03 iyun 2020 15:45
1983

Həyata baxışımızı dəyişdirəcək 5 kitab...

Kitablar onu oxuyan hər kəsi sözlər və cümlələr aləmindən uzaqlaşdırır və oxucunu tamamilə yaratdığı xəyal dünyasına aparır. Hər bir kitab əsasən oxucu üçün yeni tanış olduğu insan, görəcəyi yeni yerlər, fərqli zövqlər, ilk dəfə dinləyəcək musiqi həzzini verir. Bəzən isə onları oxuyarkən dərin izlər və təəssüratlar buraxır və həyata baxışını başdan -ayağa dəyişir. Dünya ədəbiyyatı tarixinə öz möhürünü vuran və milyonlarla insan tərəfindən oxunan və həyatla bağlı baxışlarınızı dəyişdirəcək həmin kitabları sizlər üçün təqdim edirik.

“Balaca Şahzadə”- Antuan de Sent-Ekzüperi

Uşaq romanı olmaqla yanaşı , məzmunu və mesajları ilə böyüklərin də dünyasına xitab  edən “Balaca Şahzadə” bütün dövrlərin ən oxunan və şərh olunan əsərlərindən biridir. Antoine de Saint-Ekzüperinin yazdığı bu əsərdə öz qalaktikasında, tək bir gül ilə yaşayan balaca şahzadənin gülünü sahibsiz qoyaraq başqa planetləri gəzmək üçün səyahətə çıxmasından bəhs edilir. Davamlı suallar verərək ətraf mühiti və baş verənləri anlamağa çalışan uşaqla təxəyyülünüzü məcbur edərək məhdudiyyətsiz bir səyahətə çıxacaqsınız.

“1984” – Corc Oruel

Tam bir sistem tənqidi olan və dünya ədəbiyyatı tarixinə distopiya kimi düşən “1984” keçmişlə gələcək arasında yeni bir dünya yaratmaqla müasir insanı və bu günün nizamını dərindən mühakimə edir. Corc Oruellin qələmindən çıxan sətirlər bu gün dünyada vahidləşmə, ədalətsizlik və zehin nəzarəti kimi bir çox məsələlərin əksini və gerçəkliyini göstərir.

“Kimyagər” – Paulo Koelho

Paulo Koelhonun dünyaca məşhur romanında baş qəhrəman müharibə, sevgi və pul kimi həyatın bütün tərəflərini gördüyü və daddığı bir daxili səyahət yaşayır. Santyaqo, Andalusiyada yaşayan bir çobandır. Həyatını İspaniyanın kənd yerlərində keçirən Santyaqo səyyah olmaq arzusu ilə yola düşərək onu Misirə qədər aparan bir sərgüzəştə başlayar.

“Səfillər”- Viktor Hüqo

 Məşhur fransız yazıçısı Viktor Hüqo tərəfindən yazılmış və eyni zamanda , bir dövr romanı olaraq tanınan “Səfillər” bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan və uzun müddət həbsdə qalan Jan Valjanın həyat hekayəsidir. Məhkumluq həyatı yaşadıqdan sonra tamamilə fərqli bir insana çevrilən Valjan, həmçinin 1800-cü illərdə Fransız xalqının ümumi vəziyyətini əks etdirən bir hekayə ilə oxucu qarşısına çıxır.

 “Yad”- Albert Camus

Yaşadığı cəmiyyətdən tədricən uzaqlaşan və özlüyündə yaratdığı kiçik dünyada səyahətə çıxan Mearsaultun hekayəsi məşhur yazıçı Albert Camusun ən məşhur əsərlərindən biridir. Həyatın bütün sahələrini nəzərdən keçirərək oxucunu mənəvi hesablaşmaya sövq edən kitab, Əlcəzairdə yaşayan qəhrəmanın anasının qocalar evində ölməsindən sonra başlayır.

Samirə İsmayılova,

“İki sahil”