07 may 2020 10:15
4080

Ulu öndər Heydər Əliyev və Azərbaycan dili

Hər bir dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən onun mənsub olduğu xalqdır. Məşhur ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır.” Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Elmi, bədii, üslubi imkanları ilə sayılıb-seçilən bu dil xalqımızın, mədəniyyətimizin ən dəyərli, orijinal göstəricisidir. Bu məqamda görkəmli türk alimi Mehmet Hengirmenin sözlərini xatırlatmaq yerinə düşər. O yazırdı: “Dil olmayınca düşüncə olmaz. Düşüncə olmayınca da heç bir şey olmaz, millət, yüksəliş olmaz.”

Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.

Dilçi alim, filologiya elmləri doktoru, professor N.Xudiyev yazır: “Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.”

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan ... nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.

Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra dil məsələsi yenidən gündəmə gəldi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr-11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə digər çoxsaylı tədbirlər həyata keçirdi.

Ulu Öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanlardan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Bundan başqa, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderimizin atdığı tarixi addımlardan biridir. Bu qanunla idarə, müəssisə və təşkilat adları lövhələrdə ilk növbədə ana dilimizdə, sonra xarici dildə yazılmalıdır. Bu isə Azərbaycan dilinin yüksəlişi, tərəqqisi yolunda daha bir yenilik idi.

Dahi rəhbərin dilimiz haqqındakı yüksək fikirlərinə onun gənclərlə, xüsusilə tələbələrlə görüşlərindəki çıxışlarında tez-tez rast gəlirik. Tələbələrlə görüşlərinin birində ulu öndər Heydər Əliyev demişdir: “Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz.”

Hər bir xalqın milli varlığının təcəssümü, daşıyıcısı olan doğma dilin tərəqqisinin, statusunun, işlənmə dairəsinin yüksək səviyyədə təsbit olunması müstəqil dövlət quruculuğu prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində ən vacib faktorlardan biridir. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Ulu Öndərin azərbaycançılıq təlimində ana dilinin roluna verilən aşağıdakı qiymət, irəli sürülən dəyərli tövsiyələr bu baxımdan xarakterikdir: “Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin...Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin.”

Dilimizin inkişafı, sürətli tərəqqisi istiqamətində dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi işləri sadalamaqla bitməz. Lakin bu yazıda biz görülən işlərə çox qısa nəzər saldıq. Deyilənlər bir daha göstərir ki, XX yüzilliyin ikinci yarısında və əsrimizin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin intellekti, uzaqgörən siyasəti, dönməz fəaliyyəti sayəsində ana dilimizin hərtərəfli inkişafı və dövlət dili statusu təmin edilmişdir.

Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Biz inanırıq ki, yetişən gənc nəslin və ümumiyyətlə, Azərbaycan xalqının bacarıq və iradəsi ilə dilimiz daha da inkişaf edib zənginləşəcək və bütün dünyada beynəlxalq danışıq dilinə çevriləcəkdir.

Rəşad Zülfüqarov,

AMEA Naxçıvan Bölməsi,
filologiya üzrə fəlsəfə doktoru