09 aprel 2020 17:29
983

Britaniyanın Baş naziri Boris Consonun vəziyyəti yaxşılaşır

COVID-19 xəstəliyinə yoluxmuş Böyük Britaniyanın Baş naziri Boris Consonun vəziyyəti yaxşılaşmaqda davam edir.

Bu barədə jurnalistlərə Baş nazirin dəftərxanasının rəsmi nümayəndəsi məlumat verib. “Baş nazir Boris Conson gecəni yaxşı keçirib, St Thomas' Hospital xəstəxanasının reanimasiyasında onun vəziyyəti yaxşılaşmağa doğru gedir. O, yaxşı əhval-ruhiyyədədir”, - deyə rəsmi nümayəndə bildirib. Onun sözlərinə görə, Baş nazir müstəqil nəfəs alır, lazım gəldikdə insanlarla əlaqə saxlaya bilir.

Martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü təcrid şəraitində saxlayan Baş nazir aprelin 3-də video müraciətdə hərarətinin yüksək olduğunu, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya çatdırılan Boris Conson ertəsi gün reanimasiyaya yerləşdirilib. //AZƏRTAC