Koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının təqvimində mərhələlərin sayı getdikcə azalır. İki gün əvvəl təxirə salındığı qeyd olunan Monako Qran-Prisinin təşkilatçıları yürüşün bu il keçirilməyəcəyini elan ediblər.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 65 ildən sonra Aralıq dənizi sahilində yerləşən knyazlıda əfsanəvi şəhər yürüşü keçirilməyəcək. Monako Qran-Prisi 1955-ci ildən Formula 1 təqvimində yer alıb. Yürüş statusuna görə ən prestijli yarış hesab olunub.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Avstraliya Qran-Prisi ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland və İspaniya yürüşləri isə qeyri-müəyyən vaxtadək təxirə salınıb. Formula 1-in yeni mövsümünə iyunun 5-7-də Bakıda keçirilən Azərbaycan Qran-Prisi ilə start verilə bilər.