06 aprel 2020 17:11
884

Cənubi Koreya parlament seçkilərinə hazırlaşır

Cənubi Koreya ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə qızğın mübarizənin davam etdiyi vaxtda parlament seçkilərinə hazırlaşır.

AZƏRTAC Cənubi Koreyanın Dövlət Seçki Komissiyasına istinadla xəbər verir ki, aprelin 15-nə təyin olunmuş seçkilərdə səsvermə prosesi 14 min 330 məntəqə seçki komissiyasında təşkil olunacaq. Seçicilərin rahatlığı üçün məntəqə seçki komissiyalarının əksəriyyəti binaların birinci mərtəbəsində, habelə lift və ya eskalatorla təmin olunmuş binalarda yerləşəcək.

Seçicilərin sağlamlığının təminatı üçün məntəqə seçki komissiyalarının girişində hər bir seçicinin bədən hərarəti ölçüləcək, səsvermə qutuları dezinfeksiya olunacaq. Dövlət Seçki Komissiyası seçicilərə səsverməyə gələrkən qoruyucu maska taxmağı, ən azı 1 metr məsafə saxlamağı tövsiyə edib. Bundan başqa, COVID-19 infeksiyasına yoluxma əlamətləri olanlar üçün mobil səsvermə kabinələri təşkil olunacaq.

Vətəndaşlara parlament seçkilərində iştirak edən partiyalar və namizədlər haqqında bukletlər göndərilib. Yaşadıqları binalarda və həyətlərdə səs vermək istəyən 10 mindən çox sakin seçki bülletenləri ilə təmin olunub. İnfeksiyaya yoluxmuş xəstələrin, habelə xüsusi məntəqələrdə və evlərində karantinə cəlb olunanların elektron poçt vasitəsi ilə səs verməsi mümkün olacaq. Bundan başqa, 394 gəmidə 2821 heyət üzvünün, habelə xaricdəki seçicilərin səs verməsi bir neçə gün əvvəldən təşkil olunacaq. ABŞ və Avropa ölkələri daxil olmaqla virusa yoluxma hallarının çox olduğu 51 dövlətdəki koreyalılar səs verə bilməyəcəklər.

Siyasi partiyalar və namizədlər təbliğat-təşviqat kampaniyasında gündəmə uyğun olaraq ölkənin COVID-19 infeksiyası ilə mübarizəsi, habelə pandemiyanın Cənubi Koreya iqtisadiyyatına təsirinin azaldılması ilə də bağlı vədlər verirlər.