14 aprel 2020 10:49
2585

Müharibədən bəhs edən Azərbaycan filmləri

II Dünya müharibəsindən bəhs edən filmlər arasında populyarlıq qazanan dünya kinosunun məşhur nümunələri çoxdur. Müharibə mövzusunda “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş bədii filmlər də bu nümunələr sırasındadır.

Sovet Ittifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filmi dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilmişdir. 1958-ci ildə rejissor Tofiq Tağızadənin çəkdiyi bu filmin ssenarisini yazıçı İmran Qasımovla Həsən Seyidbəyli qələmə almışdılar. Elə həmin il ssenarisi İmran Qasımova, rejissor işi isə Əjdər Ibrahimova məxsus olan “Onun böyük ürəyi” filmi ekranlara çıxdı. 1961-ci ildə rejissor işi Əlisəttar Atakişiyevə aid olan “Bizim küçə” filminin ssenarisini də Imran Qasımov yazmışdır.

1968-ci ildə çəkilişi başa şatan “Mən ki gözəl deyildim” filmi arxa cəbhəni canlandırsa da Moskva Bədii Şurasını təəccübləndirmişdi. Çünki “Azərbaycanfilm” kinostudiyası ilk dəfə olaraq bu filmdə arxa cəbhəni olduğu kimi tamaşaçıya təqdim edirdi. Qeyd etmək lazımdır ki, filmin ilk çəkiliş zamanı faciəli hadisə baş vermiş, Lənkəranın Port İliç (indiki Liman) qəsəbəsində pirotexnik partlayış effekti yaradarkən dörd nəfər - fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olmuşdular. Beş nəfər isə yaralanmışdı. Yaralılar arasında Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər. 1969-cu ildə “Şərikli çörək” və “Bizim Cəbiş müəllim” filmləri ekrana çıxdı. Hər iki filmdə arxa cəbhə kimi paytaxt Bakının məhəllələrindən birində yaşayan sakinlərin gün-güzəranı təsvir olunur.

1976-cı ildə İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestlərinin motivləri əsasında qələmə aldığı filmin çəkilişi Rasim Ocaqova həvalə edilir. Uşaqlıq dövrü müharibə illərinə təsadüf edən rejissor az vaxt ərzində “Tütək səsi” adlı maraqlı bir sənət nümunəsi yaradır. Filmdəki hadisələr müharibə illərində Azərbaycan kəndlərinin birində cərəyan edir.

1985-ci ildə Rasim İsmayılovun quruluş verdiyi “Sizi dünyalar qədər sevirdim” filmi iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının müəyyən səhifələrini canlandırır. Filmdəki hadisələr Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir. Bu ekran əsəri “Uzaq sahillərdə” filmindən sonra ikinci film idi ki, ön cəbhədə gedən döyüşləri tamaşaçıya təqdim edirdi.

Rasim Ocaqovun 1989-cu ildə çəkdiyi “Ölsəm, bağışla” filmi də inandırıcılıq baxımından heç də “Tütək səsi” filmindən geri qalmır. Bu filmdə Rasim Ocaqov müharibədən əzabla dönən insanların vətənində ikinci bir əzaba düçar olmasını göstərməklə II Dünya müharibəsindən sonrakı sovet cəmiyyətinin iç üzünü ustalıqla açmışdır.

Nurəddin Ədiloğlu, “İki sahil”