19 fevral 2020 20:49
1464

Seçkilərin nəticələrindən şou düzəltmək kimlərə sərf edir?

Fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə bağlı dörd seçki dairəsində nəticələrin ləğv edilməsi rəsmi qurumların konkret şikayətlərə laqeyd qalmadığını və səsvermə prosesində yol verilmiş bəzi pozuntuların qanuni araşdırılma mexanizmini işlədiyini aydın göstərir.

Sözügedən seçkilərdə iştirak etmiş namizədlərin və bütünlükdə ölkə ictimaiyyətinin pozuntu hallarının araşdırılacağı barədə dövlət başçısının şəxsən verdiyi mesajlardan doğru nəticə çıxardıqları göz qabağındadır. Şübhəsiz ki, Mərkəzi Seçki Komissiyasının bütün müraciətlərin qanuni formada araşdırılması üçün iradə nümayiş etdirməsi çox əhəmiyyətlidir və seçki prosesində yeni mütərəqqi istiqamətlər açmaq gücündədir. Şikayətlər əsasında konkret dairələrdə seçki nəticələrinin araşdırılması və müvafiq qərarların qəbul edilməsi sivil prosesdir. Bəzi seçki nəticələrinin qanuni araşdırılması ictimaiyyətin maraqlarını tam ifadə edir, Azərbaycanda hər hansı kənar təzyiqlərə yox, yalnız xalqın iradəsinə tam uyğun başladılmış proses kimi təzahür edir. Prezidentin hər bir vətəndaşın hüquqlarına təminatçı olduğu barədə Konstitusiya normalarının icra edildiyini göstərir və xalqın nəzərində seçki prosesinin legitimliyinin daha da möhkəmləndirilməsi məqsədinə xidmət edir. Seçkilərin nəticələrinin obyektiv və ədalətlə araşdırılması bütün siyasi proseslərin ən ali ölçü meyarı sayılan xalqın ümumi etimad məsələsinə söykənir.

9 fevral səsverməsindən sonra təkrar araşdırmalar formasında xalqın etimadına və tam legitimlik prinsipinə söykənən prosesin başlandığı göz qabağındadır və onun cəmiyyətin qənaətbəxş hesab etdiyi həddə qədər davam etdiriləcəyi şübhəsizdir. Prezident İlham Əliyevin Kürdəmir rayonuna səfəri zamanı seçki prosesində saxtakarlığa yol vermiş bütün müqəssirlərin cəzalandırılacağı barədə səsləndirdiyi bəyanat seçkilərin nəticələrinə dair araşdırmaların yarımçıq qalmayacağına etibarlı təminat sayıla bilər.

Pozuntu və qanunsuzluq hallarının araşdırılması ilə eyni vaxtda radikal dairələrin rəsmi orqanlara güc vasitələri ilə təzyiqlər göstərmək taktikası məntiqsiz və lüzumsuzdur. Radikal qüvvələrin seçki ilə bağlı mitinqlər keçirmək səyləri cəmiyyətin gözləntilərinə uyğun deyil. Radikal mitinqlər seçkisonrası mübahisələrin gərəkli həlli üsulu deyil. Cəmiyyət bəzi dairələr üzrə seçki mübahisələrinin həllində küçə-meydan aksiyalarına yox, rəsmi orqanların qanuni araşdırmalarına daha çox etimad göstərir. Mübahisələrin həlli üsulu kimi insanlar radikal ittihamçı mitinqlərə heç bir etimad göstərmədiyi üçün belə aksiyaların uğur şansı yoxdur. Seçkisonrası küçə aksiyalarına hətta rəsmi razılıq verildiyi halda belə, cəmiyyət tərəfindən əhəmiyyətli dəstək almaq imkanında olmadığı üçün uğursuzluğa məhkumdur.

Seçkidən sonra kütləvi aksiyalar keçirməyə cəhd edənlər şikayətlərin sonadək ədalətlə araşdırılmasında yox, xaos yaratmaqda maraqlıdır. Xalq seçkidən sonra mitinq keçirmək istəyənlərin əsl hədəflərinin sabitliyi pozmaqla bağlı olduğunu həm keçmiş daxili, həm də beynəlxalq təcrübədən yaxşı bilir.

Cavid Əkbərov, “İki sahil”