18 iyun 2020 11:56
3756

Dünyanın rəngarəng festivalları

Festivallar mədəniyyətin inkişafında son dərəcə mühüm rol oynayır. Dünyada bir çox festival növü var. Onların sırasında dini, yaxud mövsümi festivallara da rast gəlinir.

Almaniyanın Oktoberferst festivalı

Pivənin vətəni kimi tanınan Bavyeranın ən böyük festivalı Oktoberfest hər il sentyabr ayının axırı, oktyabrın əvvəllərində keçirilir və 16 gün davam edir. Burada nəhəng çadırlar qurulur və Almaniyadakı bir çox pivə istehsalçıları məhsullarını gələnlərə təqdim edirlər. Rəngarəng festival kostyumlu şouları, konsertləri, yarışmaları və məşhur pivə növləri ilə hər kəsin diqqətini cəlb edir. Festival təkcə Münxendə deyil, Almaniyanın bir çox əyalətlərində keçirilir.

Çində Qar və buz festivalı

Festival hər il 5 yanvar-5 fevral tarixlərində keçirilir. Xarbin şəhəri Çinin şimal-şərqində yerləşir və Xeylunszyan əyalətinin paytaxt şəhəridir. Hər il bu şəhərdə qar və buz festivalı keçirilir. Festival ilk dəfə 1985-ci ildə keçirilib. İllər keçdikcə bu sadə festival çoxsaylı tədbirlərlə müşayiət olunan beynəlxalq səviyyəli festivala çevrildi. Festivalın əsas obyektləri isə buzdan hazırlanmış heykəllərdir. Axşam saatlarında heykəllər rəngbərəng işıqlarla işıqlandırılır.

Belçikanın Sabah festivalı

Bu inanılmaz məşhur festival hər il Belçikanın Bum şəhərində keçirilir. Bu festival yüz minlərlə rok musiqisinin azarkeşlərini cəlb edən beynəlxalq miqyaslı bir hadisədir. “Biz günəşlə nəfəs alırıq, ayı sevirik” sözləri bu festivalın əsas şüarlarından biridir.

Braziliyada Rio-de-Janeyro karnavalı

Braziliya haqqında düşünən zaman sözsüz ki, ağla gələn ilk fikir möhtəşəm Rio-de-Janeyro karnavalıdır. Braziliyanın ən böyük bayramı hesab olunan karnavalda hər il on minlərlə turist iştirak edir. Festival zamanı sanki bütün şəhər canlanır: Diqqəti cəlb edən geyimlər, Samba (məşhur Braziliya rəqsi) və musiqi al-əlvan rənglərdən və dərin emosiyalardan ibarət sehirli bir mühit yaradır. Karnaval şənliklərinə Braziliyanın hər bir guşəsində təsadüf olunur.

Şotlandiyada Atəş festivalı

Bu rəngarəng festival Şotlandiyanın Şetland arxipelaqlarında həyata keçirilir və festivalın iştirakçıları da özlərini sanki vikinqlərlə səyahətə çıxmış kimi hiss edirlər. Festivalda nəhəng nağaralar çalındığı və əllərində qoyun dərisi, dəbilqə, qalxan, balta olan minlərlə vikinq kostyumlu insanlar dolaşır. Möhtəşəm festivalın sonunda nəhəng ölçüdə hazırlanmış bir vikinq gəmisi yandırılır, daha sonra dənizə endirilir və fişənglərin partlaması ilə festival sona çatır.

Meksikada Ölülər günü festivalı

Ölülər günü festivalı yalnız Meksikada deyil, bir sıra digər Latın Amerikası ölkələrində də keçirilir. Noyabrın əvvəllərində keçirilən festivalda insanlar ölmüş qohumlarını və dostlarını yad edirlər və bu şənliyi onların xatirəsinə həsr edirlər. Qeyri-adi festivala hazırlaşan insanlar özlərini skelet şəklində boyadaraq, müxtəlif şirniyyatlar hazırlayıb həmin gün möhtəşəm karnaval təşkil edirlər.

