“Polis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir. Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, polislərimiz milli müstəqilliyimizin qazanılması və qorunması, torpaqlarımızın düşmən hücumundan müdafiəsi sahəsində əzmkarlıq nümayiş etdiriblər: “Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə 1695 polis şəhid olub, 1710 polis isə yaralanıb. Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə polis əməkdaşlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib, onlar "Azərbaycan Bayrağı" ordeni, müxtəlif orden və medallarla təltif ediliblər. Polislərimizin Vətən və xalq qarşısında xidmətlərini heç zaman unutmaq olmaz”.
“Dəfələrlə olub ki, polislər öz həyatlarını qurban verməklə terrorun, kütləvi cinayətkarlıqların qarşısını alıblar” deyən Sədaqət Vəliyeva söyləyib ki, Gəncədə baş verən hadisələr zamanı polis əməkdaşlarının qətlə yetirilməsi heç kəsin yaddaşından silinməyib.
Sədaqət Vəliyeva xüsusi olaraq vurğulayıb ki, insanlar polisə qarşı anti-təbliğat aparan “beşinci kolon”un yalanlarına, onların təxribatlarına uymamalıdır: “Hər kəs bilsin ki, “beşinci kolon”, xüsusilə də AXCP və “Milli Şura” cinayətkarlığı, separatizmi, ekstremizmi təbliğ edən yuvadır. Baxın, Əli Kərimlinin sürücüsü Paşa Umudov narkotik satışına görə həbs olunub. Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev soyğunçuluğa görə həbs olunub. Əli Kərimlinin ən yaxın adamlarından olan Təzəxan Mirələmlinin atası narkotik qaçaqmalçılığına görə həbs olunub. Əli Kərimliyə hər ay Rusiyadan 30 min dollar göndərən Saleh Rüstəmli, eyni zamanda, Tofiq Yaqublu xuliqanlıq əməllərinə görə həbs olunublar. Görürsünüz ki, sanki cinayətkarlardan ibarət olan bu qruplar polis əleyhinə ictimai rəydə mənfi imic yaratmağa cəhd edirlər. Təbii ki, bütün bunlar onlara erməni dairələri tərəfindən verilmiş siyasi sifarişdir”.
Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycan polisi hər zaman qanunun aliliyinin təmin olunmasına çalışıb, heç bir vətəndaşa qarşı vəhşilik, kobudluq etməyib: “İddia edirlər ki, guya Azərbaycan polisi vəhşilik edir. Birincisi, vəhşilikdən danışırıqsa, niyə Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid bu gün bəzi ölkələrdə insan ölümü ilə nəticələnən polis vəhşiliklərindən söz açmırlar? İkincisi, Azərbaycan polisi karantin qaydalarına riayət etmək üçün xidmət aparır. Qanunları pozanları saxlayır, cərimələyir. Məgər bu vəhşilikdirmi? “beşinci kolon”un məntiqilə çıxış etsək, o zaman polis işləməməlidir və cinayətkarlıq baş alıb getməlidir? Bunun harasındadır sağlam məntiq?”.
Sədaqət Vəliyeva hər kəsi qanunlara riayət etməyə və polislərə diqqət, qayğı göstərməyə, onlara hörmət etməyə səsləyib.
Zamin Məmmədov,
“İki sahil”