07 aprel 2020 10:47
1903

Biz birlikdə güclüyük

Evdə qalaq, pozitiv olaq, sabaha böyük inamla addımlayaq!

Dövlətimizin başçısı İlham Əliyevin “Yeni klinika” tibb müəssisəsinin açılış mərasimində söylədiyi bu fikirlər bugünümüzün əsas çağırışı olan vətəndaş məsuliyyətinin önəminə bir daha işıq salır: “Dövlət bütün işləri görür... Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına... Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir... Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.”

Təbii ki, istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Nəzərə alsaq ki, koronavirus təhlükəsi bütün dünyanı bürüyüb, hər bir ölkə vətəndaşlarını qorumaq, öz iqtisadi durumunu sabit saxlamaq üçün inkişaf konsepsiyasından bəhrələnməyə, digər dövlətlərin təcrübəsinə müraciət etməyə can atır, bu halda Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirməsi səbəbsiz deyil. “Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır” söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, ilk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması əsasdır. Vətəndaşlar daha məsuliyyətli olmalıdır. Dünya miqyasında müqayisə apardıqda Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmır. Ölkəmizdə yoluxma və ölüm halları əhalinin sayına görə çox aşağı səviyyədədir. Cənab İlham Əliyev bildirir ki, ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək.

Ölkə Prezidentinin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çağırışlarında vətəndaş məsuliyyəti əsas yer tutur. Mehriban xanım Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində bu inamı ifadə etmişdir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Həmin müraciətdə bu mühüm məqam da öz əksini tapmışdır ki, biz azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq: “Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.”

Göründüyü kimi, insanların sabit, təhlükəsiz şəraitdə yaşayışının təmin olunması, onların qayğılarının həlli istiqamətində mühüm addımların atılması, sağlamlıqlarının qorunması və bu sahədə yaranan təhlükələrin aradan qaldırılması istiqamətində səylərin göstərilməsi, bir sözlə, vətəndaş məmnunluğunun yüksəldilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Dövlətimizin vətəndaşlarını koronavirus pandemiyasından etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar dövlət-vətəndaş birliyinin vacibliyinə bir daha işıq salır. Bu çağırışlar günümüzün əsas tələbinə çevrilib: Özümüzü qoruyaq, böyüklərimizə sahib çıxaq, əzizlərimizə dəstək olaq. Bu dəstək üçün təbii ki, evdə qalmağımız, səbəbsiz yerə küçəyə çıxmamağımız tələb olunur. Bu halda özümüzlə yanaşı, doğmalarımızı, ətrafmızdakı insanları virusa yoluxmadan qoruyar, onların sağlamlığına bir həkim kimi yox, vətəndaş kimi dəstək olarıq.

Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin qaydalarını sərtləşdirməsi də vətəndaşların sağlamlığının təminatında əhəmiyyətli, ən əsası vacib amil olan “evdə qal” prinsipinin qorunmasına xidmət edir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən karantin qaydalarında yaşı 65-dən çox olan şəxslərin evdə qalması məsləhəti böyüklərimizə olan diqqətin bariz nümunəsidir. Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Belə ki, onların gündəlik tələbatlarının ödənilməsi ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər təmin olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağıraraq bildirir: “Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəlikdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.”

Atılan addımlar, eyni zamanda, Azərbaycan səhiyyəsinin bugünkü inkişafının təqdimatıdır. Bu baxımdan ki, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini hazırda hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Dünya standartlarına cavab verən tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, həkim-tibb bacısı heyətinin yüksək səviyyədə formalaşdırılması xəstələrin müayinəsi, müalicəsi üçün əlverişli şərait yaradır. Dövlətimizin başçısı bu çağırışı edir ki, hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın. Ali və orta təhsil müəssisələrinin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi, koronavirusla əlaqədar tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri, bütün sərhəd-keçid məntəqələrinin bağlanması, metronun fəaliyyətinin dayandırılması və sair kimi biri-birindən əhəmiyyətli tədbirlər ölkəmizdə bu xəstəliyin miqyasının genişlənməsinin qarşısını alır. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Atılan addımlar təsdiqləyir ki, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib, prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Hazırda Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Hər bir məsələdə maarifələndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi prioritetdir. Bu baxımdan hər bir vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirməklə xəstəliyin coğrafiyasının genişlənməsinin, xəstəliyə yoluxma halının qarşısının alınmasına öz dəstəyini göstərə bilər. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Evdə qalaq, pozitiv olaq, sabaha böyük inamla addımlayaq!

Yeganə Əliyeva, “İki sahil”