Yeni Orleanda (ABŞ) təşkil olunan Mardi Gras paradı

Yeni Orlean şəhərində hər zövqə uyğun çoxsaylı tədbirlər, o cümlədən dünyaca məşhur “Mardi Gras” paradı keçirilir. Parad dünyanın ən böyük şousudur. Parad zamanı onlarla insan məşhurlar kimi geyinərək Yeni Orleanın və onun ətraf ərazilərinin küçələrində gəzişirlər. İlk dəfə karnaval 1856-cı ildə keçirilib. Onun mənşəyi isə qədim Roma imperiyası dövrünə gedib çıxır.

Venesiyada (İtaliya) karnaval

Karnaval böyük ehtimalla Venesiyanın ən məşhur bayramı hesab olunur. Karnaval zamanı şəhərə Yer kürəsinin bütün guşələrindən turistlər gəlir. Karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və digər maraqlı tədbirlər keçirilir. İlk dəfə Venesiya karnavalını 1162-ci ildə keçirməyə başlamışlar. Karnaval qısa müddət ərzində yerli sakinlər və xarici qonaqlar arasında məşhurluq qazandı. Karnavalın əsas tədbirləri Müqəddəs Mark meydanında keçirilir. Karnaval zamanı şəhərin küçələrində maraqlı geyim və maskalarda olan insanlara, eləcə də aktyor, akrobat və müğənnilərə rast gəlmək mümkündür.

İspaniyanın La tomato festivalı

İspaniyanın hər il yayın son günlərində gözəl pomidor döyüşü festivalı keçirilir. İspan xalqı tam yeddi gün ərzində musiqi tamaşaları, rəqslər, paradlar və hava fişənglərinin müşahidəsi ilə möhtəşəm bir bayram ab-havası yaşayırlar. Festivalın əsas silahı isə milyonlarla yetişmiş pomidorlar ilə keçirilən maraqlı döyüşlərdi. Bu festivalın iştikakçısı olmaq üçün hər il minlərlə turist İspaniyaya axın edir.

Çində Fənərlər festivalı

Fənərlər festivalı - qədim Çin ənənəsidir. Xan sülaləsinin (e.ə III əsrdə) hakimiyyəti illərindən başlayaraq Yeni il şənliklərini Fənərlər festivalı ilə yekunlaşdırırdılar. Fənərlər festivalı şən və rəngarəng bayramdır. Bu bayramda minlərlə insan bədr gecəsində yanan fənərlərlə küçəyə çıxırlar.

Hindistanın Holi festivalı (bayramı)

Holi dünyanın ən parlaq və gözəl bayramlarından biri, baharın gəlişini və hind cədvəli üzrə Yüni ilin başlanmasının rəmzidir. Bu bayram (festival) hər il keçirilir və fevral ayının axırına-mart ayının əvvəlinə təsadüf edir. Holi festivalı üçün hazırlıqlar bir neçə həftə öncə başlanır. Səbirsizliklə müqəddəs bayramı gözləyən insanlar bayram tonqalı üçün odun, çırpı yığırlar. Hindistanda yaşayan insanların düşüncələrinə görə, ocağı yandırarkən onlar Holi ilahəsini yad etmiş olurlar. Hesab edilir ki, od qışdan qalan soyuğu və zalım ruhları qovmaqda köməklik edir. Həmçinin bayramqabağı binaların divarları parlaq rənglərlə boyadılır, festivalın keçirildiyi məkan isə güllər ilə bəzədilir. Parada hazırlaşan insanlar xüsusi çiləyici cihazlar və müxtəlif boyadılmış tozlar alırlar. Holi bayramı rəngarəng parad, milli mahnılar,rəqslər müşayiət edir. İştirakçılar bir-birinin üstünə boyadıcı tozu ataraq, sonra su ilə çiləyirlər. Bu rəngarəng festivalda təbəqəyə, yaşa və cinsiyyətə baxmayaraq hamı iştirak edir.

Samirə Tağıyeva,

“İki sahil”