17 mart 2020 15:17
575

15 nazir karantinə göndərildi

Polşanın ətraf mühit naziri Mixail Vos koronavirusa yoluxduğunu açıqlayandan sonra 15 nazir karantinə göndərilib.

“Report” “Interfax”a istinadən xəbər verir ki, hökumətin sonuncu iclası martın 10-da keçirilib, 24 nazirdən koronavirusa yoluxanı da daxil olmaqla 15-i iştirak edib.

Baş nazir Mateuş Moravetski sonuncu iclasda olmayıb. Beləliklə, o, karantindən yayına bilib.

Qeyd edək ki, Polşada indiyədək koronavirusa 205 nəfər yoluxub. 5 nəfər infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 184 100-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 182 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.