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla 130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.

Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Bəşər tarixinin ən qəddar, dəhşətli və faicəli səhifələrindən olan Xocalı soyqırımının təşkilatçıları Ermənistanın o vaxtkı siyası rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motaatıcı  alayının şəxsi heyətidir. Sonralar bu cinayətkar dəstənin başçıları etiraf edirdilər ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Bütün dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Məhz buna görə də uşaq qatili Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan, eləcə də onların əliqanlı cəlladları baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Azərbaycan xalqı və  dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü elan etdi. Ulu Öndər 1997-ci il fevralın 25-də  “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında”  Fərman imzaladı.

Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır.

200 ilə qədər bir müddətdə  cinayətkar erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olan, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş Xocalı faciəsi heç zaman yaddaşlardan silinməyəcək. Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz torpaqlarını işğaldan azad edəcək, şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qanını yağı düşməndən alacaq, günahkarlar ədalət qarşısında cavab verəcəklər. Vətənimizin zəfər günündə ay-ulduzlu, üçrəngli bayrağımız əzəli və əbədi Azərbaycan torpağı olan  Qarabağımızda əzəmətlə dalğalanacaqdır.

Zahid Rza, “İki sahil”